Bakıda "Xəzər Enerji Dialoqu-2011" Beynəlxalq qaz konfransı keçirilmişdir
İyulun 15-də "Park
İNN-Azərbaycan" mehmanxanasında 5-ci Bakı Yay Enerji Məktəbi
çərçivəsində "Xəzər Enerji Dialoqu-2011" Beynəlxalq qaz konfransı keçirilmişdir.
Xarici işlər nazirinin
müavini, Azərbaycan Diplomatik
Akademiyasının (ADA) rektoru Hafiz Paşayev "Xəzər
təbii qazı: cari tendensiyalar
və gələcək ssenarilər" mövzusuna
həsr olunan konfransın əhəmiyyətindən
danışmışdır.
Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə uğurlu
enerji siyasətinin həyata keçirildiyini vurğulayan
rektor bu siyasətin təməlinin
ulu öndər tərəfindən qoyulduğunu bildirmişdir.
"Azərbaycanın xarici
siyasəti ilə enerji siyasəti bir vəhdət yaratmışdır", -
deyən H.Paşayev ölkəmizin
uğurlarının məhz enerji siyasətində
həyata keçirilən addımlarla çox
sıx əlaqəli olduğunu diqqətə
çatdırmışdır. ADA hazırda enerji məsələlərinə xüsusi diqqət yetirir və
gələcəkdə də yetirəcəkdir.
Sonra çıxış edən Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin
(ARDNŞ) prezidenti Rövnəq Abdullayev demişdir ki, enerji təhlükəsizliyi
və beynəlxalq bazara inteqrasiya
məqsədi ilə enerji
resurslarının nəqlində şaxələndirmə məsələləri
qurumun əsas prioritetlərindəndir.
Ölkəmizdə
həyata keçirilən layihələrdən danışan
R.Abdullayev bildirmişdir
ki, 1999-cu ildə kəşf olunmuş "Şahdəniz"
yatağının ehtiyatları 1,2 trilyon
kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilir,
hazırda burada gündəlik hasilat təxminən 23 milyon
kubmetr qaz və 5 min ton kondensatdır. Artıq yatağın ikinci mərhələsinin işlənilməsinə
hazırlıq gedir. Bu mərhələ üzrə
inkişaf konsepsiyasına əsasən əlavə
hasilat ildə minimum
16 milyard kubmetr səviyyəsinə
çatdırılmalı, 30 hasilat quyusu istismara verilməli, yeni platforma və kommunikasiya sistemləri tikilməlidir. İkinci mərhələ üzrə ilk qazın hasil
olunması 2017-ci ilə planlaşdırılır. Layihənin
müvəffəqiyyətlə həyata keçirilməsi
respublikanın daxili tələbatının
ödənilməsinə və Azərbaycanın qaz idxal edən ölkədən
qaz ixrac edən
ölkəyə çevrilməsinə imkan
vermişdir.
Həyata
keçirilən tədbirlər nəticəsində qaz hasilatı 2004-2010-cu illərdə 5,2 dəfə
artaraq 5 milyard kubmetrdən
26 milyard kubmetrə
çatdırılmışdır. Aparılan hesablamalara əsasən, Azərbaycanın təsdiq
olunmuş çıxarıla bilən karbohidrogen ehtiyatları şərti yanacaqla 4,2 milyard ton, proqnoz karbohidrogen
resursları isə 10 milyard ton həcmindədir. Araşdırmalar göstərir
ki, bu gün
respublikanın quru və dəniz əraziləri
üzrə qazmaya hazırlanmış fondda 40-a yaxın struktur
vardır.
ARDNŞ-in daxili resurslar hesabına "Ümid"
perspektiv strukturunda uğurlu nəticə əldə etdiyini vurğulayan
şirkətin prezidenti yatağın
çıxarıla bilən ehtiyatlarının 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmində
qiymətləndirildiyini də diqqətə
çatdırmışdır.
Ölkəmizdə
digər böyük perspektiv
qaz yataqlarının da
olduğunu deyən R.Abdullayev
qeyd etmişdir ki, görülən işlər, eləcə
də perspektiv strukturların potensialı
nikbin proqnozlar üçün əsas verir.
Artıq 2015-ci ildə ölkə üzrə qaz
hasilatının 30 milyard kubmetrə
çatdırılacağı nəzərdə tutulur. Bu isə, regionun və Avropa
İttifaqı ölkələrinin enerji
təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunu qarşıdakı illərdə daha da artacaqdır.
Sonra konfrans işini
bölmə iclasları ilə davam etdirmişdir. İclaslarda
xarici ölkələrin bu
sahə üzrə səlahiyyətli nümayəndələri,
ekspertlər regionun enerji
sahəsində həyata keçirilən siyasətin mövcud vəziyyəti və perspektivlərini
müzakirə etmişlər.
Konfrans Yay Enerji Məktəbinin son günündə
keçirilmişdir. Ümumilikdə yay məktəbində
17 ölkədən 41 nəfər
iştirak etmişdir.
AzərTAc
Azərbaycan.-2011.-16
iyul.-S.2.