Qaçqın və məcburi
köçkünlər mövzusu medianın
diqqət mərkəzindədir
Azərbaycanın
sürətli sosial-iqtisadi
inkişafının əsas xarakterik
xüsusiyyətlərindən biri yaşanan tərəqqinin hər bir vətəndaşının həyatında
öz əksini tapması, insanların rifah halının günü-gündən
yaxşılaşmasıdir. Əhalinin pul
və digər maddi gəlirlərinin
davamlı şəkildə çoxalması, əməkhaqqı
və pensiyaların, eləcə də büdcədən
maliyyələşən insanlara ödənilən
vəsaitlərin Prezident İlham
Əliyevin müvafiq sərəncamlarına
əsasən vaxtaşırı artırılması və bu qəbildən olan digər
amillər ölkədə sosial sferada vəziyyətin daha
da yaxşılaşmasını xarakterizə
edən mühüm parametrlərdəndir.
Əldə
edilən bu uğurlar
Ermənistanın işğalçılıq siyasəti
üzündən öz doğma
yurd-yuvalarını tərk edərək qaçqın və
məcburi köçkün həyatı
yaşamağa məcbur olan
insanların yaşayış durumuna və
sosial vəziyyətinə də təsirsiz
ötüşmür. MDB, eləcə də Avropa
məkanında qaçqın və məcburi
köçkünlərin sayına görə ilk yerlərdə gələn dövlətlərdən
biri olmasına baxmayaraq,
Azərbaycan bu kateqoriyadan
olan insanların həyat səviyyəsinin
yaxşılaşdırılması baxımından ən fəal
siyasət yürüdən və yüksək nəticələr
əldə edən ölkələrdən hesab
olunur. Bu gün də qaçqın və
məcburi köçkünlərin yaşayış səviyyəsinin
daha da
yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən
birini təşkil edir
və göstərilən istiqamətdə uğurlu
nəticələrin əldə olunduğu
beynəlxalq miqyasda da
açıq etiraf edilir.
Qaçqın və
məcburi köçkünlərin sosial
problemlərin həlli, mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına paralel
olaraq onların məşğulluq problemlərinin
həllində də kompleks addımlar
atılır. Bu kontekstdə Prezident İlham Əliyevin 2004-cü il
1 iyul tarixli sərəncamı
ilə təsdiqlənmiş "Qaçqınların və
məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı" xüsusi qeyd
olunmalıdır. 2007-ci ildə həmin sərəncama əlavələr edilib və
buna müvafiq olaraq qaçqınların və məcburi
köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da
yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata
keçirilib və keçirilməkdədir.
Ümumiyyətlə, görülən tədbirlər nəticəsində
son 10 ildə ölkənin
ayrı-ayrı şəhər və rayonlarında
qaçqın və məcburi köçkün
ailələri üçün 70-ə qədər
yeni qəsəbə salınıb. Qəsəbələrdə 20 min
mənzil, yüz minlərlə kilometr su, elektrik,
qaz xətti, yollar
çəkilib, 100 min nəfərdən çox soydaşımız yeni
evlərə köçürülüb,
130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla
rabitə və mədəniyyət ocağı tikilib istifadəyə verilib.
Hazırda məcburi köçkünlərin sosial
problemlərinin həlli, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində
işlər ardıcıl olaraq davam etdirilir.
Eyni zamanda, yaşayış üçün yararlı olmayan
ictimai binalarda, yataqxanalarda və digər müvəqqəti
məskunlaşma yerlərində ağır şəraitdə
yaşayan və ciddi sosial çətinliklərlə üzləşən
məcburi köçkünlərin
qarşılaşdıqları problemlərin həlli istiqamətində
işlər davam etdirilir.
Qaçqın və
məcburi köçkünlərə göstərilən
dövlət himayəsi geniş ictimaiyyət
tərəfindən təqdir olunur,
ölkə mediasında da mütəmadi olaraq işıqlandırılır. Bu mövzuda "Azərbaycan"
qəzeti başda olmaqla,
digər mətbu orqanlar müxtəlif səpkidə
yazılar dərc edir.
İyulun 15-də Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində
Qaçqın və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsi, Mətbuat
Şurası və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə "Qaçqın və məcburi köçkünlər
mövzusu mediamızda: tarixilik, müasirlik" mövzusunda
konfrans da bu məsələyə həsr olunmuşdur. Tədbirdə Mətbuat
Şurası idarə heyətinin üzvləri,
Qaçqın və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin, respublikanın
aparıcı kütləvi informasiya vasitələrinin
nümayəndələri, köçkün
rayonların qəzet redaktorları iştirak
etmişlər. Tədbir iştirakçıları əvvəlcə
ümummilli lider Heydər
Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati
binasının qarşısındakı büstünü
və şəhidlərin xatirə kompleksini
ziyarət etmiş, önünə
çiçək dəstələri qoymuşlar.
Konfransda çıxış edən
Laçın Rayon İcra
Hakimiyyətinin başçısı Ramiz
Cəbrayılov qaçqın və məcburi
köçkünlərin problemlərinin mətbuatda geniş işıqlandırılmasına
görə media nümayəndələrinə
təşəkkürünü bildirmiş
və belə bir tədbirin məhz Taxta Körpü qəsəbəsində
keçirilməsinin mühüm əhəmiyyətindən
danışmışdır:
- Konfransın təşkili
çox mühüm bir vaxta təsadüf edir. Söhbət ümummilli
lider Heydər Əliyevin Azərbaycanda
hakimiyyətə gəlişinin 42-ci ildönümünün
tamam olmasından gedir.
Mətbuatın daim dostu
olan ulu öndər
istər SSRİ dövründə, istərsə də
müstəqillik illərində milli mətbuatın
inkişafına öz töhfələrini
vermişdir. Bunun nəticəsidir
ki, bu gün
ölkəmizdə mətbuat azadlığı sahəsindəki
mövcud vəziyyət müasir
beynəlxalq tələblərə tam cavab verir.
Daha sonra belə bir
tədbirin milli mətbuatın 136-cı ildönümü ərəfəsində təşkil
edilməsinin əhəmiyyətindən danışan Mətbuat
Şurasının sədri Əflatun Amaşov
mətbuatın vətənpərvərlik ənənələrinə
sadiq qaldığını xüsusilə
qeyd etmişdir. Əflatun
Amaşov həmçinin ölkə mətbuatının
qaçqın və məcburi köçkünlərin
problemlərinə yanaşma üslubunun xarakteristikasını da vermişdir:
- Bu sahədə çoxsaylı işlər
görülsə də, problemlər tamamilə aradan qaldırılmamışdır. Məhz
mövcud problemləri köklü
şəkildə həll etmək üçün
media peşəkarlığının
artırılmasına ehtiyac var.
Qaçqın
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin təmsilçisi Sənan
Hüseynov, Beynəlxalq Avrasiya
Mətbuat Fondunun sədri Umud
Rəhimoğlu, "İki Sahil" qəzetinin baş
redaktoru Vüqar Rəhimzadə,
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev,
"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və
başqaları tədbirdə çıxış edərək
qaçqın və məcburi köçkün
mövzusunun KİV-də
işıqlandırılmasından, mövcud
olan problemlərdən
danışmışlar.
Qeyd edək ki,
sözügedən tədbir həm də
"Laçın" qəzetinin 80 illik
yubileyinə təsadüf etmişdir. Baş nazirin müavini,
Qaçqınlar və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənovun yubiley münasibətilə
qəzetin kollektivinə təbrik məktubu oxunmuş,
bu münasibətlə sözügedən
qəzetə Mətbuat Şurası və Qaçqınlar və
Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin birgə təsis etdiyi diplom və kompyuter verilmişdir. Eyni zamanda, qaçqın
və məcburi köçkün
rayonlarında çıxan qəzetlərin hər biri 500 manat pul mükafatı və diplomlarla
təltif edilmişdir.
Tədbirdə
"Azərbaycan" qəzeti də qaçqın və məcburi
köçkün mövzusunu
mütəmadi və dolğun
işıqlandırdığına görə diplomla təltif edilmişdir.
Elçin CƏFƏROV
Azərbaycan.-2011.-17 iyul.-S.4.