Rumıniyalı qonaqlar
Qobustan Milli Tarix-Bədii Qoruğunda
olmuşlar
Buxarest şəhərinin
ikinci sektorunun meri, Rumıniya Bələdiyyələr Assosiasiyası
sədrinin müavini Nekulay Ontsanunun başçılıq etdiyi
hakim Demokrat Liberal Partiyasının
nümayəndə heyəti
Azərbaycana səfəri
çərçivəsində iyulun 15-də Qobustan Milli Tarix-Bədii Qoruğunda olmuşdur.
Qonaqlara məlumat verilmişdir
ki, Bakıdan 65 kilometr məsafədə yerləşən Qobustan Azərbaycanın qədim
tarixinin yadigarlarından
biridir. Qoruq bu ərazinin üst paleolit və mezolit dövrlərinin ilk
ovçu qəbilələrinin,
neolit dövrünün
ilk maldarlarının məskəni
olmasını sübut
edən abidədir.
Ərazidə aparılmış tədqiqatlar nəticəsində
mindən çox qayanın üzərində
altı mindən artıq təsvir qeydə alınmışdır.
Burada
40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi-mədəniyyət
nümunəsi tapılmışdır.
Qobustan qayalarında insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş
və ov səhnələri təsvir
edilmişdir. Oyma, sürtmə,
çapma və cızma üsulları ilə çəkilmiş
təsvirlərin ən
qədimləri eramızdan
əvvəl VIII minilliyə
aiddir.
Diqqətə
çatdırılmışdır ki,
buradakı qavaldaş daş
dövründə yaşamış insanların istifadə
etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim Azərbaycanın
"Yallı" rəqs səhnələri təsvir olunmuşdur. Bu rəqsin uğurlu ov üçün ovsun mərasimi
olduğu vurğulanmışdır.
Qayalardakı Roma yazısı
eramızın 81-96-cı illərinə aiddir
və altı sətirdən ibarətdir. Bu, Roma imperatoru Domisianın dövründə 12-ci Roma legionunun
burada olduğunu göstərir.
Rumıniyalı qonaqların diqqətinə
çatdırılmışdır ki, 4 min hektardan artıq ərazidə yerləşən, dünya
əhəmiyyətli tarixi
abidə olan Qobustan qoruğu 2007-ci ildə YUNESKO-nun maddi-mədəni
irs siyahısına
daxil edilmişdir. Qeyd edilmişdir ki, Qobustan Milli
Tarix-Bədii Qoruğundakı
nadir qayaüstü rəsmlərin
geniş təbliğinin
xüsusi əhəmiyyətini
nəzərə alan dövlətimizin
başçısı İlham
Əliyev martın 4-də
qoruq muzeyinin yeni binasının tikilməsi üçün
Prezidentin Ehtiyat Fondundan vəsait ayrılması ilə bağlı Sərəncam
imzalamışdır.
Qədim insan məskəni
ilə tanışlıqdan
məmnun qalan rumıniyalı qonaqlar ərazidə aparılmış
tədqiqat işləri
və tarixi eksponatlarla maraqlanmışlar.
Rumıniyanın hakim Demokrat Liberal Partiyasının
nümayəndə heyəti
Qobustan Milli Tarix-Bədii Qoruğundan xoş təəssüratla
ayrılmışdır.
AzərTAc
Azərbaycan.-2011.-16
iyul.-S.2.