BMT-nin toplantısında Dağlıq

 Qarabağ münaqişəsinin ölkəmizə

 vurduğu ağır nəticələrdən danışılıb

 

Bu günlərdə İsveçrənin Cenevrə şəhərində BMT-nin İqtisadiSosial Şurasının (ECOSOC) yüksək səviyyəli toplantısı keçirilib. Toplantıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Ümid Rəhimoğlu da çıxış edərək müstəqillik əldə etdikdən sonra ölkəmizdə yaradılan yeni təhsil sistemibu sistemin inkişaf yollarından danışıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin ölkəmizə, o cümlədən təhsil sisteminə vurduğu ağır nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. Əməkdaşımızla fondun rəhbəri Ü.Rəhimoğlunun söhbəti də elə bu barədədir:

- 2007-ci ildən Fond BMT-nin İqtisadiSosial Şurasının xüsusi məşvərətçi statusla üzvüdür. Fondun fəaliyyət istiqamətinə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına kömək etmək və humanitar işlər həyata keçirmək daxildir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Qərb təhsil sisteminə istiqamətlənmişdir. Bu sahədə əsaslı islahatlara hələ ehtiyac var. Azərbaycan Prezidentinin sərəncamı ilə 2005-ci ildə təhsil məsələləri üzrə komissiya yaradılmışdır. Komissiyanın yaradılmasında məqsəd təhsil sahəsində dünyada baş verən yeni mütərəqqi inkişafı nəzərə almaqla təhsilin bütün səviyyələrdə keyfiyyətinin yaxşılaşdırılması, gələcək inkişaf naminə mümkün yolları müəyyənləşdirmək bu sahədə olan güclü və zəif cəhətlərin araşdırılması və üzə çıxarılması idi. Sərəncama uyğun olaraq, 2005-ci ildə UNESCO Cenevrədə "Dayanıqlı Gələcək naminə Azərbaycanda Təhsil Sistemində İslahat" adlı konfrans keçirdi. Konfrans təhsil sistemində olan boşluq və çatışmazlıqlara uyğun məqsəd və vəzifələri aydınlaşdırmaqla onların aradan qaldırılması üçün perspektiv yollar müəyyənləşdirdi.

Çıxışımda qeyd etdim ki, Azərbaycanın üzləşdiyi problemlər birbaşa və dolayısı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədardır. Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Yüzlərlə yaşayış məntəqəsi, onlarca şəhər və bütün infrastruktur, yüzlərlə məktəb, minlərlə kitabxana dağıdılmışdır. Bu vəziyyət sərhəd zonasına yaxın olan Azərbaycan ərazilərində məktəbə davamiyyətin aşağı olmasının əsas səbəbidir.

Tədbir iştirakçılarının diqqətinə çatdırdım ki, BAMF də məcburi köçkünlərə, əhalinin az imkanlı təbəqəsinə və onların ailə üzvlərinə texniki peşə təhsili almaq üçün dəstək verir. Təlimlər ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Azərbaycanın Tərtər rayonundakı Peşə Təlim Mərkəzində (PTM) aparılır. Mərkəzdə ehtiyacı olanlara alternativ peşələr öyrədilir, sonradan onlar əldə etdikləri yeni peşə üzrə işlə təmin olunmaq imkanı qazanırlar. PTM, həmçinin normal təhsil almaq imkanı olmamış, müharibədən və minadan zərər çəkmiş gənclərin də peşələrə yiyələnməsini təmin edir.

Toplantıda ECOSOC üçün tövsiyələrimizi də diqqətə çatdırdıq. Qeyd olundu ki, Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün bu qurum inkişaf etməkdə olan ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə görüşlər keçirməli və daim dialoqa hazır olmalıdır. ECOSOC, həmçinin regionlarda təhsillə bağlı fəaliyyətini məşvərətçi statuslu QHT-lər vasitəsilə gücləndirməli, münaqişələrin həll edilməsinə, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına, məktəblərinə qayıtmalarına kömək etməlidir.

 

E.HACIALIYEV,

 

Azərbaycan.-2011.-16 iyul.-S.4.