Azərbaycanda KİV-in inkişafı üçün hər cür şərait yaradılıb

 

Milli Mətbuat Günü münasibətilə dünən Yeni Azərbaycan Partiyasında bir qrup jurnalistin iştirakı ilə tədbir keçirildi. YAP-ın sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov tədbiri açaraq jurnalistləri Azərbaycan mətbuatının yaranmasının 136-cı ildönümü münasibətilə təbrik etdi.

Hər bir ölkədə demokratik proseslərin dərinləşməsində, ictimai-siyasi proseslərin düzgün məcrada inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında jurnalistlərin xüsusi əməyinin olduğunu qeyd edən Əli Əhmədov milli mətbuatın keçdiyi şanlı yoldan söz açdı. Xüsusən də Azərbaycan mətbuatı son 15 ildə sürətli inkişaf yolu keçib, müasir jurnalistika prinsiplərini dərindən mənimsəyib, cəmiyyət həyatına ciddi təsir imkanları qazanıb. O həmçinin bildirdi ki, ölkə iqtidarı demokratik proseslərin, o cümlədən siyasi plüralizmin dərinləşdirilməsi, vətəndaşların söz, fikir, əqidə azadlıqlarının təminatı baxımından kütləvi informasiya vasitələrinin rolunu və imkanlarını düzgün dəyərləndirir. Azərbaycanda söz, fikir və mətbuat azadlıqlarının maksimum səviyyədə təmini üçün bütün zəruri tədbirlər həyata keçirilir. Son 15 ildə ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində bir sıra əməli tədbirlərin görülməsi deyilənləri bir daha təsdiqləyir.

YAP sədrinin müavini - icra katibi daha sonra vurğuladı ki, Azərbaycan jurnalistikası hələlik inkişaf etmiş ölkələrin mediası səviyyəsinə yüksələ bilməsə də, ötən illərdə həm kəmiyyət, həm də keyfiyyət baxımından nəzərəçarpacaq dərəcədə inkişaf etmişdir. Onun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrində sivil peşə etikası ilə uzlaşmayan yazılara, mübahisəli məsələlərə geniş rast gəlinsə də, Yeni Azərbaycan Partiyasının rəhbərliyi buna dözümlü yanaşır. Bu cür fərqli fikirlərin, mövqelərin olmasının özü ölkədə demokratiyanın yüksək inkişaf səviyyəsindən, müstəqil mətbuatın fəaliyyəti üçün münbit şəraitin mövcudluğundan xəbər verir.

Azərbaycan iqtisadi sahədə sürətlə inkişaf edir, modernləşir, bu pozitiv proses təkcə insanların həyat tərzində, məişətində deyil, ümumən düşüncə tərzində öz dolğun əksini tapır. Odur ki, müasir cəmiyyətin yüksək zövqlü insanını keyfiyyətli, dəqiq, obyektiv, qərəzsiz informasiya ilə təmin etmək baxımından medianın üzərinə böyük məsuliyyət düşür. Azərbaycan mətbuatı cəmiyyətin bu tələbinə, sosial məsuliyyət prinsipinə əməl etməlidir.

Əli Əhmədov çıxışının sonunda bildirdi ki, üzvlərinin sayı 550 mini ötən Yeni Azərbaycan Partiyası siyasi mövqeyindən asılı olmayaraq, bütün kütləvi informasiya vasitələri ilə qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Ötən illərdə formalaşan ənənəyə sadiq qalan partiya Azərbaycan mətbuatının 136-cı ildönümü münasibətilə müxtəlif televiziya, radio, agentlik və qəzetlərdə çalışan 25 jurnalisti mükafatlandırıb.

Sonda Əli Əhmədov mükafatları jurnalistlərə təqdim etdi. Mükafatlandırılanlar sırasında qəzetimizin müxbiri S.Mustafayev də var.

 

 

E.CƏFƏROV

 

Azərbaycan.- 2011.- 19 iyul.- S. 3.