Dinsizlik
Bir gün gələn bir gün gedir. Həyatın
axarı belədir. İnsan bu dünyaya gələndə
sevinirik, o dünyaya köçəndə kədərlənirik.
Ayrılıq ağırdır. Amma bununla barışmaqdan
başqa çarə yoxdur. Bu dünyada qalanların vəzifəsi
isə gedəni son mənzilə yola salmaqdır. Özü də
necə? Müsəlman olduğumuza görə şəriət
qaydalarına əməl etməklə!
Təəssüf ki, son vaxtlar dəfn, yas
mərasimlərinin keçirilməsi ictimaiyyətdə ciddi
narahatlıq doğuran məsələ kimi gündəliyə
gəlmişdir. Ölü sahibi mərhumun dəfni
üçün qəbir yeri tapmaqdan tutmuş yas mərasiminin
keçirilməsinədək əzab-əziyyətlə dolu
bir prosesi yaşamalı olur. Xüsusilə Bakı şəhərində
bu problem artıq ciddi xarakter almışdır. Məlum səbəblər
ucbatınqdan paytaxtın əhalisi xeyli artmışdır.
Bakının hazırkı infrastrukturu bu qədər əhali
üçün açıq-aşkar azlıq edir. O cümlədən
mərhumları dəfn etmək üçün qəbiristanlıqda
yer almaq üçün dəridən-qabıqdan
çıxmaq lazım gəlir. Mövcud qəbiristanlıqlar
doludur, yer qıtdır. Yeni qəbiristanlıqlar da elə
çox deyil. Amma ölünü dəfn etmək
lazımdır! Müsəlmanın cənazəsi ortada qala
bilməz. Bax elə buradaca dinsizlik başlayır. Qəbir
yeri almaq üçün ölü sahibinin qəbiristanlığın
rəhbərliyinə rüşvət verməkdən
başqa yolu qalmır. Qəbir yerini satmaq isə haramdır!
Hələ bu harasıdır? Ən
çətini yas mərasiminin keçirilməsidir. Yası
yola vermək üçün yer tapmaq, yaxud çadır
qurmaq və ehsan verməkdən ötrü külli miqdarda xərc
çəkmək lazım gəlir. Məbləğlər
böyükdür, həm də müxtəlifdir - baxır
olü sahibinin imkanına. Kasıb vəziyyətdən
çıxmaq üçün son qəpiyindən belə
keçməli olur, hətta başqalarına ağız
açıb borca-xərcə düşür. Varlının
isə heç bir çətinliyi olmur. Əksinə,
hansı var-dövlətin sahibi olduğunu nümayiş etdirmək
üçün əlinə, bir növ, fürsət
düşür. Açdığı yas süfrəsində
bircə quş südü çatışmır: cürbəcür
yeməklər, şirniyyatlar, meyvələr, içkilər...
Elə bil ki, ərzaq məhsulları sərgisidir! Guya ki,
bununla mərhumu çox istədiyini sübut etmək istəyir.
İfratçılıq, israfçılıq baş
alıb gedir. Özü də bütün bunları din
adına edir.
Doğrudanmı bütün bunların dinə,
şəriətə dəxli var? Əslində isə dini
baxımdan vəfat edən müsəlmanı son mənzilə
yola salmaq üçün dörd əməli yerinə yetirmək
vacibdir: qüsl, kəfən, cənazə namazı və dəfn.
Ölü sahibinin mərhumun ruhuna ehsan vermək haqqı var.
Amma dəfndən sonra ehsan vermək kimi bir hökm yoxdur. Ehsan
yaxşılıq mənasındadır. Ehsan kasıblara
verilməlidir. Elə isə yas mərasimi keçirib
kasıba da, varlıya da ehsan vermək nə dərəcədə
düzdür? Bir də görürsən ki, yas məclisinə
gələn varlı-hallıları ayrıca əyləşdirir,
onlara başqalarından fərqi, "xüsusi xidmət"
göstərirlər. Bilmək olmur ki, bu, yas mərasimidir,
yoxsa qonaqlıq. Axı qonaqlıq vermək üçün
restoran, kafe kimi başqa yerlər var! Varlı şəxs bu
cür hərəkəti ilə başqalarına pis nümunə
göstərir. Digər sərvət sahibləri də
yarışa girirmiş kimi ondan geri qalmaq istəmirlər. Beləcə,
yeni "ənənə"nin əsası qoyulur və bu
"ənənə" getdikcə bütün cəmiyyətə
sirayət edir.
İslam dininin israfçılığa,
yersiz xərc çəkməyə münasibəti isə
birmənalıdır. Ulu Tanrı müqəddəs
Kitabında buyurur: "Yeyin-için, lakin israf etməyin,
çünki (Allah) israf edənləri sevməz!" (Əraf,
31). Yaxud: "Qohum-əqrəbaya da, miskinə də,
müsafirə də haqqını ver. Eyni zamanda sağa-sola
da səpələmə! Həqiqətən, sağa-sola səpələyənlər
şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə
qarşı nankordur!" (İsra, 26-27). Peyğəmbərimiz
Məhəmməd salavatullah buyurur: "Ye, iç, geyin və
sədəqə ver! Ancaq israf etmə və qürrələnmə!"
Qurani-kərimin başqa ayələrində, həmçinin
digər hədislərdə də israfçılıq
birbaşa qadağan edilir. Elə isə Allahın buyruğuna
əməl etməyib qadağan etdiyi yolla getmək dinsizlik
deyil, bəs nədir?
İsrafçılar bununla da kifayətlənmirlər.
Bu gün qəbiristanlıqlarımız açıq səma
altında heykəltaraşlıq emalatxanasını
xatırladır. Burada da "yarış" gedir - qəbirüstü
abidələr "yarış"ı. İmkandan
asılı olaraq adi başdaşı qoyanlar da var, bir-birindən
dəbdəbəli heykəllər ucaldanlar da. Qınayan
olmasa, qəbirüstü villalar da tikərlər.
Bütün bunların isə qəbirdə uyuyanlara heç
bir dəxli yoxdur. Axı onlar bu dünyada deyil, haqq
dünyasında, Tanrının dərgahındadırlar! Elə
isə bu dəbdəbə kimə lazımdır?
Dinimiz bütün vəziyyətlərdə
orta mövqe tutmağın tərəfdarıdır. Yenə
də müqəddəs Kitabımıza müraciət edək.
Allah-taala buyurur: "Onlar xərclədikdə nə
israfçılıq, nə də xəsislik edər, bu ikisinin
arasında orta bir yol tutarlar" (Furqan, 67). Yaxud: "Nə əldən
çox bərk ol, nə də əlini tamamilə aç!
Yoxsa həm qınanarsan, həm də peşman olarsan!"
(İsra, 29). Tanrının buyuruqları tamamilə
aydındır. Uca Yaradan həm
israfçılığı, həm də xəsisliyi
qınayır, müsəlmanın əməl etməli
olduğu düzgün yolu göstərir. Bu, yas mərasimlərinə
də aiddir. Yas məclisində mütləq yemək-içmək
verilməlidir? Axı bir stəkan çay da ehsandır!
Görəsən, bizdən başqa hansı müsəlman
ölkəsində bu cür "dəb" mövcuddur?
Şükür ki, bu naqis əməllərin
qarşısını almaq üçün təşəbbüslər
göstərilir. Bu mənada Naxçıvan Muxtar
Respublikasında yas mərasimlərindəki
israfçılığa yol verməmək üçün
atılmış addımlar təqdirəlayiqdir. Ölkənin
digər bölgələrində də ictimaiyyət,
ağsaqqallar tərəfindən belə addımlar
atılır və müsbət qarşılanır.
İsrafçılıq təkcə yasda
yox, toy mərasimlərində də "vüsət"
alıb. Övlad toyu görmək hər bir valideynin arzusudur. Amma
toy bədxərclik üçün əsas vermir. Hər
şeyin hədd-hüdudu olmalıdır. Bizdə isə tərsinədir.
Şadlıq evlərində qiymətlərdən
danışmağa dəyməz. Üstəlik, imkanlı
adamlar elə bil bəhsə girib daha dəbdəbəli toy
etmək üçün marafona çıxıblar:
bahalı restoranlar, bahalı müğənnilər,
bahalı toy maşınları... Hələ bununla kifayətlənməyib
xaricdən müğənni dəvət edənlər də
var. Bir nəfərin yemək-içmək haqqı da kəlləçarxa
vurur. Bir neçə saatdan sonra toy qurtarır, stolların
üstü isə yemək-içməklə doludur...
Bütün bu artıq xərci başqa xeyirxah işlərə
yönəltmək olmazmı? Axı köməyə
ehtiyacı olanlarımız da var!
Yəqin ki, yuxarıda deyilənlərə
etiraz edənlər də tapılar: öz pulumuzdur, hara xərclədiyimizi
özümüz bilərik. Belələri başa düşməlidirlər
ki, atalar demişkən, "sirkə nə qədər
tünd olsa, qabını çatladar". Var-dövlətin
axırı yoxdur. Bu dünyadan gedənlər özləri ilə
heç nə aparmayıblar. Qurani-kərimdə məhv
olmuş sivilizasiyalardan söhbət açılır və
göstərilir ki, bu mədəniyyətlərin süqutu həmin
cəmiyyətlərdəki varlı təbəqələrin
mənəvi fəsada uğramasından başlayır:
"Biz bir məmləkəti məhv etmək istədikdə
onun (naz-nemət içində yaşayan
başçılarına (Allaha itaət etməyi, iman gətirməyi)
əmr edərik. Lakin onlar (Allaha asi olub) çox pis işlər
törədərlər. Beləliklə, (o məmləkətlərə
əzab verilməsi haqqındakı) hökm vacib olar və onu
yerlə yeksan edərik" (İsra, 16).
Cəmiyyətimizdə pis "ənənə"nin
kök salmasına rəvac verənlər düşünməli,
gördükləri əməllərin mahiyyətini dərk
etməlidirlər. Onsuz da
onların bu əməllərini bəyənən yoxdur.
A.MEHDİYEV
Azərbaycan.-2011.-17 iyul.-.S.5.