ƏSGƏR ATASI
Əsgər həyatında,
cəbhədə qısa müddət bəsdir ki, tanıyasan - yoldaşın kimdir,
necə adamdır. Müzəffər kişi
ay yarım bizimlə birgə xidmət etdi, çətin günün
yoldaşı oldu. Təxminən
qırx-qırx beş gün
ərzində hamımızın ürəyinə yol tapa bildi.
Övladları
yerində əsgərlər onu nədənsə
russayağı "Batya"
çağırardılar. Müzəffər kişi
isə inciməz, o sözü
"ağsaqqal" kimi
qəbul edərdi.
Bəstəboylu
M.Əsədovun saç-saqqalı ağarmağa
başlamışdı. Aylar, illər
alnına, sifətinə, boynuna dərin
qırışlar salmışdı və hiss
olunurdu ki, ömrünü-gününü
çölçülükdə, işdə-gücdə keçirmiş, həyatın hər üzünü görmüş
adamdır. İri əsgər papağını
qaşlarınacan, qulaqlarının üstünəcən
endirərdi. Təzə kamuflyaj alıb geyinmişdi. Arıq bədəninə
altdan-üstdən keçirdiyi paltarla dizlərinə çatan
buşlatının altında elə bil nəyisə
gizlətmişdi. Söhbət düşəndə "soyuqla zarafat eləmək olmaz, oğul, qoy bizə dəyən soyuq
paltara dəysin",- deyirdi.
"1993-cü ilin soyuq noyabr
ayı idi, - Lənkəranın Boladi kənd sakini Vüqar Mirzəyev xatırlayır. - Tezliklə
cəbhəyə yola düşməliydik.
"Batya"yla həmin
günlərdə tez-tez hərbi
komissarlığın həyətində
rastlaşırdıq. Cavanlar
başına toplaşıb ondan soruşdular ki, kimi yola salır? Batya özü ərizə
verib könüllü
cəbhəyə getdiyini dedi".
Lənkərandan
gəlmiş əsgərlərin əksəriyyətini bizim tabora verdilər. İlk gündən Müzəffər kişi təmkini ilə diqqətimi cəlb etdi və məndə özünə rəğbət
oyatdı.
Bir dəfə Lənkərandan
döyüşçülərə yardım gətirmişdilər.
Müzəffər kişi xurmanı, mandarini, limonu sanki dənə-dənə, qram-qram
böldü və bunu
hamının gözü
qarşısında etdi. "Belə
yaxşıdır, oğul, qoy heç kimin nəfsi qalmasın",- dedi.
Onda əmin oldum ki, "Batya" nə qədər
təmiz, vicdanlı adımdır. Onunla tez-tez söhbət etməyə
alışdım. Mənə əsgəri qaydada
yox, sadəcə "oğul"
deyə müraciət edərdi.
"Torpaqlarımızın
işğal olunması məni çox ağrıdırdı, oğul, - deyirdi. - Biz aciz xalq
deyilik ki, ermənilərin
qabağından qaçaq. Arada şeytan əməli
olmasaydı, bu qələti onlar eləyə bilməzdilər. Prezident Heydər Əliyevin müraciətindən
sonra özümə yer
tapmırdım. Nə eləyəsən, başına
haranın daşını tökəsən? Çox
götür-qoydan sonra
hərbi komissarlığa gəlib ərizə verdim ki, cəbhəyə
gedirəm. Yaşlı olanda nə olar, bu ağır gündə
cavanlara gərək yol
göstərək, nümunə olaq".
Müzəffər
kişi elə sakit,
elə səmimi danışırdı, sanki
demək istəyirdi: qonşuya borcum var, aparıram onu verim. Beləcə sadə,
təkəbbürsüz, borc kimi, hərəkətində igidlik-filan
axtarmadan.
Halbuki onun əməli
hər cür hörmətə, təqdirə
layiqdi. 57 yaşında bir
çətən külfəti atıb cəbhəyə getməsəydi,
kim idi onu
qınayan? Oturardı evində, balaları üçün
gündəlik bir tikə çörəyin
qayğısına qalardı. Təqaüd vaxtına nə
qalmışdı ki?
Müzəffər
kişi xalqımıza qarşı yol verilmiş ədalətsizliyə
göz yuma bilmədi.
Yaşının ötməsini özünə qalxan etmədi. "Torpaq
qeyrətini çəkmək mənə qalmayıb ki?!" demədi. Əyninə əsgər
paltarı geyinib dar
gündə vətənin müdafiəsinə qalxdı.
Yaşının ahıl vaxtında güllə
qabağına gedəndə o, nə etdiyini bilirdi.
"Uşaqlar böyüyüblər, özlərini
saxlayacaqlar. Bir
narahatlığım əsgərlikdəki
oğlumdandı",- deyə kiçik oğlu Ziya barədə
qayğılanırdı. Əyninə əsgər paltarı
geyindiyi gündən kimsəyə yük olmadan
atdığı addımın çətinliyinə mərdliklə
sinə gərirdi.
- "Düzlən!"
komandası verildimi, əsgərlərdən
tez sıraya gələrdi. Təlimdə
də cavanlarla ayaqlaşmaq
onunçün nə qədər çətin
olsa da,
tapşırılan hər işi can-başla yerinə yetirirdi.
"Batya" da
intizamlığı ilə sanki gənc əsgərlərə
demək istəyirdi ki, orduda
kimliyindən, yaşından asılı olmayaraq,
hamı komandirin əmrinə tabe olmalıdır.
Bir gün təlim mərkəzində
qopan bərk külək az
qala bölmələrimizin
qaldığı iri çadırları
aşıracaqdı. Müzəffər kişinin
özü əsgərlərin
qabağına düşüb kəndir-filan
tapdı, çadırları onlarla
birlikdə möhkəm-möhkəm bərkitdi. Hamıya da məsləhət
gördü ki, kəndirdən
kəsib götürsünlər. "Turist
gəlməmişik ki, müharibədəyik.
Birdən elə vaxt lazım olar ki, qalarsan
məəttəl. Heç kəs köməyinə
yetməz".
Əsgər
çantasını həmişə çiynində gəzdirərdi
və onun içində bıçaqdan,
patrondan tutmuş
suxarıyadək hər şey
saxlardı. "Vaxt gələr, lazım
olar" deyə işini
möhkəm tutardı. Müzəffər kişinin
bir "qəribəliyini" də unutmayacağam. Özü
ilə evdən gətirdiyi balaca iti
baltanı həmişə kəmərinə keçirib
gəzdirirdi.
- "Batya", müharibədə balta
nəyinə gərəkdir? - soruşanda
şəhadət barmağını qaldırıb
özünəməxsus təmkinlə izah
edirdi:
- Oğul, balta çox lazımlı alətdi,
çöllükdə hər an köməyinə
çatar. O da ola cəbhədə, döyüşdə.
Külək qopanda gördün
necə dadımıza yetdi!
Bir dəfə eşitdim
ki, Zövlə kəndindən ağsaqqala məktub gəlib. Orduya
qədər briqadiri olduğu
çayçılar manqasının qızları yazmışdılar.
Deyəsən, təzə briqadir təyin
etmək istəyirmişlər. Çayçı qızlar sevimli briqadirin - Müzəffər
Əsədovun yerində başqasını təsəvvür
etmirdilər və yazırdılar ki,
"səbirsizliklə yolunu gözləyirik".
Qədirbilən
çayçı qızların məktubu onu
kövrəltsə də, "Allah qoysa, müharibədən sonra"
deyə xəbər göndərmişdi.
Müzəffər
kişi əvvəllər uzun
müddət sürücü də
işləmişdi. Özünün
söylədiyinə görə, Qarabağın hər kəndində-kəsəyində
olmuşdu və o yerləri
qarış-qarış gəzdiyindən
yolunu-yolağını yaxşı tanıyırdı.
Yaşının o vaxtı olmasa da, kəşfiyyata getməyə hazır idi. "Laçında, Zabuxun
körpüsündə yolu bağlasan, elə bil
ayağını düşmənin boğazına qoymusan", -sadəlövhcəsinə deyərdi.
Tez-tez xidmətdə olan
oğlu Ziyanı yada salar, narahatlığını gizlətməzdi.
Bir valideyn kimi onu
başa düşmək çətin deyildi. Özü ahıl
çağında güllə qabağına getməyə
hazır olsa da, əsgər
oğlundan nigarançılıq onu üzürdü.
"İmkanım olsa, Ziyanı da yanıma gətirtdirərdim" deyə mənimlə
dərdləşərdi.
Yeni ili təlim mərkəzində
keçirdik. Yanvarın 3-ü idi. Gecə saat 12-də qəflətən
həyəcan siqnalı verildi və
qısa zamanda taborun əmlakını
hərbi maşınlara yükləyib Ağdam
bölgəsinə yola düşdük.
Səhərə yaxın artıq müəyyən olunmuş yerə çatmışdıq.
Buludlu hava idi, ətrafa çökmüş
duman, çiskin gah çəkilir, gah da hər yanı görünməz edirdi. Bilmək olmurdu ki, günəş haradan
çıxıb harada batır.
Ermənilər
Güllücə kəndindən aralıdakı alçaq təpəliyin üstündə mövqe tutmuş, möhkəmlənmişdilər.
Kənd təhlükə altında idi.
Düşməni geri oturtmaq
lazım idi. Əməliyyat şəraiti
aydınlaşdırıldıqdan sonra
birləşməmiz döyüşə girdi.
Üzümlüklə irəliləməli, erməni
faşistlərini arxaya, kanaldan
geriyə atmalı idik. Müzəffər
kişi də komandirin
narazılığına baxmayaraq əsgərlərin
sırasında idi.
Düşmən
hər vəchlə müdafiə olunmağa
çalışırdı. "Qrad"
maşınının, tankın, PDM-in, minomyotun mərmi yağdırmasına baxmayaraq, əsgərlərimiz duman
çökməsindən istifadə edib
erməniləri sıxışdırmağa
başladılar. İtkimiz yox idi. İşlər əla
gedirdi.
Yavaş-yavaş duman seyrəlirdi,
ətraf kinodakı kimi
aydınlaşmağa başladı. Ermənilər bundan istifadə edib aprtilleriya atəşinə düzəliş
verdilər. Düşmən mərmiləri
üzümlükdə, ətrafımızda
partlayırdı.
- "Batya" yaralandı!-
döyüşçülərimizdən kimsə qəfildən
qışqırdı.
Mina Müzəffər kişinin
lap yaxınlığına düşmüş, qəlpə onun kürəyindən və qolundan
dəymişdi.
"Batya"nın
yaralandığını görüb iki nəfərlə tez onun yanına qaçdıq, - əsgər Teymur Məmmədov danışırdı. - Özünün bıçağı ilə
dərhal paltarını kəsib yaralarını
sarıdıq. Bu vaxt tibb bacısı Tərgül Kərimova özünü yetirdi.
"Batya"nı təcili yardım maşını ilə
hospitala götürdülər".
Həmin
döyüşdə düşməni geri
atsaq da, Müzəffər
kişini sağaldıb həyata qaytarmaq mümkün
olmadı. Yaralandıqdan sonra özünü sındırmasa, gümrah aparmağa
çalışsa da, aldığı
ağır xəsarətdən gözünü
hospitalda həmişəlik yumdu.
Canını tapşırarkən dilində donmuş
və adamı kövrəldən bir kəlməni
bizə çatdırdılar: "Ziya!"
Çox çalışsa, narahatlıq
keçirsə də, əsgər oğlunu
bölməmizə gətirdə bilmədi və bu niskili özüylə son mənzilə apardı.
Bu hadisədən bir
müddət sonra qərargaha bir partiya əsgər gətirmişdilər
və zabitlər onları bölüb
yerləşdirməklə məşğul idilər.
- Komandir, zəhmət olmasa,
buraya gəlin, - deyə gizir
Loğman Sadıqov məni bir qədər aralıda toplaşmış əsgərləri
yanma çağırdı. - Burada bir əsgər var, bizim tabora
keçmək istəyir.
- Niyə məhz bizə? - deyə əsgərin
özündən soruşdum.
- Atam sizdə xidmət edib,
- deyə arıq əsgər cavab verdi. Daha sual
verməyəcəyimdən ehtiyat edirmiş kimi tez də əlavə elədi: - Atam özü çoxdan buraya dəyişdirilməyimi
istəyirdi. Yaxşı ki, indi şərait yarandı. Komandir,
xahiş edirəm, kömək edin.
- Atan kimdir? - Fikirləşdim
ki, yəqin zabitlərdən birinin oğludur.
- Müzəffər
Əsədov.
Cavab məni silkələdi, müharibədə
insan sərtləşib daşlaşsa
da, kövrəldiyimi hiss
etdim. Qarşımda nağıllardakı
kimi sanki dirilik suyunu içib cavanlaşın Müzəffərin özü dayanmışdı. Uca boylu, cəsur
baxışlı və heç vaxt ölümdən çəkinməyən
mərd siması... Müzəffər kişi
ilə söhbətlərimiz yadıma düşür.
- Yoxsa Ziyasan? - maraq hər şeyi üstələdi.
- Bəli, komandir! - əsgər kədərin sevincə bələndiyi
qürurlu səslə ucadan
cavab verdi.
- Atanın arzusu gec də olsa doğruldu, - deyə köksümü ötürürəm,
gözlərimi kimsə körməsin deyə dönüb
çadıra girirəm. "Mən istəyirəm ki, o, evinə sağ-salamat qayıtsın". Bu sözləri gündəliyimə yazıb
dəftəri örtürəm.
Əbülfət QASIMOV,
Qarabağ
müharibəsi iştirakçısı
Azərbaycan.-2011.-17
iyul.- S.5.