Azərbaycan ilə Avropa Parlamenti arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur

 

İyulun 15-də xarici işlər naziri Elmar Məmmədyarov Avropa Parlamentinin üzvləri Qaston Franko, Xose Manuel Fernandez və Belçika Parlamentinin üzvü Alan Desteks ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqları salamlayan nazir E.Məmmədyarov Azərbaycanda bütün sahələrdə gedən sürətli inkişaf prosesi və ölkəmizin regionda artan rolu barədə məlumat vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara toxunan nazir Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birmənalı olaraq çıxarılmasının zəruriliyini bildirmişdir. Vurğulamışdır ki, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və bu tələbi əks etdirən bir sıra sənədlər bunun üçün hüquqi əsas təşkil edir.

Ölkəmizdə olmalarından məmnunluq hissi keçirdiklərini deyən qonaqlar Azərbaycan ilə Avropa Parlamenti arasında əlaqələrin inkişaf etdirilməsinin, əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışlar. Qonaqlar Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidvar olduqlarını bildirmişlər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2011.-16 iyul.-S.2.