Uşaqlara qıyan əllər

 

Ədəbiyyat həyatımızın güzgüsüdürsə, deməli, orada deyilənlər, yazılanlar da elə həyatın özündən gəlir. Vaxtilə dünyanın hər acısını dadmış xalq şairimiz Rəsul Rza yazırdı:

 

"Bir uşağın barmağını qanatsalar,

Bir qıy vurram, göydə quşlar qanad salar..."

 

Ondan əvvəl isə başqa bir şairimizin - Əhməd Cavadın nəinki Azərbaycan, eləcə də dünya ədəbiyyatında bənzəri olmayan, kədəri, qəmi aşıb-daşan bir şeirivar. Həyatdan vaxtsız getmiş 16 yaşlı qızının xatirəsinə yazıb: "Məktəb bacıların gördülər zatən, can verən sən idin, canı çıxan mən". Övlad dağına dözə bilməyən şair qızının qəbrindən baş qaldıran otları sığallayır, sanki onlar qızının yumşaq, ətirli saçlarıdır.

Bunları yaza-yaza düşmən hiyləsinin qurbanı olan məsum bir qızı və onun yaxınlarını, xüsusilə uzaqda - Peterburqda bu xəbəri eşidən atasını təsəvvürə gətirməyə çalışın. Onun əllərini və nə vaxtsa bir də valideynlərinin öpüb sığallaya bilməyəcəyi saçlarını, bir də gülüşlərini göz önündə canlandırmağa çalışıram. Bundan dəhşətli, bundan kədərli nə ola bilər? Uşaqlar nə qədər təkrarsız olsalar da, bir o qədər də bir-birinə oxşayırlar - böyüklü-kiçikli hamısı gözəldir, təmizdir, pakdır.

Bir millət olaraq Allahın bizə bəxş etdiyi ən böyük xoşbəxtliklərdən biri də elə bizim uşaqlardır. Bu xoşbəxtliyi qorumaq, saxlamaq, əzizləmək isə hər birimizin valideyn - ata-ana, vətəndaş borcudur.

Amma neçə ildir bu xoşbəxtliyi bizdən oğurlayırlar, zorla, ölümlə, silahla əlimizdən alırlar. Ermənilər yüz illərdir bizə övlad acısını yaşadırlar. Çünki nəyi bilməsələr də, bunu gözəl bilirlər - atanı öldürmək istəyirsənsə, uşağını məhv elə, milləti məhv eləmək istəyirsən, balalarını zəlil elə! Bir vaxtlar - ötən əsrin əvvəllərində, Ərzurumda, Vanda, Sivasda ermənilərin mindən artıq körpəmizi boğaraq öldürdüklərini yada salın. Bir az əvvəl indiki Ermənistan ərazisindəki kəndlərimizdə, şəhərlərimizdə uşaqlarımızı quyulara töküb, borulara doldurub məhv etdikləri də hələ heç kəsin yadından çıxmayıb! Soyumuza, kökümüzə qənim kəsilənlərin lap yaxınlarda Şuşada, Xocalıda, Laçında, Ağdamda... törətdikləri, Zori Balayanların uşaqlarımızı divara mıxlayıb dərisini "ləzzət" ala-ala necə soyduğu barədə yazdıqları da yaddaşlardadır.

Ermənistanın baş psixiatrı Samvel Torosyan dəhşətli bir faktı açıqlayaraq yazır: "Bu gün hər dörd ermənidən biri bu və digər dərəcədə stresə, müxtəlif psixi pozuntulara və əqli natamamlığa mübtəladır. Küçələrdə heç bir xüsusi qeydiyyata alınmamış on minlərlə belə insan dolaşmaqdadır".

BMT-nin İrəvan bürosu da bu faktlara toxunaraq qeyd edir ki, "psixi cəhətdən xəstə insanların sayının belə sürətlə artması həyat səviyyəsinin həddən artıq aşağı olması, Dağlıq Qarabağ probleminin həll olunmaması və yalançı millətçiliklə izah olunur" (Quram Marxulia, Şabnam Nurieva. "Mnoqostradalğnaə Armeniə" - mifı i realğnostğ. Baku, 2011).

Gördüyümüz kimi, ortada bir psixi xəstəlik, dəlilik faktoru da var. Dəlidən qorunmaqsa mütləq lazımdır. Bu uşaqları dünyaya gətirmişiksə, hər şeydən qorumalıyıq. Həm qorumalı, həm də olanları unutmamalıyıq. Çünki belə faciələri unudan, qisasını almayan xalqın, millətin də gələcəyi olmaz.

Birgörün bu dəliliyin tarixivaxta gedib çıxır: hələ 1918-ci ildə Andronikin Qarabağda tökdüyü qanlardan danışarkən böyük Üzeyir bəy yazırdı ki, dövlətimizi elə qurmalı, sərhədlərimizi elə möhkəmləndirməliyik ki, "hər dəli, qudurmuş" hücum edib istədiyi vaxt xalqımızın qanını tökməsin.

Bir də, gördüyünüz kimi, erməni quldurları özləri heç nəyi gizlətmirlər. Onların məqsədi və dəst-xətti məlumdur - birinci növbədə uşaqları, cavanları, millətin sabahını məhv etmək. Xocavənd rayonundan olan, əsirlik həyatı yaşamış bir qoca danışırdı ki, onlar aramızdan ən cavanları seçir, güllələyib şənlənir, ya da öz ölənlərinə qurban kəsirdilər. Deyəndə ki, onlara dəyməyin, bizi öldürün, gülüb deyirdilər: "Sizin dövrünüz keçib, siz indi kimə lazımsınız?! Biz onları öldürürük ki, sonradan bizi tapıb qisas ala bilməsinlər". Necə də adi, sadə və bir o qədər də dəhşətli fikirdir...

Amma gərək ki, rusların - neçə illərdir ermənilərin bacarıqla arxasında gizlənib bütün bu haqsızlıqları törətdikləri rusların, məşhur yazarlarından F.Dostoyevskinin sözləridir, deyir: Əgər bəşəriyyətin səadət sarayının tikintisində bircə uşağın da göz yaşı axıdılıbsa, o saray gec-tez yerlə-yeksan olacaq. Gərək bunu "böyük Ermənistan" qurmaq həvəsinə düşüb uşaq qatilinə çevrilənlər unutmasınlar. Axı "Məqsəd həmişə vasitəyə haqq qazandırmır". Bir də xristianlığın qızıl qaydalarından biridir: daşları atmaq vaxtı olduğu kimi, o daşları yığmaq vaxtı da var. Yəni onun da vaxtı gec-tez çatacaq.

Bütün bu olanlara baxaraq bizə qalan dönə-dönə düşünmək və həddən artıq ehtiyatlı olmaqdır. Yəqin dəliliyin məntiqi yoxdur. Yoxsa dövlət başçıları arasında Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqların intensivləşdiyi bir vaxtda növbəti bir uşağımızın - 13 yaşlı Aygünün həyatına qəsd etməyin adı nədir? Dəlilik, ya qana susamışların izah olunmayan nifrəti. Unutmayaq ki, nifrət də xəstəlikdir. Dəlilik bəlkə də sağalar, amma o, sağalmaz. Qədim yunan filosofu Aristotel - Ərəstun əbəs yerə deməyib: "Qəzəb vaxtla, zamanla müalicə olunub keçər, nifrəti isə sağaltmaq mümkün deyil".

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2011.-17 iyul.- S.4.