Qəbələdə
pianoçuların II Beynəlxalqmüsabiqəsinin ilk turu başa
çatmışdır
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Qəbələdə keçirilən III Beynəlxalq
musiqi festivalı çərçivəsində
pianoçuların II Beynəlxalq müsabiqəsi müvəffəqiyyətlə
davam edir.
AzərTAc xəbər verir ki, iyulun 16-da
"Qafqaz Resorte" otelində müsabiqənin birinci turuna
yekun vurulmuşdur.
İki gün davam edən birinci turda 9
ölkədən 15 pianoçu-Andrey Yaroşinski (Rusiya),
Yelena Smirnova (ABŞ), Van Lin (Çin), Abdiel Yarquez (Meksika), Nərgiz
Kəngərli (Azərbaycan), Mizuho Nakada (Yaponiya), Toğrul
Adiloğlu (Azərbaycan-Türkiyə), Eren Yahsı, Eren
Aydoğan (Türkiyə), Fatimə Əliyeva (Rusiya-Azərbaycan),
Ketevan Cakarataşvili, Aleksandr Vaşadze, Anna Kipiani, Daniel
Kontuaşvili (Gürcüstan) və Aleksandr Samoilov (Ukrayna)
bacarıqlarını nümayiş etdirmişlər.
Müsabiqə
iştirakçılarının hər biri ümumilikdə
20 dəqiqə olmaqla 3 əsər ifa etmişdir. Gənc
pianoçular dünya şöhrətli bəstəkarlardan
İ.S.Baxın "Prelüd və Fuqa" əsərini,
V.M.Motsart və Y.Haydnın "Sonata"sını,
F.Şopenin "Virtuoz etüdü"nü səsləndirmişlər.
Sonda amerikalı pianoçu, BMT
yanında Beynəlxalq İncəsənət
Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard
Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın rəhbərliyi
ilə 11 ölkədən məşhur musiqiçilərin təmsil
olunduğu münsiflər heyətinin qərarı
açıqlanmışdır. İlk turda 15 nəfərdən
4-ü müsabiqəni tərk etmişdir.
İyulun 17-18-də keçiriləcək
müsabiqənin ikinci turunda iştirak etmək hüququ
qazanan 11 gənc pianoçu sırasında Nərgiz Kəngərli
və Fatimə Əliyeva da vardır.
İyulun 21-22-də keçiriləcək
finala vəsiqə qazanan pianoçular Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə
konsert verəcəklər.
Azərbaycan.-2011.-17
iyul.-S.6.