Azərbaycan ermənilər tərəfindən

 13 yaşlı uşağın vəhşicəsinə

 öldürülməsi ilə bağlı beynəlxalq

 təşkilatları məlumatlandıracaq

 

Bu barədə Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Bu faktla bağlı bütün beynəlxalq təşkilatlara, sülhyaratma prosesində iştirak edən tərəflərə məlumat verəcəyik və dəfələrlə Ermənistan tərəfinin öz ordu hissələrini "mələk" kimi qələmə verməsi fikrini ifşa edəcəyik. Bu hadisə ermənilərin simasını bir daha açdı və onların vəhşi üsullara əl atdığını bir daha göstərdi. Müharibənin də öz qaydaları var. Uşaq oyuncağının içərisinə partlayıcı maddə yerləşdirib çayla bir kəndə axıtmaq, sözün həqiqi mənasında, vəhşiliyin nümunəsidir. Ermənilər tərəfindən son vaxtlar bu qəbildən olan hadisələr mütəmadi törədilir. Ermənilər tərəfindən bu ilin martında 9 yaşlı uşağın snayperlə öldürülməsi, 1994-cü ildə çaya buraxılan oyuncağın partlaması nəticəsində iki azyaşlı uşağın həlak olması, birinin isə yaralanmasını misal göstərmək olar. Bu hadisələr Ermənistanın Cənubi Qafqazda sülhə, barışığa, insanların dinc yaşayışına nə qədər mane olduğunu göstərir".

 

Azərbaycan.-2011.-16 iyul.-S.4.