Uşaq qatili olan ermənilər
yenidən qan tökdülər
Ermənilərin son aylarda dünyanın bir çox ölkəsində həyata keçirdikləri əyriliklər, fırıldaqlar, quldurluqlar, terrorlar artdıqca və faş olduqca gözləmək olardı ki, onların barəsində beynəlxalq nüfuzlu təşkilatlar, qurumlar qəti tədbirə əl atacaqlar. Amma həmişə özünü "yazıq", "zavallı" libasda göstərən daşnaklar insanlığa sığmayan vəhşiliklərini davam etdirməkdə israrlıdırlar. Bu günlərdə Tovuz rayonunun indiki Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində dəhşətli hadisə baş verib. Daşnaklar oyuncağın içinə partlayıcı maddə qoyaraq çayda axıdıblar. Çay kənarında oynayan uşaqlar oyuncağı götürərək evlərinə gətiriblər. Nəticədə içində fəlakət gizlədilmiş oyuncaqda - it fiqurundakı partlayıcı qurğu işə düşərək faciəyə səbəb olub. 1998-ci il təvəllüdlü Aygün Zirəddin qızı Şahmalıyeva həlak olub, anası Elnarə Məmmədtağı qızı isə ağır yaralanıb. Ailə Rusiyada yaşayırmış. Kəndə qohumlarıgilə qonaq gəliblərmiş. Xatırladaq ki, 1994-cü ildə də həmin ərazidə analoji hadisə baş vermişdi. Ermənilər tərəfindən çaya buraxılmış oyuncağı götürərkən partlayış baş verməsi nəticəsində iki azyaşlı uşaq həlak olmuş, biri isə yaralanmışdı. Uşaq qatili olan ermənilərin növbəti qətl əməliyyatı yenə də bir ailənin səadətinə balta çaldı. Dünyanın bütün pisliklərindən xəbərsiz olan bu qızcığazın günahı nə idi?!
Ermənilər tərəfindən törədilmiş qətl hadisələrini, ağlagəlməz işgəncə növlərini araşdırarkən üzləşdiyimiz faktlar, həyata keçirilmiş vəhşiliklərin, vandalizmin, həqiqətən, analoqu yoxdur. Təkcə uşaqlarla bağlı, körpələrlə əlaqədar daşnakların həyata keçirdikləri qətl hadisələrinin xronoloji ardıcıllığını nəzərdən keçirəndə adamın az qala ürəyi dayanır. İnanmaq istəmirsən ki, insan adlı bir varlıq bu dərəcədə qəddarlığın sahibi ola bilsin. Təbiətdə də vəhşilər arasında bu cür münasibətin mövcudluğu müşahidə edilməyib. Ən nəhəng və vəhşi sayılan timsahın acgözlüklə yediyi tısbağa sayılır. Amma təbiətşünaslar yazırlar ki, timsah heç vaxt tısbağanın yavrusuna toxunmur (bu barədə səndli film də var), əksinə, onu ağzına alaraq suya salır ki, quraqlıqdan əziyyət çəkməsin. Eləcə də təsadüfən meşə sakinlərinin arasına düşən insan cocuğunu da heyvanlar öz balaları ilə birgə böyüdüblər. Haqqında kitablar yazılan, filmlər çəkilən tarzanlar, mauqlilər əfsanələrdən yox, həyatdan gələn personajlardır.
Bu il martın 8-də Ağdam istiqamətində erməni snayperi tərəfindən doqquz yaşlı uşağın - Fariz Bədəlovun qətlə yetirilməsi hamımızı sarsıtdı. Bu ağır qətl hadisəsi ermənilər üçün adi haldır. Sanki onların əli həmişə günahsız körpənin, qadının, yaşlı insanın qanına batmağa vərdişlidir. Bu qanlı tarixin vərəqlərini çevirdikcə diqqətçəkən faktlar adamı dirigözlü vahiməyə salır.
Başqa bir sənəddə oxuyuruq ki, 1918-ci ildə erməni silahlı quldurları Türkiyənin Katranlı kəndinə hücum edərək ətraf yaşayış məntəqələrini qılıncdan keçirib. Bu qanlı savaşda daşnaklar 1400 uşağı odda yandırıblar. 1918-ci il yanvar ayının 28-də Gəncənin Zağalı kəndində ermənilər 15 uşağı vəhşicəsinə qətlə yetiriblər. Həmin il Şamaxıda qırğınlar törədən daşnaklar 1277 uşağa işgəncə verərək öldürüblər. 1920-ci il yanvarın 6-da ermənilər Naxçıvanın Bılağ kəndində atəşə tutduqları yüzlərlə insanın arasında 25 uşağın həyatına nöqtə qoyublar. Elə həmin ilin müxtəlif aylarında öz torpaqlarımızda yüzlərlə uşaq ermənilər tərəfindən min bir əzabla qətlə yetirildi. Rəqəmə fikir verin: təkcə Zəngəzurda güllələnən 7729 nəfərdən 2196-sı azyaşlı uşaq olub. Faktlarla üzləşdikcə dəhşətə gəlirsən. Körpəni güllələmək, onu təndirə atmaq, yabaya, süngüyə keçirmək, şişə taxmaq, parça-parça edib quduzlara tullamaq sanki erməninin adi məşğuliyyətidir. Qanlarına, canlarına hopan bu vəhşilik illərdir ki, davam etməkdədir.
1915-ci ildə insan qanına susamış daşnaklar Qars və Ərdahan yaşayış məntəqələrindəki əhalini qılıncdan keçirərkən kiçik yaşlı uşaqların bir qismi qaçaraq gizlənməyə nail olmuşdular. O zaman bu uşaqların toplanıb xilas edilməsi müzakirəyə çevrilib. Azərbaycan mətbuatının cəfakeş yazarlarından olan Ömər Faiq Nemanzadə ürək ağrısı ilə "Yeni iqbal" qəzetində yazırdı: "Ey həmiyyətli bakılılar, ey gəncəlilər, ağdaşlılar, şamaxılılar, şəkililər, üzümü sizə tutub yalvarıram. Hər biriniz 10-12 uşaq götürüb saxlayınız. Bir düşünün, sizin qucağınıza can atan balalar kimlərdir: ev-eşiyi viran olmuş, anası, atası boğazlanmış, 11-12 yaşlı bacısı aylarla canavarların əlində qala-qala dəlilənib axırda tələf olmuş, bütün qohumu yox edilmiş, yarı canı qalmış öz millətinizin, türk millətinin balalarıdır". Sərhəddəki bu vəhşicəsinə qırğın illərlə davam etdiyindən elə ağlagəlməz bir hal alıb ki, bu uşaqları erməni caynağından xilas etmək mümkün olmayıb. Bununla bağlı Əhməd Cövdət "Açıq söz" qəzetində yazırdı: "Anadoludan ölüm sədaları gəlir. Anadoludan uşaqların ah-nalələri, iniltiləri eşidilir. İrz yox, namus yox. Balta, dəmir, tüfəng süngüsü ilə, daş-qaya ilə, qurğuşunlarla qırırlar. Canım, insan deyilmi bunlar?" Təəssüf ki, bugünə kimi bu sualların cavabı hələ də tapılmayıb.
Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin istintaq materiallarında göstərilib ki, 1988-ci ildə azərbaycanlılar öz dədə-baba yerlərindən zorla qovulduqda 216 soydaşımız qətlə yetirilib. Həlak olanların arasında 23 uşağın olduğu bildirilib. Aparılan araşdırmalar göstərdi ki, bu rəqəm daha böyükdür. Elə kənd var ki, qətlə yetirilən uşaqların sayı 23-dən yuxarıdır. Sadəcə olaraq, daşnakları üstümüzə qızışdıranların bu etirafı da diqqət çəkməlidir.
1988-ci ildən başlayaraq qonşularımız tərəfindən başımıza gətirilən fəlakətlərin adı da, ağrısı da, istiqaməti də, vaxtı-vədəsi də müxtəlif oldu. Gah torpaq iddiasına düşdülər, gah soydaşlarımızı dədə-baba ocaqlarından min bir əzabla qovdular, gah qadınları, uşaqları, körpələri, yaşlıları xüsusi qəddarlıqla qətlə yetirdilər, gah da "əzabkeş", "yazıq" donuna bürünərək dünyanın onlara rəhm etmələri üçün süni göz yaşları tökdülər. "Ermənilərin anası" adlandırılan Silva Kaputikyan da ötən əsrin sonlarında öz qaragüruhçu kütləsi qarşısında çıxış edərək bir məsələni daha çox qabardırdı: "Sən türk öldürməkdən qürur duymalısan". Başqa bir şovinistləri Artunyan isə "türk öldürməyən erməni öz əli ilə özünü öldürsün" - deyirdi... Yazıçıları Zori Balayan "Ocaq" kitabı yazaraq erməniləri türklərə qarşı tükürpədici müharibəyə çağırırdı və bu münaqişə də məhz onlar tərəfindən törədildi. 1988-ci ildə şovinistlərin yaratdığı qara tufan nəticəsində soydaşlarımızın Ermənistan adlanan, amma əslində türklərin dədə-baba yurdu olan yerlərindən sürətlə, vəhşiliklə qovulması həyata keçirildi. Yüzlərlə insan dağları, dərələri keçərək şaxtalı, qarlı günlərdə uçqunlara düşdü. Körpələr qurd-quşa yem oldu. Bu azmış kimi, 1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər. Borunu hündür uçurumdan tullayaraq fidanları qətlə yetirdilər. Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirilmişdi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrində boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.
Bu hadisəni mənə 1988-ci ilin payızında həmyerliləri ilə birlikdə doğma ocağından zorla çıxarılan anam danışıb: "Ermənilər bizi üstüaçıq maşınlara dolduraraq Naxçıvan yaxınlığındakı Ərikli adlanan dərədə qarın içinə tökdülər. Məqsədləri hamımıza aydın idi. Biz burada donub öləcəkdik. Azğınlar üst-başımızı axtardılar. Kimin pulu, qızılı vardı, aldılar. Müqavimət göstərənləri döydülər. Fəxrəddin adlı lal-kar biçarəni onları eşitmədiyinə görə təpiklə başına necə vurdularsa, yerindəcə qaldı. Südəmər körpəni anasının qucağından qopardaraq qar üstünə tulladılar. Bələyi bıçaqla kəsdilər. Ananın fəryadı, uşağın çığırtısı hələ də qulaqlarımdan getmir..."
Elə bölgələrimiz, kəndlərimiz var ki, orada ilk şəhidlərimiz məhz körpələr olub. Jurnalist həmkarımız M.Nərimanoğlunun "Dağların sinədağı" adlı kitabında oxuyuruq: "Kəlbəcərin şəhidlik qisməti ilk dəfə süd qoxulu 8 körpəyə düşdü". Ermənilərin qətlə yetirdiyi bu fidanların - Sahil Məmmədovun (10 yaş), Razim Salmanovun (8 yaş), Anar Valehovun (7 yaş), Cahid İbişovun (10 yaş), Səxavət Dəmiroğlunun (14 yaş), Natiq Əsgərovun (14 yaş), Bəxtiyar Xəlilovun (11 yaş) və Azər Orucovun (7 yaş) görən günahı nə idi? Onlar ermənilərə nə etmişdilər? Hansı kəndinə basqın edib, hansı "harsını"na güllə atmışdılar?
Ağır döyüşlərdə, yerdən, göydən atılan atəşlərdən həlak olanlar arasında təsadüfən uşaqların olması mümkündür. Amma 1989-cu ildə Kərkicahanda öz bağlarında oynayan 11 yaşlı Nadir İbrahimovla 9 yaşlı Nicatın ermənilər tərəfindən güllələnməsi hansı insanlığa sığır? 1988-ci ildə Sevan şəhərində 22 nəfər azərbaycanlı uşağını su quyusuna ataraq boğublar.
1989-cu ildə Fərqanədə Məhsəti türklərinin başına gələn müsibətlə bağlı "Sovetskaya Rossiya" qəzetində bir yazı dərc edilmişdi. Ermənilər tərəfindən qızışdırılmış kütlə türklərə qarşı ağlagəlməz vəhşilik həyata keçirdilər. İnsanlar diri-diri yandırıldı, başları kəsildi. Həmin yazıda jurnalistə müsahibə verən ana öz zillətini belə dilə gətirib: "Mənim uşağımı, balaca oğlumu quldurlar yabaya keçirib havaya qaldırdılar... Qızlarımızı zorladılar. Kəsilən başları payalara sancdılar".
1990-cı il yanvarın 19-u axşamı erməni quldurları Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə hücum etdilər. Onlar burada da ağlagəlməz vəhşiliklər törətdilər. 6 yaşlı Elvin, 4 yaşlı Malik Nəsirzadə qardaşlarını da qətlə yetirdilər. Bir evin sevinci, bir ailənin ümidi olan iki günahsız körpə Sədərəyin ilk şəhidləri sırasında dayandı. Bu acı qisməti onlara yaşadansa yenə də ermənilər oldu...
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqımızın 20 minə yaxın övladı həlak oldu, 50 min adam yaralandı, 400-ə yaxın qadın erməni işğalçılarının əsarətinə düşdü. Bu illər ərzində ermənilər azərbaycanlılara qarşı 32 terror aktı həyata keçirdilər. Xocalı soyqırımı əsrin faciəsi adlandırıldı. Elə bu soyqırımında da 63 uşaq ermənilər tərəfindən qətlə yetirildi. İndi də o hadisələrdən bəhs edən lent yazılarına, fotoşəkillərə baxanda körpələrin ermənilər tərəfindən necə işgəncə ilə öldürülməsi adamın damarında qanını dondurur. Zori Balayanın internetdə yayımlanan tükürpədici məlumatları isə bu qətllərdən də betərdir. O, 1996-cı ildə "Ruhumuzun canlanması adlı" bir kitab yazıb. Oradakı bir məlumatı olduğu kimi oxuculara çatdırırıq (bəri başdan ürəyi zəif olanlara bu yazını oxumasını məsləhət görmürük. Çünki insan adlanan varlıq bu vəhşiliyə necə tab gətirə bilər?) Türkün qatı düşməni Zori Balayan yazıb: "13 yaşındakı türk uşağının (bu uşaq Xocalı soyqırımı vaxtı ermənilər tərəfindən girov götürülmüşdü - F.X.) başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək öldü. İlk sənətim həkimlik olduğuna görə humanist idim. Ona görə də türk uşağına etdiyim bu əməllərə görə də özümü xoşbəxt saymadım. Amma ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürurlanırdı. Dostum Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və onu türklə eyni kökdən olan itlərə atdı".
David Xeyriyan adlı birisi "Xaç naminə" kitabında yazıb: "Fevralın 26-da meyitləri daşıyıb Daşbulaq yaxınlığındakı bataqlığa tökdülər və cəsədlərdən keçid-körpü düzəltdilər. Mən ölülərin üstündən keçməyə qorxurdum. Tərəddüd etdiyimi görən polkovnik Ohanyan mənə dedi: "Qorxma, ürəkli keç. Bu hal müharibənin qanunlarından biridir". Mən qana bulaşmış 9-11 yaşlı uşağın və digər meyitlərin üstündən adlayıb bataqlığı keçdim. Çəkmələrim və şalvarımın balağı qana batmışdı.
Belə bir mənzərəni təsəvvür etmək çətindir. Heç faşistlərdən üzü bəri Yer üzü bu cür vəhşilik görməyib. "Yan"ların bu qara əməlini başqaları oxumurmu, eşitmirmi? Bu hadisə başqa bir dəhşəti də yada saldı. Eçmiədzində ermənilər azərbaycanlı qadın Roza Bəktaşini və onun iki körpə qızını çox dəhşətli şəkildə qətlə yetiriblər. Ermənilər onların hər üçünü çoxlu sayda ilanların olduğu xəndəyə atır və onun kənarında dayanaraq ilanlar tərəfindən hansı əzablara, dəhşətlərə məruz qalan azərbaycanlı qadın və qızların necə fəryadla can verməsini seyr ediblər.
Saymaqla, sadalamaqla qurtarmaq bilməyən bu qanlı faciələrin dəhşət və vəhşətlərinin qüssəli tablosunu ancaq daşqəlblilər laqeydliklə seyr edə bilərlər. Kədər, nisgil, fəryad, nalə, inilti dolu olan bu faktların hər biri gerçəklikdir. XIX əsrdə də, XX əsrdə də xalqımız, sözün əsl mənasında, soyqırıma məruz qaldı. Kulqe adlı xristian mənsubiyyətli bir araşdırmaçı çar Rusiyası dövründə tərtib etdiyi protokolda türklərin məruz qaldığı dəhşətli səhnələrin təsvirini verib. Diri-diri divara hörülən, kürəyinə samovar bağlanan, gözlərinin qarşısında körpələrinə sitəm edilən qadınların ağır halından yazıb. Kulqe bildirib ki, onu dəhşətə gətirən rəhmsiz insanların cinayət dolu əməlləridir. O, uşaq meyitlərinin itlər tərəfindən necə gəmirildiyini təsvir edən şəkillər də çəkib. Erməni tarixçisi A.Lalayan da öz quldurlarının tükürpədici əməllərindən bəhs edərək yazırdı: "Daşnak dəstələri türk qadınlarının və uşaqlarının, qocaların və xəstələrin qarşısında maksimum cəsarət nümayiş etdirirdilər. Onlar insanları - öz qurbanlarını eybəcər hala salırdılar". Daşnak Vahramın "qoçaqlığı" isə daha dəhşətlidir: "Mən heç nəyi nəzərə almadan türkləri qırdım. Lakin bəzən gülləyə heyfim gəlirdi. Bu itlərə qarşı ən yaxşı üsul odur ki, döyüşdən sonra salamat qalanların hamısını su quyusuna doldurub üstünə ağır daşlar atasan. Belə də etdim. Bütün qadınları, uşaqları quyuya doldurub üstünə ağır daşlar tökdüm".
1988-ci ilin noyabrında ermənilər azərbaycanlıları Ermənistan adlanan, əslində, dədə-baba torpaqları olan yurd yerlərindən qovarkən Spitak rayonunda qətlə yetirdikləri 216 nəfərdən 57-si qadın, 5-i südəmər körpə, 18-i müxtəlif yaşlı uşaqlar olub. Basarkeçər rayonunun Şişqaya kəndində 4 yaşlı Elvin Məmmədovu, yaşı tamamlanmamış Elçin Bəhramoğlunu, 11 yaşlı Şahin Balacayevi ermənilər hansı günahlarına, hansı kriminal hərəkətə yol verdiklərinə görə qətlə yetirdilər? Dilsiz-ağızsız körpələri anaların gözü qarşısında doğrayaraq qanlarını bu biçarələrə içirtməyə cəhd edən erməniləri nə adlandırasan? Analar şivən qoparanda süngünü onların qarnına sancaraq vəhşi gülüşlə ətrafa tükürpədici səslər salan bu ikiayaqlı vəhşiyə isim tapa bilmirsən. Təbiətdə var olan ən qəzəbli heyvan da bunlardan insaflı və yumşaqdırlar. Ermənilərin həyata keçirdikləri bu qanlı olaylarda saysız-hesabsız günahsız uşaqların iniltiləri eşidilir. Yüzlərlə uşaq quduz köpəklərə diri-diri yem olub. Rus Vladimir Sokolov uşaqların qətli ilə bağlı 1918-ci ildə üç fotoşəkil çəkib. Onun yazdığına görə gördüyü "mənzərə"lər ona ağır təsir etdiyindən şəkil çəkməyi başa çatdıra bilməyib. Birinci fotoşəkildə başında güllə, bədənində beş süngü yarası olan və sağ çiyninə qılınc yarası vurulmuş ananın qucağında körpə uzanıb. Ananın döşünü əmən körpənin ayağında süngü yarası var. İkinci şəkildə isə iri mismarla divara mıxlanmış iki-üç yaşlı uşaq təsviri var. Üçüncü şəkildə isə 13-14 yaşlı qızın meyitidir. Onun cırılmış paltarları və qançırları zorlanaraq öldürüldüyündən xəbər verirdi.
İrəvanda, Sürməlidə, Göyçədə, Qəmərlidə, Vedibasarda, Zəngəzurda, Qarabağda, Qubada, Şirvanda, Bakıda daşnaklar tərəfindən qətlə yetirilən insanların içində uşaqların sayı həddən artıq çoxdur. 20 Yanvar faciəsi zamanı da qətlə yetirilən şəhidlər arasında üç məktəbli var idi: İlqar İbrahimov, Larisa Məmmədova, Vera Besantina.
Ötən əsrin sonlarında Dağlıq Qarabağla əlaqədar törədilən münaqişə zamanı Şuşa və Xankəndi ətrafında, eləcə də Bağanıs Ayrım soyqırımında, Ağdaban faciəsində hələ də sayı dəqiqləşməyən azyaşlı şəhidlər var.
İki mühüm faktın üzərində dayanacağıq: ötən əsrin əvvəllərində qaniçən Hamazaspın əmri ilə daşnaklar Qubada 4 qadın və 2 uşağı meydana gətiriblər. Bu qəddar quldurun tapşırığı ilə uşaqların başını kəsiblər, qadınları isə süngü ilə ikiyə bölüblər. Meydanda ah-nalə yüksələndə Hamazasp əsgərləri cərgə ilə düzdürərək dinc əhaliyə atəş açmağı əmr edib. Budur, onların yaratdığı qansızlıq!
Ötən ilin əvvəllərində isə ailəliklə Azərbaycan ərazisinə keçərək hərbçilərimizə könüllü təslim olan beş nəfərdən ibarət erməni - ana, ata, 3, 6 və 7 yaşlı uşaqlar hazırda Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində saxlanılır. Onlar öz vətənlərinə dönmək istəmirlər. Bu bizim ürəyimiz, düşmən uşaqlarına bəslədiyimiz humanist münasibətimiz. Onlar neçə vaxtdır ki, Bakıda yaşayır, bizim çörəyimizi yeyir, suyumuzu içir, rahatca ömür sürürlər. Halbuki ermənilər sərhədi keçəndə bizim əsgərlər onlara atəş də aça bilərdilər, amma qonşu hərbçilərdən fərqli olaraq mərd oğullarımız mülki əhaliyə heç zaman silah tuşlamayıb. Bu da türkün böyüklüyü...
Akademik Ramiz Mehdiyev "Gorus-2010: Absurd teatrı mövsümü" kitabında yazır: "Ermənistanda hətta ən yeni, lap yaxın keçmişdəki bu gün yaşayan nəslin şahidi olduğu tarixi faktları danmaqdan, xronologiyanı təhrif etməkdən, səbəb və nəticənin yerlərini dəyişməkdən utanmırlar. Məsələn, ermənilər hər yerdə Sumqayıt, Kirovabad və Bakıdakı talanlardan danışırlar, lakin Qafanda, Meğridə, Əsgəranda, Quqarkda talan və qətllərin arxasında durduqlarını dilə gətirməməyə çalışırlar. Bu hadisələr zamanı Ermənistanın azərbaycanlı əhalisi Azərbaycan şəhərlərində yaşayan ermənilərdən dəfələrlə çox ziyan çəkmişdir". Ən dəhşətlisi də budur ki, onlar uşaqlara güllə atmışdılar. Deyək ki, tarix çox yaraları sağaldır, bəs ulu Tanrı necə, bu uşaq qatillərini bağışlayacaqmı?!
...Bizim analar həmişə uşaqlarını, nədənsə, çəkindirmək, qorxutmaq üçün deyərdilər: "Xortdan gəldi", "Şeytan gəldi". Qonşumuz Nvard isə öz "dığa"larını, "axçik"lərini evə çağıranda belə səsləyərdi: "Bax, türk gəldi ha, səni aparar". Uzun illər ermənilər bu kinlə böyüdülər. Yazıçıları M.Şaqinyan hələ sovet zamanında rəsmi toplantıların birində öz qaniçənlərinə kəskin tövsiyə vermişdi: "Dil açmamış uşaqlarınızın qulağına pıçıldayın ki, türk sənin düşmənindir". Bax, bizim ermənilərlə fərqimiz bunda olub ki, onlar bizi daş ilə, biz onları aş ilə qarşılamışıq. Xalqlar dostluğunun carçısı sayılan H.Tumanyan sovet dövründə yazdığı bir hekayədə yuxuda türk qadını görən çobanın dəli olmasını haraylayırdı. Biz isə "hinger hayıstan" deyərək şaumyanların (türk qanına susayanların) şəninə nəğmələr oxuyurduq, şeirlər əzbərləyirdik. Daha bunlar keçib.
...Hərdən düşünürsən ki, talesizlikdən qonşu kimi yaşamağa məhkum olduğumuz ermənilərin bəd əməllərindən özümüzü necə hifz edəsən? Axı kimin ağlına gələr ki, insan adlanan varlıq oyuncağın içinə bomba qoyar? Meşəni, zəmini külə döndərər ki, vəhşi heyvanlar, xüsusilə ilan sürüləri oraları tərk edərək azərbaycanlılar yaşayan kəndlərə, qəsəbələrə "yürüşə" başlasın? Çayımıza, bulağımızın gözünə zəhər tökərlər?
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında dövlət başçısı demişdir: "Biz çalışırıq ki, indiki mərhələdə addımları elə ataq ki, tezliklə baza prinsiplərini razılaşdıra bilək. Ermənistan tərəfi isə tam əksinə edir... Bizə qarşı müharibə aparan, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini aparan, Xocalı soyqırımını törədən vəhşilər indi yenə də Azərbaycanı müharibə ilə hədələyirlər..." Prezidentin qətiyyətlə dediyi kimi, bu vəhşilər unudur ki, Azərbaycan ordusu Ali Baş Komandanın əmrinə hər an hazırdır. Hazırdır ki, uşaq qatilləri olan ermənilərin cavabını qətiyyətlə versin. Sadəcə olaraq, biz humanist mövqeyimizdən hələlik geri çəkilməmişik.
Flora XƏLİLZADƏ,
Azərbaycan.-2011.-16 iyul.-S.4.