Avropa Parlamenti ilə əlaqələr genişlənir

 

İyulun 15-də Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Parlamentinin nümayəndə heyətini qəbul etdi.

Sədr qonaqları salamlayaraq ümidvar olduğunu bildirdi ki, birgə səylər nəticəsində ölkəmizlə Avropa İttifaqı və Avropa Parlamenti arasında mövcud olan əməkdaşlıq daha da dərinləşəcək, yeni məna kəsb edəcəkdir. Əgər əvvəllər əlaqələrimiz Avropa İttifaqı tərəfindən yardımlar səviyyəsində qurulmuşdursa, bu gün münasibətlərimiz qarşılıqlı, faydalı əməkdaşlıq səviyyəsinə yüksəlmişdir.

Sədr xüsusi vurğuladı ki, Avropa İttifaqı və quruma üzv olan ölkələrlə əlaqələrin daha da dərinləşməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Biz Avropa qurumları ilə iş birliyini bundan sonra da genişləndirmək niyyətindəyik. Əlaqələrimiz "Avropa Qonşuluq Siyasəti" və bu siyasətin tərkib hissəsi olan Şərq Tərəfdaşlığı vasitəsi ilə yüksələn xətlə inkişaf edir. Bu proqramın parlament ölçüsü olan Avronest Parlament Assambleyasının təsis edilməsi əməkdaşlığımızın daha yüksək səviyyəyə qalxmasına kömək edəcəkdir. Sədr belə bir inamı ifadə etdi ki, Avronest PA ona bəslənən ümidləri doğruldacaq, Böyük Avropa ailəsinin üzvləri ilə sıx birliyin yaradılmasına dəyərli töhfələr verəcək.

Söhbətdə Sədr Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini diqqətə çatdıraraq bölgənin inkişafındakı rolundan danışdı. Qeyd edildi ki, Dağlıq Qarabağ münaqişəsi regionun iqtisadi tərəqqisinə mane olmaqla yanaşı, həm də Avropa təhlükəsizlik arxitekturası üçün təhlükədir. Biz problemin sülh yolu ilə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həllinə tərəfdarıq.

Milli Məclisin Sədri Avropa Parlamentində Cənubi Qafqazda vəziyyətlə əlaqədar qəbul olunmuş qətnamədə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsini yüksək qiymətləndirdi. O, ümidvar olduğunu bildirdi ki, beynəlxalq birliyin səyləri nəticəsində problem tezliklə öz ədalətli həllini tapacaqdır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Avropa Parlamentinin üzvü Franko Qaston Milli Məclisdə olmaqlarından şərəf duyduqlarını ifadə etdi. Bildirildi ki, Avropa Parlamenti Qafqazın bu ölkəsi ilə əlaqələrin inkişafına böyük önəm verir. Qurum təkcə enerji sahəsində deyil, parlamentlər səviyyəsində, mədəni, humanitar sahələrdə əməkdaşlıqda da maraqlıdır.

Avropa Parlamentinin üzvləri Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əlaqələrin inkişafı, Avronest PA-nın fəaliyyəti barədə fikirlərini bölüşdülər.

Söhbətdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparıldı.

Görüşdə Milli Məclisin Avronest PA-da nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, Avropa Parlamentinin üzvləri Ferreira Fernandes Xose Manuel, Alain Desteks və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 

Milli Məclisin mətbuat xidməti

 

Azərbaycan.-2011.-16 iyul.-S.2.