Uşaqların müharibə qurbanına çevrilməsi yolverilməzdir

 

Avropa Parlamentinin üzvləri Azərbaycana səfərləri çərçivəsində iyulun 16-da Ağdam rayonuna gəlmişlər.

Ağdam rayonu ərazisində qonaqları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları qarşıladılar.

Ağdam Rayon İcra Hakimiyyətində Avropa Parlamentinin üzvləri ilə görüş keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov qonaqlara Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş insanların problemləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Ağdam rayonu 1993-cü ildə işğal olunmuşdur. Rayonun 180 min əhalisindən 50 mini Bakıda, 90 min nəfəri Ağdamın işğal olunmayan ərazisində, qalanları isə respublikamızın 62 rayonunda məskunlaşmışlar. Qeyd olunmuşdur ki, Azərbaycan dövləti öz imkanları hesabına qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Təkcə Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınmışdır.

N.Sadıqov bu gün də atəşkəs rejiminin ermənilər tərəfindən tez-tez pozulmasından, bu ilin martında 9 yaşlı Fariz Bədəlovun erməni snayperinin gülləsinə tuş gəlməsindən, bir neçə gün bundan əvvəl isə Tovuz rayonunun Əlibəyli kəndində 13 yaşlı qızın faciəli şəkildə öldürülməsindən narahatlığını diqqətə çatdırmış, bu səfərin müsbət nəticələnəcəyinə inamını ifadə etmişdir.

Sonra Avropa Parlamentinin üzvləri 2010-cu ilin noyabrında Quzanlı kəndi ərazisində məcburi köçkünlərin istifadəsinə verilmiş yeni qəsəbəyə gəldilər.

Diqqətə çatdırılmışdır ki, qəsəbənin açılışında Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişlər. Qəsəbədə 689 evdə 2,8 min məcburi köçkün məskunlaşmışdır.

Quzanlı qəsəbəsindəki 18 nömrəli məktəbə gələn qonaqlar Ağdam rayonunun işğaldan əvvəlki vəziyyətini əks etdirən fotoguşəyə baxmışlar. Erməni işğalı nəticəsində məcburi köçkünlərin üzləşdikləri çətinliklər barədə məlumat verilmişdir. Bildirilmişdir ki, ərazisinin 73 faizi hələ də düşmən tapdağı altında olan Ağdam rayonu 6 min şəhid vermişdir.

Məktəbin fəaliyyətindən danışan Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova qeyd etmişdir ki, 363 şagirdin təhsil aldığı məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün dövlət tərəfindən hər bir şərait yaradılmışdır. Məcburi köçkünlər BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin dərhal azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamənin hələ də kağız üzərində qalmasından narazılıqlarını qonaqların diqqətinə çatdırmışlar.

Avropalı qonaqlar məcburi köçkün Oruc Cabbarovun mənzilinə baş çəkmişlər. Ev sahibi dövlətimizin başçısının qaçqın və məcburi köçkünlərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs etmiş, ən böyük arzularının öz evlərinə qayıtmaq olduğunu bildirmişdir. O, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsindən, beynəlxalq hüququn tələblərinə məhəl qoymamasından narahatlığını bildirmiş, Avropa Parlamentinin üzvlərindən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı və rəsmi Bakının ədalətli mövqeyinə diqqətlə yanaşmağı xahiş etmişdir.

Qonaqlar Qarabağ əlili Fəxrəddin Rəhimovun evinə də baş çəkmişlər.

Sonra Avropa Parlamentinin üzvləri rayon mədəniyyət evində olmuşlar. Məlumat verilmişdir ki, burada əvvəllər hərbçilər yaşamışlar. Prezident İlham Əliyevin sərəncamı ilə Ağdam mədəniyyət evi yenidən bərpa olunmuşdur.

Bildirilmişdir ki, Qarabağ, o cümlədən Ağdam Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur və dövlət onun inkişafına daim xüsusi qayğı ilə yanaşır.

Qonaqları müşayiət edən Milli Məclisin deputatı Fuad Muradov bildirmişdir ki, son vaxtlar avropalı qonaqların cəbhə bölgəsinə səfərlərinin intensivləşməsi dövlətimizin və qeyri-hökumət təşkilatlarının Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini gücləndirmələri ilə bağlıdır. İnanıram ki, bu səfərlər tezliklə öz nəticəsini verəcəkdir.

Səfərlə bağlı təəssüratlarını bölüşən Avropa Parlamentinin Portuqaliyadan olan üzvü Xose Manuel Fernandes bildirmişdir ki, 9 yaşlı Fariz Bədəlovun erməni snayperindən açılan atəş, 13 yaşlı Aygün Şahmalıyevanın isə ermənilərin təxribatı nəticəsində həlak olmaları xəbəri bizi çox təəssüfləndirmişdir. Uşaqların müharibə qurbanına çevrilməsi yolverilməzdir. Bu faciələri Avropa Parlamentində mütləq qaldıracağam. Çünki Azərbaycan xalqı qonaqpərvər və sülhsevər xalqdır, münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Belçika Parlamentinin üzvü Alan Desteks isə Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllinin tərəfdarı olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, münaqişənin bu qədər uzanması bizi çox narahat edir. ATƏT-in Minsk qrupunun bu sahədə müsbət nəticə əldə edə bilməməsi təəssüf hissi doğurur.

Avropa Parlamentinin fransalı üzvü Qaston Franko qeyd etmişdir ki, biz bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq. Bugünkü səfərimiz zamanı bu problemin mahiyyəti ilə daha yaxından tanış olduq. Çox təəssüf edirəm ki, Azərbaycan böyük geosiyasi oyunların qurbanına çevrilmişdir. Avropa İttifaqı öz gücünü ortaya qoyaraq bu məsələnin ədalətli həllini dəstəkləməlidir. 13 yaşlı Aygün Şahmalıyevanın ermənilər tərəfindən qətli dəhşətli hadisədir və insanlığa ləkədir.

 

 

Maqsud DADAŞOV,

AzərTAc-ın müxbiri

 

Bakı-Ağdam-Bakı

 

Azərbaycan.-2011.-17 iyul.- S.4.