"Azərbaycan
Respublikası hökuməti və Çin
Xalq Respublikası hökuməti
arasında texniki-iqtisadi əməkdaşlıq
haqqında Saziş"
imzalanmışdır
İyulun 18-də Bakıda Azərbaycan-Çin ticarət-iqtisadi
əməkdaşlıq üzrə hökumətlərarası
komissiyasının dördüncü iclası çərçivəsində
"Azərbaycan Respublikası hökuməti və Çin
Xalq Respublikası hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq
haqqında Saziş" və "Azərbaycan-Çin ticarət-iqtisadi
əməkdaşlıq üzrə hökumətlərarası
komissiyasının dördüncü iclasının
Protokolu" imzalanmışdır.
Azərbaycan Respublikası tərəfdən Baş
nazirin müavini Abid Şərifov və Çin Xalq
Respublikası tərəfdən kommersiya nazirinin müavini
Conq Şanın həmsədrliyi ilə keçən iclasda
iki ölkə arasında iqtisadi əlaqələr və bu əlaqələrin
genişləndirilməsi, komissiyanın
üçüncü iclasından sonra görülmüş
işlər barədə müzakirələr
aparılmışdır.
Qeyd olunmuşdur ki, dinamik inkişaf edən iki ölkə
arasında ticarət dövriyyəsinin həcmi ötən
illə müqayisədə 50,57 faiz artaraq 926 milyon ABŞ
dollarına çatmışdır. 2010-cu ildə Azərbaycandan
Çinə ixrac 2,6 dəfə, oradan idxal isə 21 faiz
artmışdır.
Son illər ölkələrimiz arasında
iqtisadi-ticarət əlaqələri sürətlə
inkişaf edir. İctimai-siyasi sabitliyə, zəngin təbii sərvətlərə,
əlverişli biznes və investisiya mühitinə malik Azərbaycan
dünyanın ən böyük iqtisadiyyatlarından birinə
sahib olan Çin sərmayədarları üçün cəlbedicidir.
Hazırda Çinin bir neçə nüfuzlu şirkəti
Azərbaycanda iqtisadiyyatın informasiya-kommunikasiya
texnologiyaları, energetika, tikinti materiallarının
istehsalı, nəqliyyat, infrastruktur və digər sahələrində
uğurla fəaliyyət göstərirlər.
Hazırda Çindən Azərbaycana əsasən
elektrik avadanlığı, müxtəlif maşın və
mexanizmlər, kimya və toxuculuq sənayesi məhsulları,
Azərbaycandan Çinə isə neft və neft məhsulları,
xüsusi təyinatlı mühərriklər, əczaçılıqda
və ətriyyatda istifadə üçün müxtəlif
bitkilər və s. ixrac olunur. İndiyədək iki ölkə
arasında əlaqələrin inkişafı istiqamətində
müqavilə-hüquq bazası xeyli təkmilləşdirilmişdir.
Belə ki, 1992-ci ilin aprelində diplomatik əlaqələr
yaradılandan sonra Azərbaycan və Çin hökumətləri
arasında iqtisadi-ticarət sahəsində 10-dan çox sənəd
imzalanmışdır. Bu sənədlərin bir çoxu ulu
öndər Heydər Əliyevin 1994-cü ildə Çinə
rəsmi və Prezident İlham Əliyevin 2005-ci ildə
dövlət səfəri zamanı imzalanmışdır. Həmin
səfərlər iki ölkə arasında əlaqələrin
inkişafına böyük təsir göstərmişdir.
AzərTAc
Azərbaycan.-
2011.- 19 iyul.- S. 2.