Limonun faydası
Vətəni Hindistan sayılan limon bu gün dünya
xalqlarının süfrəsinin bəzəyidir. Bəzən
də onun faydasından çox
görünüşündən, gözəlliyindən zövq almaq məqsədilə
istifadə edilir. Əslində isə limon insan səhhəti üçün çox
faydalıdır. Loğmanlar təsdiqləyirlər
ki, limon təbiətin
ən böyük möcüzələrindəndir.
Tibb elminə məlum olan
500-dən çox virusun
45-nə limon birbaşa
təsir edir. Hətta xərçəng virusuna qarşı da limondan istifadə olunur.
Dünyanın bir çox alimləri, təbiətşünaslar,
həkimlər limonun insan
orqanizminə göstərdiyi müxtəlif təsirlər
haqqında dəfələrlə yazıblar. Bütün
bunlarla bərabər limonun
hamıya geniş məlum olmayan
müalicəvi keyfiyyətlərindən danışmaq istəyirik.
Doğrudur, hələ qədimdən Azərbaycanda
bir sıra xəstəliklərdə, eləcə
də soyuqdəymədə limonun şəfalı
təsirindən istifadə edilib. Amma onun hansı müalicəvi
xüsusiyyətlərə malik olduğu haqqında bir o qədər də ətraflı
danışılmayıb. Daxili xəstəliklərə
limonun təsiri çox
böyükdür. Hətta müxtəlif
üsullarla xaric ediləsi
mümkün olmayan zərərli
maddələr limon şirəsi vasitəsilə
əridilərək parçalanır, maddələr
mübadiləsinin normallaşmasına kömək edir. Bir məsələ də
maraqlıdır ki, limondan
yaşından asılı olmayaraq,
hamı istifadə edə bilər. Həm daxilə, həm
xaricə dərman vasitəsi kimi təsir
göstərən limonu həşəratların,
məsələn, ağcaqanadın, birənin, taxtabitinin dişlədiyi yerə
sürtdükdə qızartı sorulur,
ağrı gedir.
Bu gün tibb elmi də limonun insan immunitetini
möhkəmlədən vasitə olduğunu
təsdiqləyir. Bir çox
dünya xalqlarının təbabətində
əsas yerlərdən birini tutan limon müalicə
vasitəsi kimi istifadə olunur.
Suya qatılmış limon
şirəsi vasitəsilə burun
qanaxmalarının qarşısını almaq,
dərini göbələk, eləcə də infeksion
xəstəliklərindən müalicə etmək mümkündür. Hətta müasir
kosmetoloqlar da insan dərisində olan bir sıra xalları, çilləri yox etmək üçün
limonun möcüzəli xüsusiyyətlərindən
bacarıqla istifadə edirlər.
Ürək-damar
xəstəlikləri, hipertoniya, stenokardiya, mədə-bağırsaq, öd daşı, böyrək, şəkər
xəstəliklərində limon çox faydalıdır. Bu
gün çox insana əziyyət verən diabetdən
qurtulmağın bir yolu
da limondan müntəzəm
istifadəyə yönəlir. Dünya səhiyyəsində
təsdiqlənib ki, nəinki limonun özü, hətta
təzə dərilmiş yarpaqları, meyvəsinin
qabığından hazırlanmış şirə belə
şəkər xəstəliyində öz
faydasını göstərir. Diabetə tutulmuş
insanlar limondan belə
istifadə edə bilərlər: limon
qabığını (miqdarından asılı olaraq - 2 xörək qaşığı
çəkilmiş limon
qabığına 2 stəkan su
tökürlər) 30 dəqiqə qaynadırlar. 10 dəqiqə
saxladıqdan sonra süzürlər. Yeməkdən
əvvəl gündə 3 dəfə həmin mayeni
içmək olar. Qaraciyərin təmizlənməsində
də limon əvəzsiz vasitədir. 200 qram zeytun yağı və
200 milliqram limon
şirəsi gərəkdir. Amma burada müəyyən bir
sistemə əməl edilməlidir. Birinci gün
ac qalmaq gərəkdir,
ancaq ürəyin istədiyi qədər alma şirəsi qəbul etmək olar. İkinci gün də bunu təkrar
etmək lazım gəlir. Üçüncü
gün isə yalnız gündüz
saatlarına qədər alma şirəsi
içmək olar. Növbəti
günlərdə isə yatağa uzanaraq hər 15 dəqiqədən bir aşağıdakı qayda
ilə zeytun yağı və limon şirəsi içilməlidir: 3 xörək
qaşığı zeytun yağı və
onu içən kimi eyni miqdarda limon
şirəsini qəbul edirsiniz. Adətən,
şlaklardan qurtulmaq sutkada üç dəfə
baş verir. Bu müalicəni həyata keçirən zaman bir həftə ərzində
ət məhsullarından tamamilə imtina
edilməlidir. Qaraciyərin təmizlənməsi dörd aydan bir həyata keçirilməlidir. Bir il ərzində bu iş başa
çata bilər.
Hətta görmə
və eşitmə qabiliyyətinin
yaxşılaşdırılmasına, eləcə də yaddaşa limonun müsbət
təsiri var. Dişlərin təmizlənməsində
limon şirəsindən istifadə olunur. Ağızdan gələn pis iyi də aradan götürmək və iştahanı
artırmaq üçün gündə
sürtkəcdən keçirilmiş (bir çay
qaşığı həcmində) quru limon qabığını şəkərlə,
ya da bal
ilə qarışdırıb qəbul edirlər.
Son dövrdə az qala
əsrin bəlasına çevrilmiş hepatit xəstəliyinin də müalicəsində
sınanmış üsullardan biri də məhz limondan
istifadədir. İki qabığı soyulmuş və iki
qabıqlı limonu ət
maşınından keçirdərək ona
1 kiloqram bal və 200 milliqram zeytun yağı
qarışdıraraq qapalı şəkildə soyuducuda saxlamaq lazımdır. Alınan
qarışığı yeməkdən yarım saat əvvəl gündə üç
dəfə bir xörək
qaşığı qəbul etmək lazımdır.
Təzə
limonun qabığının ağ hissəsindən təmizləyərək
nəm hissəsi ilə gicgaha sürtməklə
başağrısını kəsmək olar.
Əgər həmin yerdə qaşınma və isitmə hiss olunarsa, bu, limonun müsbət təsirini
göstərir.
Dərinin tərləməməsi
üçün limon
şirəsindən də istifadə edilir.
Məsələn, yatmazdan əvvəl ayaq barmaqlarını ilıq suda
yuyub limon kəsikləri
ilə sürtmək və quruyanadək gözləmək
lazımdır. Bir həftə bu cür etdikdə heç vaxt ayaqda tər olmur.
Saçların tökülməməsi üçün
də limon şirəsindən istifadə
edilir. O cümlədən saça
düşmüş kəpəkdən də
xilas olmaq üçün limon çox gərəkli vasitədir. Bu "sarı gözəl"in dilimlərini
saçın dibinə sürtmək olar.
O, həm də qaşınmanı aradan
götürəcək. Gündə bir dəfə
1 litr ilıq suya 2 çay qaşığı limon
şirəsini qatıb saçları bir
neçə dəfə yaxalayırsan. Hətta
dırnaqların möhkəmləndirilməsində də limondan istifadə olunur. Fincana bir qədər bitki yağı töküb
ona 3 damcı limon
şirəsi əlavə edib
qarışdırılır. Sonra
barmaqları onun içinə salıb beş dəqiqə saxlayırlar.
Çıxardıqdan sonra mütləq
salfetlə silmək lazımdır. Bir
neçə saat ərzində bunu təkrarlamaq yetər, amma
bu müddət ərzində əlləri
yumaq olmaz.
Ümumiyyətlə,
limon süfrədən əskik
olmamalıdır. Təkcə xəstələr yox, sağlam insanlar da limondan
istifadə etməlidirlər. Bəzən belə gileylər də
eşidirsən ki, mən limon
qəbul edə bilmirəm, təzyiqim aşağı düşür. Limon
şirəsi ilə əlaqədar yarana
bilən fəsadları həkimlər də istisna
etmir. Adətən, öskürək, ifraz funksiyalarının pozulması zamanı insan öz orqanizminin
hansı vəziyyətdə olduğunu dəqiq
müəyyən etməlidir. O şəxslərin ki, mədələrində normadan
artıq turşuluq və orqanizmlərində
turşu reaksiyası müşahidə olunur, gərəkdir ki, onlar əvvəlcə tərəvəz
şirələrindən yetərincə istifadə etsinlər.
Ondan sonra limona keçmək olar.
Maraqlıdır
ki, limon
ağacını ev şəraitində də
dibçək gülləri kimi becərmək
mümkündür. Ən azından
yaşıl yarpaqların arasında "sarı gəlin"
kimi nazlanan limondan duyduğumuz zövq həm də bizə xoş
ovqat gətirəcək. Doğrudur, bu bağlar gözəlini
qəfəsə salmaq, yəni evdə becərmək,
ona qulluq etmək o qədər də asan deyil. Amma elə çətinliyi
də yoxdur. Çalışıb "dilini" tapmaq gərəkdir.
Limon ağacı rütubəti sevir. Vaxtında suyunu verməsən
quruyar, yaxud da çiçək açıb bar verməz. Həddən artıq su versən çürüyər. Şirin "çay"ı da
(qaynanmamış soyuq suya
bir qədər şəkər qatmaq gərəkdir) çox
sevir limon. Bütün canlılar belədir. Diqqət,
qayğı, məhəbbət, rəğbət, hətta arada zümzümə ilə əzizləmək
olarsa, mütləq bəhrəsini
göstərəcək. Günəşi xatırladan limon insanın dostudur. Gəlin,
ondan müntəzəm istifadə edək!
O, insana təkcə sağlamlıq deyil, həm də gözəllik, yüksək
ovqat bəxş etmək qüdrətinə
malikdir!
Flora XƏLİLZADƏ
Azərbaycan.-2011.-17
iyul.- S.6.