Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Rumıniyanın ölkəmizdəki səfiri Nikolae Urekeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Azərbaycanla Rumıniya arasında ikitərəfli münasibətlərin inkişafından danışan səfir Nikolae Ureke bu münasibətlərin genişlənməsində dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə fəaliyyət planının önəmini vurğuladı. Rumıniyalı diplomat Azərbaycan Prezidenti İlham Əliyev ilə Rumıniya Prezidenti Trayan Besesku arasındakı yaxın dostluq əlaqələrinin ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığını dedi. Nikolae Ureke ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Azərbaycan ilə Rumıniya arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirdi, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini vurğuladı. Səfir Nikolae Urekenin qarşılıqlı münasibətlərin genişlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirən Prezident İlham Əliyev onun Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı çərçivəsində fəaliyyətini xüsusi qeyd etdi. Dövlət başçılarının imzaladıqları strateji tərəfdaşlığın yerinə yetirilməsinə dair sənədin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ikitərəfli əlaqələrin qarşılıqlı maraqlara əsaslandığını bildirdi.

Dövlətimizin başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 19 iyul.- S. 1.