Baş Dövlət Yol Polisi

 İdarəsinin yeni Müayinə

 Mərkəzi istifadəyə verilmişdir

 

İyulun 14-də Maştağa qəsəbəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin yeni Müayinə Mərkəzi istifadəyə verilmişdir. Tədbirdə daxili işlər naziri general-polkovnik Ramil Usubov iştirak etmişdir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov daxili işlər naziri Ramil Usubova yeni Müayinə Mərkəzinin texniki göstəriciləri barədə məlumat vermişdir. Bildirilmişdir ki, 5 hektara yaxın ərazidə yerləşən yeni mərkəzin inşasına ötən ilin iyul ayında başlanılmış və bu ilin iyun ayında tikintisi başa çatdırılmışdır. Mərkəzdə Almaniya istehsalı olan ən müasir standartlara cavab verən müayinə avadanlığı və sistemlərı quraşdırılmışdır. Burada ümumilikdə 15 xətt, o cümlədən minik avtomobilləri üçün 12, yük avtomobilləri üçün isə 3 xətt fəaliyyət göstərir. Texniki baxış zonalarında bütün zəruri mühəndis kommunikasiya sistemləri, işıqlandırma, havalandırma, müşahidə kameraları quraşdırılmışdır. Hər xətdə 5 duracaq vardır. Birinci duracaqda nəqliyyat vasitəsinin xarici görkəmi, nömrəli aqreqatların qeydiyyat şəhadətnaməsindəki göstəricilərə uyğunluğu, ikincidə avtomobillərin mühərriklərindən atmosferə atılan işlənmiş qazların tərkibində olan zərərli tullantıların normativ standartlara uyğunluğu, üçüncüsündə nəqliyyat vasitələrinin işıq sistemi, dördüncüsündə sükan mexanizmi, beşinci duracaqda isə əyləc sisteminin vəziyyəti yoxlanılır.

Qeyd olunmuşdur ki, nəqliyyat vasitələri duracaqlardan keçdikcə hər bir məntəqədən avtomobilin texniki vəziyyəti barədə göstəricilər mərkəzi kompyuterə ötürülür. Həmin göstəricilər öz növbəsində əməliyyat zalındakı əsas serverdə emal olunur. Konveyer üsulu ilə işləyən sistem vasitəsilə gün ərzində təqribən iki mindən çox avtomobilə texniki baxış keçirilməsi mümkündür. Bu yeni sistemin tətbiqi ilə vətəndaşlar avtomobillərini 15-20 dəqiqə müddətində texniki baxışdan keçirə biləcəklər.

Daha sonra daxili işlər naziri Ramil Usubov Müayinə Mərkəzinin xidməti otaqlarına baxmış, əməkdaşların şəraiti ilə tanış olmuşdur. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin polis əməkdaşlarına göstərdiyi diqqət və qayğıdan danışaraq bildirmişdir ki, təkcə bu ilin ötən dövründə daxili işlər orqanları üçün onlarla yeni obyektlər, inzibati binalar tikilib istismara verilmişdir. Ən müasir texniki vasitələr və avadanlıqla təchiz edilmiş həmin obyektlər şəxsi heyətin şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərməklə onları xidməti vəzifə borcunun icrasına ruhlandırır, eyni zamanda polislə ünsiyyətdə olan vətəndaşların rahatlığına xidmət edir. Texniki təminat sahəsində qeyd olunan irəliləyişlər isə son nəticədə ölkəmizdə asayişin və əmin-amanlığın nümunəvi qorunmasına, cinayətkarlıqla mübarizənin davamlı olmasına imkan verir.

 

AzərTAc

 

Azərbaycan.-2011.-16 iyul.-S.3.