Mir Cəlal
yaradıcılığına yeni
baxış
2011-ci ildə
"Araz" nəşriyyatında daha bir dəyərli monoqrafiya işıq üzü
gördü. Allahverdi
Eminovun "Mir Cəlalın
poetikası" adlı 3 cildlik
kitabının I cildi oxuculara
təqdim olundu. Müəllif
monoqrafiyada görkəmli
yazıçımız Mir Cəlal Paşayevin əslində
araşdırılmamış nəsr poetikasından bəhs edir. Ədibin "Bir gəncin
manifesti", "Yolumuz
hayanadır", "Dağlar dilləndi",
"Təzə şəhər" və
"Yaşıdlarım" roman və
povestləri kitabda mükəmməl təhlil
olunub. Müəllif əsərləri
ideya-məzmun baxımından ətraflı şəkildə
izah edərək hər bir
surətə fərdi yanaşıb. Beləliklə də hər
bir obrazın daxili aləmini,
mənəviyyatını, Mir Cəlalın
dili ilə hansı fikri
ifadə etmək istənildiyini açıq şəkildə
göstərərək oxuculara ədibin
poetikasını dərindən qavramağa
kömək etmişdir.
Azərbaycan ədəbiyyatının
görkəmli simalarından olan Mir Cəlalın bədii əsərlərində
fərdi talelər ümumi bədii
kontekstdən ayrı götürülmür.
Mərdanın qardaşı Bahar, Kərimzadənin
nəvəsi Kərim və onun həmyaşıdı
Səlim - bu personajların davranışlarında
elə təsirli harmoniya yaradılır ki, oxucu onları unutmur.
Mir Cəlal poetikasında insan əxlaqının,
davranışının mənəvi-daxili dünyası
qabarıq verilib. Onun
nəsrində təkamül daim baş verib. "Mir Cəlalda insan əxlaqının,
davranışının müxtəlif aspektləri real həyat materialına əsaslanır"
- deyən müəllif yazıçının roman nəşrindən danışanların
obrazların bu baxımdan poetikasına
yanaşmamasından təəssüflənir. Araşdırmada
bir çox ədəbiyyatşünasların
- Cəfər Xəndan, Əhəd Hüseynov,
Yaqub İsmayılov və başqalarının
obyektiv təhlilləri göstərilsə
də, həmin şərhlərdə verilən fikirlərə
müəllif tənqidi münasibətini gizlətməyib.
Geniş oxucu kütləsi
üçün nəzərdə tutulan "Mir Cəlalın
poetikası" adlı kitabın bu
cildində ədəbiyyatşünas-tədqiqatçı Allahverdi Eminov unudulmaz yazıçı Mir
Cəlalın nəsr yaradıcılığının
poetikasını görməyə və göstərməyə
çalışmışdır. Yeni kitab həm də Mir Cəlalı
sevənlər üçün ən
yaxşı hədiyyədir.
Nilufər VƏLİYEVA,
BDU-nun
jurnalistika
fakültəsinin
tələbəsi
Azərbaycan.-2011.-17
iyul.-S.6.