Moskvada
Azərbaycan və Rusiya XİN
başçılarının görüşü
olmuşdur
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti
ilə iyulun 17-dən 18-dək Rusiya paytaxtında rəsmi səfərdə
olmuşdur.
Səfərin əvvəlində Kreml kompleksinin
Aleksandr bağında Naməlum əsgər məzarının
önünə əklil qoyulmuşdur.
Sonra RF XİN iqamətgahında iki ölkənin
xarici siyasət idarələrinin rəhbərləri
arasında geniş tərkibdə danışıqlar
olmuşdur. RF XİN-in başçısı Sergey Lavrov ikitərəfli
əlaqələrin indiki səviyyəsini yüksək qiymətləndirərək
qeyd etmişdir ki, Azərbaycan ilə Rusiya arasında
münasibətlər strateji xarakter daşıyır. Azərbaycan
XİN-in başçısı Elmar Məmmədyarov öz
növbəsində dövlətlərarası münasibətlərin
dinamik inkişafından razı qaldığını bildirərək
vurğulamışdır ki, bu münasibətlərin ahəngini
prezidentlər İlham Əliyev və Dmitri Medvedev müəyyən
edirlər.
Danışıqlar başa çatandan sonra Azərbaycanın
və Rusiyanın xarici işlər nazirləri 2011-ci ilin
ikinci yarısında və 2012-ci ildə RF XİN və AR
XİN arasında Məsləhətləşmələrin
Planını və Rusiya Federasiyası ilə Azərbaycan
Respublikası arasında dövlət sərhədi
haqqında 3 sentyabr 2010-cu il tarixli müqavilənin ratifikasiya
sənədlərinin mübadiləsi haqqında Protokolu
imzalamışlar.
Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov
Moskvaya rəsmi səfəri zamanı Rusiyanın xarici işlər
naziri Sergey Lavrovun iyulun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə
çatdırdığı Rusiya Prezidenti Dmitri Medvedevin
Dağlıq Qarabağa dair təkliflərinə Azərbaycan
Prezidenti İlham Əliyevin cavab məktubunu
çatdırmışdır. Rusiya Prezidenti Dmitri Medvedevin təklifləri
və məktubu Ermənistan Prezidenti Serj Sarkisyana da
çatdırılmışdır.
Sonra keçirilmiş birgə yekun mətbuat
konfransında Sergey Lavrov bildirmişdir ki, tərəflər
arasında Rusiya-Azərbaycan münasibətlərinin
bütün spektrlərinə dair intensiv danışıqlar
aparılmışdır. Bütün sahələrdə əlaqələrin
yüksək sürətlə inkişaf etməsi qeyd
edilmiş, bu əlaqələrin ahənginin iki dövlətin
prezidentləri tərəfindən müəyyən edilməsi
vurğulanmışdır. 2010-cu ilin sentyabrında RF
Prezidenti D.Medvedevin Bakıya rəsmi səfəri zamanı əldə
edilmiş razılaşmaların və qəbul edilmiş qərarların
yerinə yetirilməsinə xüsusi əhəmiyyət
verilmişdir. S.Lavrov imzalanmış sənədlərin
xüsusi əhəmiyyətini vurğulayaraq bildirmişdir ki,
Rusiya-Azərbaycan sərhədinin delimitasiyası prosesi
başa çatmışdır. Rusiyalı nazir iqtisadi və
investisiya əlaqələrinin yüksək sürətindən
məmnun olduğunu bildirərək qeyd etmişdir ki, tərəflər
arasında ticari mübadilələrin böhrandan əvvəlki
səviyyəsi bərpa olunmuşdur. Nazir demişdir: "Bu
il əmtəə dövriyyəsinin həcminin 2 milyard
dollardan çox olacağını gözləyirik".
Sergey Lavrov Qarabağ münaqişəsinin tənzimlənməsi
mövzusuna toxunaraq demişdir ki, Rusiya bu münaqişənin
ATƏT çərçivəsində həlli
yollarını tapmaqda ABŞ və Fransa ilə birlikdə
dövlətlərə kömək edir. "Dağlıq
Qarabağ münaqişəsinin tənzimlənməsi Rusiya
üçün prioritet məsələdir" deyən
nazirin sözlərinə görə, hazırda baza prinsiplərinin
layihəsi üzərində iş gedir. Bu prinsiplər tərəflərin
sülh sazişi üzərində işləmək niyyətindən
başlanır. O demişdir: "Biz həm də ATƏT-in
Minsk qrupunun həmsədr ölkəsi kimi hər iki tərəflə
bizim münasibətlərimiz kontekstində səylərimizi
davam etdiririk".
Elmar Məmmədyarov da cavab nitqində ikitərəfli
münasibətlərin səviyyəsindən çox razı
olduğunu bildirmişdir. Nazir demişdir: "Münasibətlər
yaxşılaşmaqdadır, xüsusən ticari münasibətlərdə
əmtəə dövriyyəsinin artırılması
üçün real imkanlar vardır. Biz
qarşılıqlı əlaqələrin energetika ilə
bağlı tərkib hissəsi məsələlərinə,
o cümlədən Bakı-Novorossiysk boru kəməri vasitəsilə
əlavə neft nəql edilməsi və Azərbaycandan nəql
edilən qazın həcminin artırılması məsələlərinə
toxunduq". E.Məmmədyarov Ermənistan-Azərbaycan
münaqişəsinin tənzimlənməsinə dair Prezident
İlham Əliyevin cavab məktubunu
çatdırdığını qeyd edərək
demişdir ki, danışıqlar prosesində heç də
hər şey Azərbaycandan asılı deyildir. O
vurğulamışdır: "Biz Ermənistanın həmin
təkliflərə cavabını gözləməliyik, lakin
hesab edirik ki, danışıqlarda irəliləyiş vardır.
Biz tədricən elə bir həddə
yaxınlaşırıq ki, hamı başa düşəcəkdir:
indiki vəziyyət heç kəsi, o cümlədən bizim
qonşularımızı da qane etmir". O xüsusi
vurğulamışdır ki, sabitlik bütün region
üçün, ilk növbədə Azərbaycan və Ermənistan
üçün vacibdir. Azərbaycan XİN-in
başçısı demişdir ki, üç prezidentin
Kazanda görüşü irəliyə doğru bir addım
olmuşdur və bəzi problemlər üzrə
yaxınlaşma hiss olunur. Nazir demişdir: "Ümumiyyətlə,
biz hesab edirik ki, hələlik
razılaşdırılmamış mövzular üzrə
müzakirələri davam etdirməliyik. Biz hüquqi
sazişin - sülh müqaviləsinin müzakirəsinə
nail olmalıyıq və bunun vaxtı
çatmışdır. Sülh müqaviləsi
danışıqların final mərhələsinə
çatması barədə ciddi siqnal olacaqdır".
Azərbaycan və Rusiya xarici işlər nazirləri
Rusiya və Azərbaycan jurnalistlərinin suallarına cavab
vermişlər.
Görüşdə xarici işlər nazirinin
müavini Xələf Xələfov, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu və
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin
iştirak etmişdir.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.- 2011.- 19 iyul.- S.2.