Bölgələrin
inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm
qoyur
Xalqımız dövlət müstəqilliyinin bərpa
edilməsinin 20-ci ildönümü ərəfəsindədir.
Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" 21 yanvar 2011-ci il
tarixli sərəncamına əsasən müstəqilliyimizin
20 illiyi təntənəli şəkildə qeyd ediləcək.
20 illik tarixə nəzər salanda görürük ki,
xalqımızın müstəqillik yolu hamar olmayıb.
1991-1992-ci illərdə hakimiyyətdə olan siyasi qruplar
müstəqilliyimizin möhkəmləndirilməsi
üçün "Azərbaycan Respublikasının Müstəqilliyi
haqqında Konstitusiya Aktı"ndan irəli gələn vəzifələri
yerinə yetirməyiblər. Yalnız Heydər Əliyevin
1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə
qayıdışından sonra Azərbaycan xalqı əsl
müstəqilliyin nə olduğunu hiss etdi. Ulu öndərin
hakimiyyətə qayıdışı ölkəmizdə vəziyyəti
köklü surətdə dəyişdi. Hüquqi dövlət
quruculuğuna başlanıldı, demokratik dəyərlərin
cəmiyyətdə bərqərar olması üçün
mühüm addımlar atıldı, inkişafın təməli
qoyuldu.
Məlum olduğu kimi, 1991-ci ildən başlayaraq Azərbaycanda
aqrar sektor da tənəzzülə uğramışdı.
Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra başlanan islahatlar, ən əsası
torpağın kəndliyə verilməsi bu sahədə
inkişafa doğru ciddi dönüş yaratdı. Bu gün
isə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü
siyasət nəticəsində Azərbaycanda kənd təsərrüfatı
daha sürətlə inkişaf edir. İndi Azərbaycan
özünü kənd təsərrüfatı məhsulları
ilə təmin edir. Prezident İlham Əliyevin qarşıya
qoyduğu əsas vəzifələrdən olan ölkəmizin
ərzaq təhlükəsizliyinin təmini məsələsi
də uğurla həllini tapır. Bu mənada 20 illik müstəqillik
tariximizin ən böyük nailiyyətlərindən biri də
ölkəmizdə aqrar sahənin inkişafına nail
olunmasıdır.
"Azərbaycan" qəzetinin Cəlilabad Rayon
İcra Hakimiyyəti ilə birgə Heydər Əliyev Mərkəzində
təşkil etdiyi "dəyirmi masa"da ölkəmizdə
aqrar sektorun inkişafına Cəlilabad rayonunun timsalında nəzər
salındı.
"Dəyirmi masa"nı giriş sözü ilə
açan "Azərbaycan" qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı Bəxtiyar
SADIQOV dedi:
- Hörmətli "dəyirmi masa"
iştirakçıları!
İstənilən ölkənin siyasi, iqtisadi, sosiomədəni
və digər vacib sahələr üzrə ümumi
inkişafının istiqamətini, mahiyyətini müəyyən
edən ən önəmli faktor müstəqillik, öz
hüquqlarını suveren şəkildə
reallaşdırmaq imkanıdır. Dünyanın mövcud
siyasi xəritəsinə nəzər salmaq kifayətdir ki,
müstəqillik faktorunun tərəqqi prosesinə bilavasitə
təsir göstərən əsas amil olduğunu aydın
görəsən. Başqa sözlə, müstəqil və
qeyri-müstəqil ölkələr arasında ən müxtəlif
sahələr üzrə inkişaf dərəcəsi birmənalı
şəkildə fərqli olur. Bu mənada təsadüfi
deyil ki, adı bəşər tarixinə həkk edilmiş
bütün xalqlar azad və müstəqil yaşamağı
hər zaman ən böyük sərvət olaraq dəyərləndiriblər.
Dünyanın ən qədim tarixə malik sakinlərindən
olan Azərbaycan xalqı da daim suveren şəkildə öz
hüquqlarını reallaşdırmağa can atıb,
müstəqilliyi uğrunda əzmlə, mətanətlə
mübarizə aparıb. Elə bunun nəticəsidir ki,
ziddiyyətlərlə, çəkişmələrlə,
cahan savaşları ilə zəngin olan XX əsrdə
xalqımız iki dəfə dövlət müstəqillyini
bərpa edib. İlk müstəqillik dövrü məlum səbəblərdən
uzunömürlü olmasa da, tariximizin ən şanlı səhifələrindən
sayılır. Ötən əsrin son onilliyində isə Azərbaycanın
yenidən dövlət müstəqilliyinə qovuşması
həm bir xalq olaraq qarşımızda yeni mərhələ
açdı, həm də inkişafın tamamilə yeni,
mahiyyət etibarı ilə fərqli dövrünü
başlatdı. Düzdür, bu müstəqilliyin ilk illəri
hakimiyyətdə olan müxtəlif qüvvələrin
yarıtmaz və yanlış siyasəti üzündən
formal xarakter daşıdı. Hətta yenicə əldə
edilmiş müstəqilliyin itirilmə təhlükəsi
yarandı. Həmin ağrılı-acılı illər
bütün Azərbaycan kimi Cəlilabadın da orta və
yaşlı sakinlərinin yaxşı yadındadır. Daim
doğru zamanda doğru qərar verməyi bacaran müdrik
xalqımız müstəqillik havasını yenicə ciyərlərinə
çəkdiyi vaxt onun itirilməsi ilə barışa bilməzdi.
Bu müstəqilliyin möhkəm özüllər üzərində
intişar tapması, Azərbaycanın işıqlı gələcəyinin
təmin olunması, intibah dövrünə qədəm
qoyması məqsədilə xalqın arzusu və təkidli tələbilə
ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə
qayıtdı. Məhz ulu öndərin gərgin fəaliyyəti,
həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində
Azərbaycan həqiqi, əbədi və dönməz dövlət
müstəqilliyinə qovuşdu. Bu, Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında misilsiz tarixi xidmətlərindən
biri oldu.
Ulu öndər yeni ictimai-iqtisadi formasiya şəraitində
inkişaf prioritetlərini də çox böyük
uzaqgörənliklə müəyyən edərək ölkəmizin
beynəlxalq hüquq məkanında güclü mövqelərə
malik müstəqil subyekt kimi çıxış etməsinin
müəllifinə çevrildi. Ölkə daxilində
etibarlı zəminə söykənən sabitliyin
yaranması, cəbhədə atəşkəs elan
olunması, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi,
vətəndaş təhlükəsizliyinin təmini və bu
qəbildən olan digər hallar azad bazar münasibətlərinə
əsaslanan milli iqtisadiyyatın formalaşdırılması
prosesinə müsbət yöndə təsirsiz
ötüşmədi. Həyata keçirilən
irimiqyaslı islahatlar, insanların maddi rifah halının
yüksəlməsinə hesablanmış tədbirlər
ölkəmizdə həyat səviyyəsinin
yaxşılaşması ilə xarakterizə olundu.
Ümummilli liderin təşəbbüsü ilə
imzalanan və yeni tariximizə "Əsrin müqaviləsi"
adı altında daxil olan möhtəşəm transmilli
sazişin imzalanması, üçüncü minilliyin ən
nəhəng mühəndis layihələrdən sayılan
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinın
atılması Azərbaycanın yüksək dinamikaya malik
inkişafının dayaq nöqtəsinə çevrildi.
Çoxmilyardlı xarici sərmayənin Azərbaycana gəlişi
təkcə enerji yox, iqtisadiyyatın digər sahələrinin
tərəqqisinə böyük təsir göstərdi.
Karbohidrogen ehtiyatlarının satışından əldə
olunan vəsaitlərin səmərəli idarə edilməsi,
prioritet sferaların inkişafına və sosial-iqtisadi
baxımdan mühüm əhəmiyyət kəsb edən
layihələrin həyata keçirilməsinə yönəldilməsi
iqtisadiyyatın diversifikasiyalaşmasını təmin etdi.
Aparılan aqrar islahatlar, özəlləşdirmə prosesi,
sosial-iqtisadi tərəqqi xəttini müəyyən edən
bir çox irimiqyaslı konsepsiya, strategiya və
proqramların qəbulu, sahibkarlığın, kənd təsərrüfatının,
sənayenin inkişaf etdirilməsi Azərbaycanın tərəqqi
tempinin daha yüksək olmasına rəvac verdi.
Ulu öndərin ən layiqli siyasi
davamçısı olduğunu əməldə göstərən,
Azərbaycanı daha qüdrətli və söz sahibi olan
dövlət halına gətirən Prezident İlham Əliyev
dövrünün alternativsiz lideri olaraq ölkəmizin
inkişafını daha mütəhərrik hala gətirib. Təsadüfi
deyil ki, son 7 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən
çox artıb və bu, dünya miqyasında analoqu olmayan
hadisədir. Yoxsulluq şəraitində yaşayanların
sayı 5 dəfədən çox azalıb,
sosialyönümlü iqtisadiyyatın formalaşması
prosesində böyük uğurlara imza atılıb.
Bütün ölkə boyu yeni infrastruktur yaradılıb, əvvəl
mövcud olanlar modernləşdirilib. Təbii-iqtisadi,
elmi-texniki potensialın fəal surətdə təsərrüfat
dövriyyəsinə cəlb olunması yeni istehsal sahələrinin
yaranmasına rəvac verib. Milli iqtisadiyyatın dünya təsərrüfat
sisteminə səmərəli şəkildə
inteqrasiyası davam etdirilib. Enerji resurslarının səmərəli
hasilatı və satışı, elektroenergetika və digər
sənaye sahələrinin tərəqqisinə xidmət edən
əməli tədbirlər nəticə etibarı ilə Azərbaycanın
ümumi inkişafının sürət dinamikasını
daha da yüksəldib.
Paytaxtdan tutmuş ən ucqar regionlara qədər Azərbaycanın
siması müasirləşib, gözəlləşib və
bu proses uğurla davam edir. Əhalinin məşğulluq səviyyəsinin
yüksəldilməsi və maddi gəlirlərinin məcmu həcminin
çoxalması isə insanların layiqli həyat tərzinin
təminində böyük rol oynayır. Təcrübə
göstərir ki, iqtisadi tərəqqinin müxtəlif
sferalarının inkişafını özündə ehtiva
edən qısamüddətli və uzunmüddətli prioritetlərinə
söykənən dövlət proqramlarının
hazırlanması və uğurla icraya yönəldilməsi əldə
edilən müvəffqiyyətlərin miqyasının
davamlı olaraq genişlənməsinə böyük
töhfələr verib. Məhz belə proqramlar bu gün
paytaxt və regionların tarazlı, davamlı
inkişafına, onların potensialının bir-birinə
kömək mexanizmi üzərində qurulmasına, qeyri-neft
sektorunun daha da möhkəmlənməsinə gətirib
çıxaran mühüm amilə çevrilib.
Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində
iqtisadi sahədə keçid dövrünü uğurla
başa vuran Azərbaycan enerji, nəqliyyat təhlükəsizliyini
təmin edə bilib. Ərzaq təhlükəsizliyinin təmini
sahəsində qarşıya qoyulan məqsədlərin
böyük əksəriyyətinə nail olunub. Əvvəllər
xaricdən idxal edilən məhsulların bir çoxuna olan tələb
indi yerli istehsal hesabına ödənilir. Bu, həm də
ölkəmizdə aqrar sahənin, kənd təsərrüfatının
inkişaf göstəricisidir. Fermerlərə verilən
subsidiyalar, sahibkarlara ayrılan güzəştli kreditlər,
regionlarda cənab Prezidentin göstərişi ilə
yaradılan infrastruktur, soyuducu anbarların inşası son illər
ərzində kənd təsərrüfatı məhsullarının
daha böyük həcmdə istehsalını şərtləndirib.
Elə aqrar rayonlardan biri kimi ölkə miqyasında kifayət
qədər yaxşı tanınan Cəlilabadın
timsalında da bunu aydın görmək mümkündür.
Lakin məhsuldarlıq səviyyəsi təkcə kənd təsərrüfatında
yox, digər mühüm sahələrdə, məsələn,
sənayedə, qeyri-neft sektorunun digər sferalarında da
özünü qabarıq büruzə verir.
Bununla yanaşı, bütün ölkədə
olduğu kimi, Cəlilabadda da sosial infrastruktur müasirləşdirilir,
yeniləri yaradılır. Bu da daha keyfiyyətli və
yüksək səviyyəli təhsil, tibbi xidmət deməkdir.
Sözügedən sahədə ümummilli liderin nəcib və
humanist əməllərini layiqincə yaşadan və onun
adını daşıyan Heydər Əliyev Fondunun yerinə
yetirdiyi xoşməramlı missiya xüsusi qeyd
olunmalıdır. Fondun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü və
dəstəyilə təkcə Bakıda yox, ən ucqar
regionlarda yüzlərlə məktəb, səhiyyə
ocağı, sağlamlıq mərkəzləri inşa
olunaraq sakinlərin ixtiyarına verilib.
Bütün bunlar bir daha Azərbaycanın dinamik
inkişaf yolunda olmasının göstəricisidir və
ölkəmizdə belə bir tərəqqinin yaşanması
bilavasitə 20-ci ildönümünü qeyd etməyə
hazırlaşdığımız dövlət müstəqilliyinin
töhfəsidir.
İndi isə söz Cəlilabad Rayon İcra Hakimiyyətinin
başçısı Əziz ƏZİZOVa verilir.
Əziz ƏZİZOV:
- Müasir Azərbaycanın müstəqilliyinin 20
illiyi münasibətilə belə bir mötəbər tədbirin
rayonumuzda keçirilməsinə görə "Azərbaycan"
qəzetinə minnətdarlığımızı bildirirəm.
Cəlilabad rayonu 1988-1990-cı illərdə
milli-azadlıq hərəkatının ön
sıralarında getmiş, Azərbaycanın müstəqillik
əldə etməsində mühüm rol
oynamışdır. Təəssüf ki, müstəqilliyin
ilk illərində rayonun iqtisadiyyatı bərbad vəziyyətə
düşmüş, sərvəti ayrı-ayrı səriştəsiz
rəhbərlər tərəfindən talan edilmişdi. Rayon
özlərini "xalq cəbhəsi" adlandıran cinayət
qrupunun poliqonuna çevrilmişdi. Anarxiya və
başıpozuqluq kulminasiya nöqtəsinə
çatmışdı.
Dövlətçiliyin müqəddəratının
həll edildiyi həmin günlərdə Heydər Əliyev
yenidən hakimiyyətə gələrək Azərbaycanı
dəhşətli fəlakətlərdən xilas etdi. Ulu
öndər qısa müddət ərzində ölkədəki
siyasi hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi
çəkişmələri aradan qaldırdı. 1993-cü
ilin avqustunda - respublikamız vətəndaş müharibəsi
vəziyyətində olduğu bir vaxtda cəlilabadlılar da
ulu öndərin çağırışı ilə
ayağa qalxaraq üzdəniraq "Talış-Muğan
Respublikası"na son qoydular.
1993-cü ildən sonra rayonumuzda əldə olunan
nailiyyətlər birbaşa Heydər Əliyevin adı ilə
bağlıdır. Heydər Əliyev həmişə cəlilabadlıların
əməyini yüksək qiymətləndirmiş, qabaqcıl
əmək adamlarını, mədəniyyət və incəsənət
xadimlərini fəxri adlar və mükafatlarla təltif
etmişdir.
Cəlilabad rayonu ulu öndərin layiqli
davamçısı Prezident İlham Əliyevin göstərdiyi
diqqət və qayğı nəticəsində keyfiyyətcə
yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Cənab Prezidentin 2007-ci ilin aprelində, 2008-ci
ilin sentyabrında və 2010-cu ilin aprelində rayonumuza tarixi səfərləri
Cəlilabadın əsl intibahına təkan vermişdir.
Prezident İlham Əliyevin bu səfərlər zamanı
verdiyi tapşırıqlar nəticəsində regionların
sosial-iqtisadi inkişafı üzrə dövlət
proqramlarında nəzərdə tutulan tədbirlərdən
qat-qat artıq işlər görülmüşdür. Misal
üçün, 2010-cu ildə ümumi daxili məhsulun həcmi
2003-cü ilə nisbətən 3,3 dəfə, 2009-cu ilə
nisbətən 1,2 dəfə artaraq 398,2 milyon manata
çatmışdır. İstehsal olunan sənaye məhsulunun
həcmi 3,4 milyon manat olmuşdur ki, bu da bütövlükdə
2003-cü ildəkindən 5,3 dəfə çoxdur.
Rayonumuzun iqtisadiyyatının əsasını aqrar
sahə təşkil edir. Ulu öndər Heydər Əliyev
MDB məkanında analoqu olmayan torpaq islahatı aparmaqla
torpağı kəndliyə qaytarmış və yenidən
onun sahibi etmişdir. Prezident İlham Əliyev isə aqrar
bölməni toxum, gübrə, texnika, damazlıq heyvan və
yanacaqla təmin edərək kəndlilərə bol məhsul
istehsal etmək üçün stimul vermişdir.
Bütün bunların nəticəsidir ki, son beş ildə
Cəlilabadda görünməmiş miqdarda məhsul
toplanmış, orta illik taxıl istehsalı 130 min tona, kartof
istehsalı 120 min tona, süd istehsalı 50 min tona, ət
istehsalı isə 10 min tona çatmışdır. Təkcə
2010-cu ildə rayon üzrə 107,5 milyon manatlıq kənd təsərrüfatı
məhsulları, o cümlədən 58,7 milyon manatlıq
bitkiçilik, 48,8 milyon manatlıq heyvandarlıq məhsulları
istehsal olunmuşdur. Kənd əməkçiləri keçən
il 87,8 min ton taxıl istehsal etmişlər. Cari ilin məhsulu
üçün əkilən 61170 hektar taxıl sahəsinin
biçini hazırda sürətlə davam etdirilir. İlkin nəticələr
bu il keçənilkindən daha çox məhsul
götürüləcəyinə təminat verir.
Dövlət proqramlarına müvafiq olaraq rayonumuzda
üzümçülüyün inkişafına xüsusi
diqqət yetirilir. Son beş ildə üzüm
bağlarının sahəsi 1500 hektara
çatdırılmışdır. Keçən il
üzümçülər bağlardan 4257 ton məhsul
istehsal etmişlər ki, bu da 2009-cu ildəkindən 2465 ton
çoxdur. Hazırda yeni üzüm bağlarının
salınması üçün aqrotexniki tədbirlər
görülür, xaricdən keyfiyyətli tinglər gətirilir.
2010-cu il aprelin 29-da Prezident İlham Əliyevin
açılışında iştirak etdiyi müasir tipli
şərab zavodunun istifadəyə verilməsi
üzümçülüyə marağı daha da
artırmışdır.
Vaxtilə ənənəvi taxılçılıq
və üzümçülük diyarı kimi tanınan Cəlilabadda
indi faraş kartof istehsalı da mühüm yer tutur. Bu sahəyə
son vaxtlar artan meylin əsas səbəbi bir tərəfdən
dövlətin yaratdığı şərait nəticəsində
məhsulun maya dəyərinin aşağı düşməsi,
digər tərəfdən isə istehsal olunan kartofun 70-75
faizinin MDB ölkələrinə ixrac olunması hesabına
yaxşı gəlir gətirməsi ilə
bağlıdır.
Heyvandarlığın inkişaf etdirilməsi
üçün nəzərdə tutulan tədbirlərin həyata
keçirilməsi nəticəsində təkcə keçən
il 10,9 min ton ət, 50,7 min ton süd və 18,5 milyon ədəd
yumurta istehsal olunmuşdur. İstehsal edilən kənd təsərrüfatı
məhsullarının saxlanılması üçün cari
ildə müasir standartlara cavab verən 20 min tonluq regional
gübrə bazası, hər biri 10 min tonluq 2 taxıl
anbarı və sutkada 120 ton un istehsal edən son modelli un dəyirmanı
tikilib istifadəyə verilmişdir. Hazırda hər biri 2 min
tonluq 2 soyuducu kameranın tikintisi başa çatmaq üzrədir.
Əkin sahələrinin suvarılması bol məhsul
üçün həlledici şərtdir. Rayonumuzda 9 min
hektardan çox suvarılan torpağın mövcudluğu nəzərə
alınaraq açılışında cənab Prezidentin
iştirak etdiyi ümumi tutumu 3,7 milyon kubmetrlik Göytəpə
su anbarının istifadəyə verilməsi nəticəsində
681 hektar əkin sahəsinin suvarılmasına imkan
yaranmışdır.
Ayrılmış vəsait və yerli imkanlar
hesabına 2006-cı ilin avqustundan sonra rayonumuz öz
simasını dəyişərək abad bir diyara
çevrilmişdir. Əhalinin mədəni istirahətini təmin
etmək məqsədilə Cəlilabad şəhərində
9 hektar sahəni əhatə edən 3 park salınmış,
Xatirə parkı əsaslı təmir olunmuşdur. Heydər
Əliyev seyrəngahı indi cəlilabadlıların əsl
istirahət mərkəzinə çevrilmişdir. Heydər
parkında ucaldılmış ümummilli liderimizin əzəmətli
abidəsi cəlilabadlıların ulu öndərə
göstərdikləri ehtiramın parlaq təzahürüdür.
Bundan başqa, Cəlilabad şəhərində
xalçaçılıq, tikiş, konserv, çörək,
mebel və dəmir-beton məmulatları sexləri, müalicə-diaqnostika
mərkəzi, şahmat məktəbi,
tarix-diyarşünaslıq muzeyi, gənclər
üçün istirahət mərkəzi inşa edilib.
İdarə və təşkilatlar üçün tikilən
15-dən artıq yeni inzibati bina son illərin
yadigarıdır. Bu il tikilən Heydər Əliyev adına
yaradıcılıq mərkəzi və Dövlət
Bayrağı Meydanı öz əzəməti və
arxitektura görünüşü ilə şəhərimizə
xüsusi yaraşıq verir. Hazırda Cəlilabad şəhərində
olimpiya idman kompleksi, rayon baytarlıq idarəsi, Göytəpə
yanğın xidməti bölməsi üçün inzibati
binalar inşa olunur.
Ötən dövr ərzində yolların və
küçələrin təmir olunması da diqqət mərkəzində
saxlanılmışdır. Belə ki, Ələt-Astara
şosesinin Cəlilabad rayonu ərazisindən keçən 37
kilometrlik hissəsinə, Cəlilabad şəhərinin 345
min kvadratmetrlik 52 küçəsinə yüksək keyfiyyətli
asfalt vurulmuş, səkilərə 2 min kvadratmetrdən
çox üzlük daşı və 15 min metr məsafəyə
bardur döşənmişdir. Heydər Əliyev prospekti və
Ələt-Astara şosesinin Cəlilabad rayonu ərazisindən
keçən hissəsi genişləndirilərək
asfaltlaşdırılmış, şose boyu 2,5 kilometr
kanalizasiya xətti çəkilmiş, avtomobil
tıxaclarını aradan qaldırmaq məqsədilə
köməkçi avtomobil yolu və piyadalar üçün
səki düzəldilmişdir.
Şəhid ailələrinə və Qarabağ
müharibəsi əlillərinə həmişə yüksək
qayğı ilə yanaşılmış, onların həyat
səviyyəsinin və mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasına hər cür kömək
göstərilmişdir. Son beş il ərzində həmin
kateqoriyadan olanlar üçün Cəlilabad şəhərində
36 mənzilli və iki 16 mənzilli yaşayış evləri
tikilib istifadəyə verilmişdir. Keçən il Azərbaycanın
Milli Qəhrəmanı Arif Qubadovun doğulduğu Əliqasımlı
kəndində abidə kompleksi, bu il isə Azərbaycanın ərazi
bütövlüyü uğrunda şəhid olmuş Fərid
Əhmədovun və Əhməd Abdullayevin təhsil
aldıqları Cəlilabad şəhər 1 saylı orta məktəbin
həyətində barelyef tikilmişdir.
Müstəqillik dövründə rayonun təhsil
sistemində də köklü dəyişikliklər
edilmişdir. Dövlət proqramlarının həyata
keçirilməsi nəticəsində uzun illər diqqətdən
kənarda qalmış və qəza vəziyyətinə
düşmüş məktəblərin əksəriyyəti
üçün yeni binalar tikilmiş, digərləri əsaslı
təmir olunmuşdur. Bundan əlavə, Heydər Əliyev
Fondunun dəstəyi ilə də mühüm işlər
görülmüşdür. Fondun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə "Yeniləşən Azərbaycana - yeni məktəb"
proqramı çəpçivəsində Kövüzbulaq, Bəcirəvan,
Çünzəli, Cəlayir və Ağdaş kəndlərində
1680 şagirdlik orta məktəb binaları tikilmişdir.
Fondun təşəbbüsü ilə Cəlilabad şəhərində
tikilən akademik Zərifə Əliyeva adına 1100
şagirdlik möhtəşəm məktəb
binasının açılışında cənab
Prezidentin iştirak etməsi təkcə müəllimlərin
və şagirdlərin deyil, bütün rayon ictimaiyyətinin
hədsiz sevincinə səbəb olmuşdur.
Ümumiyyətlə, 2004-cü ildən sonrakı 7 il
ərzində 30-a yaxın məktəb binası tikilib istifadəyə
verilmişdir. Bir rayonun timsalındakı bu fakt
bütövlükdə respublikada məktəb tikintisinin
ümumi mənzərəsini xarakterizə edir.
Dövlət proqramlarına müvafiq olaraq rayonda
elektrik və qaz təchizatı sisteminin yenidən
qurulmasına başlanılmış, Cəlilabad şəhərində
58,5 kilometr SİP tipli kabel çəkilmiş, 8356 ədəd
SMART tipli sayğac quraşdırılmış, 3200 elektrik
dirəyi dəyişdirilmiş, yeni yaşayış massivində
4 transformator yarımstansiyası tikilib istifadəyə verilmişdir.
Prezident İlham Əliyevin
tapşırığına əsasən Cəlilabad rayonu da
su və kanalizasiya sisteminin yenidən qurpulması nəzərdə
tutulan rayonların siyahısına daxil edilmişdir. Dünya
Bankının vəsaiti hesabına Almaniya, Türkiyə və
Azərbaycan mütəxəssislərinin həyata keçirəcəyi
bu mühüm tədbir nəticəsində 2013-cü ilədək
Cəlilabad şəhərində yeni su və kanalizasiya
sistemi çəkiləcək.
Regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının icrası, habelə sahibkarlığın
inkişafına və yeni iş yerlərinin açılmasına
xüsusi diqqət yetirilməsi Cəlilabad rayonunda da əhalinin
məşğulluğuna müsbət təsir göstərmişdir.
Bütün bunların nəticəsində 2003-cü ilin
oktyabr ayından indiyədək 23810 nəfər işlə təmin
olunmuşdur.
Göründüyü kimi, müstəqillik illərində
Azərbaycanın digər bölgələri ilə
yanaşı Cəlilabad rayonu da iqtisadi cəhətdən
sürətlə inkişaf etmiş, insanların həyat səviyyəsi
durmadan yüksəlmişdir. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "İndi biz
Cəlilabada yeni həyat veririk. Hər yer abadlaşır, hər
yer gözəlləşir. Bütün bunlar Cəlilabadın
ümumi inkişafının dinamikasını göstərir".
Həqiqətən, indi Cəlilabad rayonu öz
xoşbəxt günlərini yaşayır, əhali müdrik
Prezidentin rəhbərliyi altında böyük ümid və
inamla sabaha doğru addımlayır. Cəlilabadlılar
dünəni ulu öndərimizin, bugünü və
sabahı möhtərəm Prezidentimizin adı ilə
bağlı olan müstəqil Azərbaycanın tərəqqisi
naminə bundan sonra da bütün qüvvə və
bacarıqlarını sərf edəcəklər.
Bəxtiyar SADIQOV: - Son illərdə
qazandığımız ən böyük nailiyyətlərdən
biri də kənd təsərrüfatında müşahidə
edilən sürətli inkişafdır. Bu məsələ
dövlət başçısının xüsusi diqqət
mərkəzindədir. Bu gün fermerlərimiz, kənd təsərrüfatında
çalışan iş adamları dövlətin
qayğısını daim hiss edirlər. Ayrılan
subsidiyalar, yanacaq və motor yağlarının, gübrələrin,
xaricdən gətirilən cins mal-qaranın güzəştlə
satılması məhz bir məqsədə - kənd təsərrüfatının
inkişafına xidmət edir. Cəlilabad aqrar sektorda əldə
edilən yüksək göstəricilərlə öndə
gedən rayonlardan biridir. Dövlətin
qayğısının nəticəsi olaraq burada kənd təsərrüfatındakı
keçmiş ənənələr bərpa olunur. Bu
mövzuda danışmaq üçün söz Cəlilabad
rayon fermerlər şurasının sədri, respublikanın əməkdar
aqronomu Mikayıl XUBALIYEVə verilir.
Mikayıl XUBALIYEV:
- Gündən-günə inkişaf edən
respublikamız özünün yeni, çiçəklənən
növrağını yaşayır. Bu tərəqqinin,
analoqu olmayan dinamik inkişafın əsasını Heydər Əliyevin
müdrik ideyaları və bu ideyaların Prezident İlham Əliyev
tərəfindən layiqincə həyata keçirilməsi təşkil
edir.
Azərbaycanın hərtərəfli, dinamik
inkişafını Cəlilabadın timsalında da aydın
görmək olar. Ölkəmizin bütün regionları
kimi, rayonumuz da həyata keçirilən iqtisadi islahatlardan,
irimiqyaslı layihələrdən, dövlət
proqramlarından bəhrələnərək sürətlə
inkişaf edir. Bu inkişafda və yüksəlişdə
aqrar sektorun özünün xüsusi yeri və payı var.
Öncə qeyd etmək istəyirəm ki, Cəlilabad
rayonu relyef, iqlim və torpaq müxtəlifliyinə görə
dörd yarımzonadan ibarətdir. Bu xüsusiyyətlərə
malik olan ərazidə kənd təsərrüfatının
hər hansı sahəsinin inkişafına hər cür əlverişli
şərait var. Xüsusilə üzümçülük və
taxılçılıq rayonda aparıcı sahələrdən
hesab olunur. Təsadüfi deyil ki, hələ sovetlər
dövründə ulu öndər Heydər Əliyev rayonumuzun
torpaq, iqlim xüsusiyyətlərini nəzərə alıb
üzümçülük və şərabçılıq
üzrə ixtisaslaşmasına göstəriş
vermişdi. O zaman qısa müddətdə 30 min hektara qədər
üzüm bağları salınmışdı. Həmin
bağlardan hər il 200-240 min ton məhsul toplanırdı.
Sonralar keçmiş SSRİ-nin bədnam rəhbəri
M.Qorbaçovun avanturist siyasəti nəticəsində min bir
əziyyətlə salınmış üzümlüklər
məhv edildi.
Ötən əsrin 90-cı illərinin əvvəllərində
isə ölkəmizdə bütün sahələr kimi kənd
təsərrüfatı da tənəzzülə
uğradı. Həm də o dövrdə respublikaya rəhbərlik
edənlərin səriştəsizliyi üzündən kənddə
yaradılmış bütün infrastrukturlar, xüsusilə
üzüm sahələri tamamilə məhv edildi. Yalnız
ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən
siyasi hakimiyyətə qayıtdıqdan sonra aqrar sahənin
inkişafında dönüş yaradıldı, MDB məkanında
analoqu olmayan torpaq islahatları aparıldı. Bu islahat nəticəsində
pay torpaqlarına sahib olmuş əkinçilər aqrotexniki tədbirlər
tətbiq edərək hər hektardan orta hesabla 26 sentner
taxıl toplamağa başladılar.
Bu gün isə Prezidenti İlham Əliyevin uğurlu
aqrar siyasəti, ölkəmizin maliyyə imkanlarının
artması rayonumuzda kənd təsərrüfatının
bütün sahələrinin inkişaf etdirilməsinə
böyük stimul vermişdir. Fermerlərə subsidiyaların
ayrılması, "Aqrolizinq" Səhmdar Cəmiyyəti
rayon filialının yaradılması, kəndlilərə
güzəştli qiymətlərlə mineral gübrələrin,
toxumun, cins mal-qaranın satılması kənd təsərrüfatı
məhsulları istehsalının artırılmasına əlverişli
şərait yaratmışdır.
Fərəhlisi odur ki, indi Cəlilabadda vaxtilə
rayonumuz üçün ənənəvi olmuş
üzümçülük sahəsi də bərpa
edilmişdir. Son 5 ildə 1500 hektar üzümlük
salınmış, məhsul istehsalı 4260 tona
çatdırılmışdır. Hazırda mövcud
üzümlüklər əsasən Avropa mənşəli
sortlardan ibarətdir. Keçən il rayonda Prezident İlham Əliyevin
iştirakı ilə açılışı olan "Cəlilabad-Şərab-2"
ASC şərab zavodu da üzümçülüyün
inkişafını stimullaşdırır. Ümumiyyətlə,
yaxın 10 ildə rayonumuzda üzüm sahələrinin 15 min
hektara çatdırılmasına dair tədbirlər
planı hazırlanmışdır. Yeni üzümlüklər
əsasən calaq tinglərlə əkiləcəkdir. Calaq
tinglərin rayonda fəaliyyət göstərən tinglik təsərrüfatı
müəssisəsində hazırlanması nəzərdə
tutulmuşdur ki, bu da xaricdən baha qiymətə alınan
tingləri əvəzləyəcəkdir.
Cəlilabadda məhsul istehsalında ekstensiv üsulla
yanaşı intensiv inkişafa da diqqət yetirilir. Bunun sayəsində
taxılın hər hektardan məhsuldarlığı 26
sentnerə, kartofun məhsuldarlığı isə 170 sentnerə
kimi yüksəldilmişdir. Tam məhsula
düşmüş üzümlüklərdə hər
hektardan 10-12 ton məhsul götürülür.
Fərəhlə qeyd etməliyik ki, kənd təsərrüfatında
istehsalın artımı nəticəsində Cəlilabadda əhalinin
ərzaq məhsulları ilə təminatı yüksək səviyyədədir.
Hətta hər il sahələrdən yığılan
kartofun 50 min tondan çoxu Rusiya Federasiyasına göndərilir.
Bu da əhalinin maddi rifah halının
yaxşılaşmasına xeyli kömək göstərir.
Cəlilabadda taxıl, kartof və üzümlə
yanaşı bostan bitkiləri də yetişdirilir. Son illərdə
ən gəlirli məhsullardan olan və ilboyu məhsul verən
çiyələk əkini xeyli genişləndirilmişdir.
Rayonun iqlim xüsusiyyətləri bir ildə 2 dəfə
qarğıdalı, tərəvəz bitkiləri, kartof
yetişdirilməsinə imkan verir. Bunlarla yanaşı Cəlilabadda
arıçılıq da inkişaf edir. Hazırda rayonun
arıçılarında mindən çox pətək var.
Əldə olunmuş nailiyyətlər rayonumuzun
fermerlərini, torpaq mülkiyyətçilərini qətiyyən
arxayınlaşdırmır. Aqrar sahədə müasir
texnika və texnologiyaların tətbiqi, bilik və informasiya
şəbəkəsinin genişləndirilməsi bu sahədə
istifadə olunmamış yeni mənbələrin üzə
çıxarılmasına şərait yaradır. Söz yox
ki, kənd əməkçilərimiz bu imkanlardan və mənbələrdən
istifadə edərək ölkəmizdə ərzaq
bolluğunun yaradılmasına yeni-yeni töhfələr verəcəklər.
Bəxtiyar SADIQOV: - Ölkəmizdə qazanılan
sosial-iqtisadi uğurlarda təbii ki, sahibkarların da
böyük xidmətləri var. Bu gün sərbəst biznes
fəaliyyəti üçün münbit şərait
yaradılıb. Sahibkarlar hər addımda dövlətin
qayğısını hiss edirlər. Bunun nəticəsidir
ki, ölkə üzrə ümumi daxili məhsul
istehsalında özəl bölmənin çəkisi son illərdə
xeyli artıb. İş adamları Cəlilabad rayonunun da
sosial-iqtisadi inkişafına böyük töhfələr
verirlər. Bu barədə danışmaq üçün
söz sahibkar Xuraman ƏLİYEVAya verilir.
Xuraman ƏLİYEVA:
- Xalqımızın ümummilli lideri Heydər Əliyev
özəl sektorun inkişafını ölkənin iqtisadi cəhətdən
güclənməsində mühüm amil hesab edirdi.
Sevindirici haldır ki, Prezident İlham Əliyev ulu öndərin
yolunu uğurla davam etdirərək ölkəmizdə azad
sahibkarlığın inkişafına, güclü və
sağlam sahibkarlar sinfinin formalaşmasına qayğı ilə
yanaşır. Biz dövlət başçısının
iş adamlarının etibarlı dayağı olduğunu
gündəlik həyatımızda hər an hiss edirik. Əsassız
yoxlamaların aradan qaldırılması, cənab Prezidentin
Nazirlər Kabinetinin rüblük və illik iclaslarında bu məsələyə
geniş yer ayırması ölkəmizdə
sahibkarlığın inkişafına güclü stimul verir.
Bütün bunların məntiqi nəticəsi olaraq müstəqilliyimizin
bəhrələrindən olan özəl sektorun sürətli
inkişafı göz önündədir. Biz sahibkarlar ölkədə
sağlam rəqabət mühitinin yaradılmasına, biznes fəaliyyətinə
mane olan əngəllərin aradan qaldırılmasına,
sahibkarlıq subyektlərinin vahid pəncərə sistemi ilə
qeydiyyata alınmasına görə ölkə başçısına
minnətdarıq. Yaradılmış əlverişli biznes
mühiti bizi daha yüksək nəticələr əldə
etməyə ruhlandırır, iş adamı kimi fəaliyyətimizi
genişləndirməyə təkan verir.
Sahibkarlara dövlət qayğısını Cəlilabad
rayonunun timsalında da aydın görmək olar. Ümumilikdə
ölkəmizdə əlverişli biznes mühitinin
formalaşdırılması nəticəsində son illər
Cəlilabadda məhsul istehsalında sahibkarlar aparıcı
qüvvəyə çevrilmişlər. Bunun nəticəsində
rayonumuzun iqtisadi inkişafında yüksək nəticələr
əldə olunmuşdur. Rəqəmlərin dili ilə desək,
ötən il rayon üzrə istehsal olunan ümumi daxili məhsulda
özəl bölmənin payı 88 faizə
çatmışdır. Bilavasitə sahibkarların əməyi
nəticəsində sənaye və kənd təsərrüfatı
məhsullarının istehsalı durmadan artır,
tikinti-quruculuq işləri geniş vüsət alır.
Sahibkarlığın inkişafı nəticəsində
yaşayış səviyyəsi də yüksəlmiş,
yeni iş yerləri açılmış, əhalinin məşğulluğu
təmin olunmuş, gənclərin iş dalınca paytaxta və
xarici ölkələrə axını kəskin
azalmışdır.
Sevinirəm ki, bütün bu uğurların
qazanılmasında rəhbərlik etdiyim "Namiq-84"
kiçik müəssisəsinin də payı var. İstehsal
etdiyimiz müxtəlif çeşidli mebel dəstlərinə,
plastik qapı və pəncərələrə
respublikanın hər tərəfində böyük tələbat
var. Son illərdə ölkəmizdə
sahibkarlığın inkişafına dövlət
qayğısının artması nəticəsində müəssisəmizin
fəaliyyətində geniş keyfiyyət dəyişiklikləri
baş vermişdir. Ən əsası müasir
texnologiyaların tətbiqi və ali məktəblərimizdə
ixtisaslı kadrların hazırlanması məhsullarımızın
çeşidinin və coğrafiyasının genişlənməsinə
səbəb olmuşdur. Müəssisəmizdə 40 nəfərdən
çox daimi, 70 nəfərə yaxın isə
mövsümi işçi çalışır.
İşçilərin orta aylıq əməkhaqqı hər
il yüksələrək normal yaşayış səviyyəsini
təmin etmək səviyyəsinə çatıb.
Müəssisəmiz bayram günlərində
imkansız ailələrə maddi yardım edir, tələbələrin
təhsil almasına və xəstələrin müalicə
olunmasına hər cür kömək göstərir. Eyni
zamanda müəssisəmizin yerləşdiyi Göytəpə
şəhərinin abadlaşdırılmasında və səliqə-sahman
yaradılmasında əlimizdən gələni əsirgəmirik.
Maliyyə imkanlarımız genişləndikcə xeyriyyəçilik
tədbirlərini davam etdirməyi, şəhərin
sosial-iqtisadi problemlərinin həllinə köməyimizi
genişləndirməyi, yeni istehsal sahələrini işə
salmağı nəzərdə tutmuşuq.
Ümumiyyətlə, çalışırıq ki,
gördüyümüz işlər əhalinin məşğulluğunun
təmin olunmasına, onların rifahının
yaxşılaşmasına, doğma vətənimizin iqtisadi
qüdrətinin artmasına xidmət göstərsin. Bunun
üçün fəaliyyətimizi daha çox istehsal üzərinə
yönəldirik. Bu sahədə rayonumuzun sərvətləri
əvəzsiz xammaldır. Onları müasir texnologiyalar əsasında
son məhsula çevirmək niyyətindəyik. Artıq bu
istiqamətdə bir sıra layihələr
hazırlamışıq və yaxın günlərdə
onların həyata keçirilməsinə
başlayacağıq.
Özəl sektorun inkişafına dövlətin
göstərdiyi diqqət və qayğı barədə
danışarkən bir faktı qeyd etməyi vacib sayıram.
Son bir il ərzində Sahibkarlığa Kömək Milli
Fondunun vəsaiti hesabına maliyyələşən
investisiya layihələrinə aşağı faizlə
yüksək məbləğdə kreditlər
ayrılmışdır. Bunun nəticəsində rayonumuzda
taxıl anbarları, un dəyirmanı, soyuducu kameralar tikilib
istifadəyə verilmişdir. Artıq sahibkarlar öz məhsullarını
satmaq üçün bazar axtarmaq və onların
satılmayan hissəsini saxlamaq problemindən xilas olmuşlar.
Biz ölkə başçısının diqqət
və qayğısından bəhrələnərək
ümumi evimiz olan Azərbaycanın daha da tərəqqi etməsi,
mövcud sosial-iqtisadi problemlərin həll olunması
üçün əlimizdən gələni əsirgəməməliyik.
Ölkənin bütün sahibkarları kimi Cəlilabad
rayonunun iş adamları da möhtərəm Prezidentimizin
qarşımızda qoyduğu vəzifələrin
sözsüz yerinə yetirilməsi, biznes fəaliyyətinə
yaradılan münbit şəraitdən istifadə edərək
müstəqil Azərbaycanın iqtisadi cəhətdən
qüdrətlənməsi üçün bütün bilik və
bacarığımızı sərf edəcəyik.
Bəxtiyar SADIQOV: - Ölkəmizdə həyata
keçirilən sosial siyasətin bir istiqamətini də
müharibə əlillərinin, veteranların və şəhid
ailələrinin yüksək dövlət qayğısı
ilə əhatə olunması təşkil edir. Son illərdə
artan maliyyə imkanları bu sahədə çoxsaylı
dövlət proqramlarının həyata keçirilməsinə
imkan verib. İndi elə bir rayon yoxdur ki, orada bu kateqoriyadan
olan insanlar üçün hər cür şəraiti olan
yaşayış binaları tikilməsin. Qayğıya
ehtiyacı olan bu insanların müalicəsi, istirahəti,
minik avtomobilləri ilə təmin olunmaları da daim diqqət
mərkəzindədir. Cəlilabad rayonunda bu sahədə
görülən işlər barədə danışmaq
üçün söz "20 Yanvar" Cəmiyyəti Cəlilabad
rayon şöbəsinin sədri Mirşamil MÜRSƏLOVa
verilir.
Mirşamil MÜRSƏLOV:
- Bu il xalqımız dövlət müstəqilliyimizin
bərpasının 20 illiyini böyük təntənə ilə
qeyd edəcək. Bu 20 il bizə çox şeyi öyrətdi.
1991-1993-cü illərdə baş verən proseslər
göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə
etməkdən daha çətindir. Əslində o illərdə
hakimiyyətdə bir-birini əvəz edən siyasət dəllalları
müstəqilliyimizi formallıqdan o yana keçirə bilmədilər.
Bu mənada Azərbaycanın həqiqi dövlət müstəqilliyi
xalqımızın dahi oğlu Heydər Əliyevin 1993-cü
ilin iyununda xalqın tələbi ilə hakimiyyətə
qayıdışından sonra qazanıldı. Bu gün isə
ümummilli liderin layiqli siyasi davamçısı olan Prezident
İlham Əliyevin apardığı uğurlu siyasət
sübut edir ki, müstəqil Azərbaycanın gələcəyi
etibarlı əllərdədir.
Heydər Əliyevin müəllifi olduğu ölkəmizin
inkişaf strategiyasını özünəməxsus
uzaqgörənliklə davam etdirən, yeni keyfiyyət göstəriciləri
ilə zənginləşdirən Prezident İlham Əliyevin
bu istiqamətdə həyata keçirdiyi genişmiqyaslı tədbirlər
Cəlilabad rayonunun tərəqqisinə də böyük
töhfələr verməkdədir. Son illər rayonumuz
sürətlə inkişaf etmiş, öz
görünüşünü büsbütün dəyişərək
respublikanın ən abad rayonlarından birinə
çevrilmişdir. Regionların sosial-iqtisadi inkişafı
üzrə dövlət proqramlarının həyata
keçirilməsi nəticəsində on il bundan əvvəlki
Cəlilabaddan əsər-əlamət qalmamışdır.
İqtisadiyyatın bütün sahələrində dinamik
inkişaf və yüksəliş tempi müşahidə
edilir.
Rayonumuzda digər sahələrlə yanaşı
sosial sahə də daim diqqət mərkəzində
saxlanılmış, sosial layihələrin həyata
keçirilməsi, məşğulluq problemlərinin həll
olunması, xüsusi kateqoriyadan olan insanların mənzillə
təmin edilməsi, sosial yardıma ehtiyacı olan şəxslərin
müəyyənləşdirilməsi üçün
ardıcıl iş aparılmışdır. Prezident
İlham Əliyevin təşəbbüsü ilə həyata
keçirilən və ən böyük sosial layihələrdən
olan ünvanlı sosial yardımın verilməsi Cəlilabad
rayonunda da uğurla icra edilməkdədir. Hazırda bu proqram
rayonumuzda 3116 ailəni və ya 15768 nəfəri əhatə
edərək onlara dövlətin qayğısından maksimum
bəhrələnmək və yoxsulluğu azaltmaq imkanı
vermişdir. Rayonda yaşayan 98 nəfər tək və kimsəsiz
ahıl vətəndaşa müxtəlif növ sosial xidmətlər
göstərilir.
Dövlətimiz həmişə şəhid ailələrinə,
müharibə əlillərinə lazımi qayğı
göstərmiş, onların maddi və mənəvi
rahatlığı üçün ən zəruri tədbirləri
görmüşdür. Ümummilli lider Heydər Əliyev fəaliyyətinin
bütün dövrlərində bu kateqoriyadan olan insanlara
özünün ən əziz adamı kimi baxmış,
onların problemlərinin həllinə xüsusi diqqət
yetirmişdir. Fərəhli haldır ki, bu kursu uğurla davam
etdirən Prezident İlham Əliyevin təşəbbüsü
ilə son illərdə ölkəmizdə şəhid ailələrinin
və müharibə əlillərinin sosial rifahını daha
da yaxşılaşdırmaq üçün çoxşaxəli
tədbirlər həyata keçirilməkdədir. Bu gün
ölkəmizin hər yerində şəhid ailələrinin,
müharibə və 20 Yanvar əlillərinin müasir tipli
yaşayış evləri ilə təmin olunmaları, əlillərə
minik avtomobillərinin verilməsi, onların pensiya təminatının
yaxşılaşdırılması olduqca təqdirəlayiqdir.
Azərbaycan dövlətinin şəhid ailələrinə,
veteranlara qayğısı Cəlilabad rayonunun timsalında da
aydın görünür. Son beş ildə Cəlilabad şəhərində
şəhid ailələri və müharibə əlilləri
üçün 16 mənzilli iki və 36 mənzilli
yaşayış binaları tikilib istifadəyə verilmiş
və həmin mənzillər hər cür avadanlıqlarla təmin
edilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev
2010-cu il aprelin 29-da rayonumuza səfəri zamanı 36 mənzilli
yaşayış binasının
açılışında iştirak etmiş və mənzillərin
açarlarını sahiblərinə təqdim etmişdir. Bu
hadisə şəhid ailələri və müharibə əlillərinin
yaddaşına əbədi həkk edilmiş, onların
sevincinə və ruh yüksəkliyinə səbəb
olmuşdur. Bundan başqa, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin xətti ilə 8 nəfər
Qarabağ müharibəsi və 1 nəfər 20 Yanvar əlilinə
yaşadıqları kəndlərdə müasir tipli və
bütün məişət şəraiti olan fərdi evlər
inşa edilmişdir.
Biz Azərbaycanın birinci xanımı, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
da qayğısını daim hiss edirik. Buna bariz nümunə
olaraq Cəlilabad şəhərində yaşayan əlil vətəndaşımızın
bir yaşlı qızı Günay Verdiyevanın anadangəlmə
ürək qüsurunun aradan qaldırılması
üçün cərrahiyyə əməliyyatının
keçirilməsi məqsədilə Heydər Əliyev Fondu
tərəfindən 18 min ABŞ dolları məbləğində
yardımın ayrılmasıdır. Bu, təkcə həmin
ailənin deyil, bütün cəlilabadlıların
böyük sevincinə səbəb olmuş və minnətdarlıq
hissilə qarşılanmışdır.
Cəlilabadda məcburi köçkün ailələrinin
də sosial-məişət problemlərinin həlli istiqamətində
müntəzəm iş aparılır. Rayonumuzda məskunlaşmış
1307 nəfər məcburi köçkünün
yaşadığı binalar təmir edilmiş, su və enerji
təchizatı
yaxşılaşdırılmışdır. Onlara müntəzəm
olaraq tibbi xidmət göstərilir və pulsuz dərman
preparatları verilir. Məcburi köçkünlərə əkin
üçün bələdiyyə mülkiyyətindən
130 hektar torpaq ayrılmış, onların 81 nəfəri
daimi işlə təmin olunmuşdur.
Bütün bunlar vətən uğrunda canlarından
keçən və sağlamlıqlarını itirən
şəxslərin dövlət tərəfindən xüsusi
qayğı ilə əhatə olunduğunu bir daha sübut
edir. Göstərdiyi diqqətə görə rayonumuzun şəhid
ailələri, müharibə və 20 Yanvar əlilləri
Prezident İlham Əliyevə və Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya ürəkdən minnətdardırlar.
Bəxtiyar SADIQOV: - Dinamik sosial-iqtisadi inkişafın
mühüm göstəricilərindən biri də ölkənin
hər yerində geniş vüsət alan abadlıq və
quruculuq işləridir. İndi artıq nəinki rayon mərkəzləri,
hətta ən ucqar kəndlərimiz son dərəcə abad
yaşayış məskəninə çevrilib. Sovetlər
dövründə yalnız atla gedilən kəndlərə
asfalt çəkilib. Bu mənada Cəlilabad rayonu da
özünün yüksəliş və quruculuq
dövrünü yaşayır. Rayon mərkəzinə daxil
olanda diqqəti ilk növbədə yüksək səviyyədə
aparılan abadlıq işləri çəkir. Bu barədə
danışmaq üçün söz Cəlilabad Rayon
İcra Hakimiyyəti başçısı aparatının
memarlıq və tikinti şöbəsinin müdiri
Ağadadaş ABBASOVa verilir.
Ağadadaş ABBASOV:
- Son illərdə bütün ölkə üzrə
həyata keçirilən quruculuq, abadlıq, yenidənqurma və
bərpa işləri Cəlilabad rayonunda da geniş vüsət
alıb. Bunun nəticəsində rayonumuz tamamilə
müasirləşərək respublikamızın dilbər
guşələrindən birinə çevrilmişdir.
Etiraf etmək lazımdır ki, 5-6 il bundan əvvəl
Cəlilabad şəhəri arxitektura
görünüşünə və səliqə-sahmanına
görə ən geri qalmış əyalət
rayonlarından biri idi. Səliqəsiz və primitiv tikililər,
palçıqlı küçələr, zövqsüz
kommersiya obyektləri ilk baxışdan rayon haqqında mənfi
təsəvvür yaradırdı. İnsanların dincəlməsi
və asudə vaxtlarının keçirilməsi
üçün heç bir məkan yox idi.
İşıqlandırma sistemi zəif olduğuna görə
gecələr küçələrə çıxmaq
mümkün deyildi.
Lakin Prezident İlham Əliyevin
tapşırığına əsasən 2006-cı ilin
avqustundan sonra rayonumuzda geniş quruculuq və abadlıq
işlərinə başlanıldı. Ölkə
başçısının ayırdığı vəsait
və yerli imkanlar hesabına bir-birinin ardınca tikilən
istirahət parkları, inzibati binalar, sosial-məişət
obyektləri şəhərin simasını tamamilə dəyişdi.
Cənab Prezidentin təşəbbüsü ilə salınan
5 hektarlıq Heydər Əliyev seyrəngahı indi təkcə
cəlilabadlıların deyil, respublikanın digər
rayonlarından gələn turistlərin də sevimli istirahət
yerinə çevrilmişdir. Parkın tərtibatında milli
ornamentlərdən geniş istifadə olunmuş, xaricdən gətirilmiş
ağac və bəzək kolları əkilmişdir.
Parkın ərazisindəki süni göl gənclərin və
yeniyetmələrin əylənməsində xüsusi yer
tutur.
Son illərin yadigarı olan əzəmətli Heydər
Əliyev muzeyi, Heydər Əliyev adına
yaradıcılıq mərkəzi, avtovağzal, otel,
tarix-diyarşünaslıq muzeyi, şahmat məktəbi,
müalicə-diaqnostika mərkəzi, yeraltı keçid, gənclərin
istirahət parkı, çoxlu inzibati binalar şəhərimizə
xüsusi yaraşıq verir. Sevindirici haldır ki, onların əksəriyyətinin
açılışında Prezident İlham Əliyev
iştirak etmişdir. Əvvəllər bərbad vəziyyətdə
olan bütün binalar sökülərək müasir tipli
yeni binalarla əvəz edilmiş, kommunal yaşayış
binalarının dam örtükləri və fasadları təzələnmişdir.
Rayonun ən hündür guşəsində Dövlət
Bayrağının ucaldılması, Ələt-Astara yolunun
Cəlilabad şəhəri ərazisindən keçən
hissəsində yaraşıqlı hasar çəkilməsi,
dörd yolayrıcında simvolik abidənin, giriş və
çıxışda ad göstəricilərinin
quraşdırılması rayon ərazisinə daxil olan hər
kəsdə xoş təəssürat yaradır.
Müstəqilliyimizin rayonumuza verdiyi ən
böyük töhfələrdən biri də 70 illik sovet
hakimiyyəti dövründə asfalt üzünə həsrət
qalmış küçə və yolların
asfaltlaşdırılmasıdır. 5-6 il bundan əvvələ
qədər Cəlilabad şəhərindəki küçələrin
bir hissəsi və rayon mərkəzi ilə kəndləri
birləşdirən yollar torpaqdan ibarət idi. Ona görə
payız-qış aylarında ucqar dağ kəndlərinə
gediş-gəliş çətinləşir, nəqliyyat
vasitələrinin hərəkəti məhdudlaşırdı.
Həyata keçirilən məqsədyönlü tədbirlər
nəticəsində artıq bu problem aradan
qaldırılmış, Cəlilabad şəhərindəki
küçələrin 90 faizi və kənd yollarının
əksər hissəsi asfaltlanmışdır. Prezident
İlham Əliyevin göstərişi əsasında
salınan Cəlilabad-Yardımlı yolu beynəlxalq standartlara
uyğun inşa olunur. Həmin yol istifadəyə verildikdən
sonra rayonun yol problemi birdəfəlik aradan qalxacaqdır.
Yollarla yanaşı kəndlərin müasirləşməsi
də diqqət mərkəzindədir. Yaşayış məntəqələrindəki
bütün sosial-məişət obyektləri əsaslı təmir
olunmuş, yeni təhsil, səhiyyə və mədəniyyət
ocaqları, poçt şöbələri, inzibati binalar
tikilib istifadəyə verilmişdir. Əhalinin pul gəlirləri
çoxaldığına və yaşayış səviyyəsi
yüksəldiyinə görə köhnə və primitiv
yaşayış evlərini daha müasir binalar əvəz
edir. İndi rayonun Privolnoye, Uzuntəpə, Üçtəpə,
Alar, Qarazəncir, Günəşli və digər iri
yaşayış məntəqələri rayon tipli şəhər
görkəmindədir. Ölkə
başçısının yeniləşmə
ideyalarından ruhlanan kənd sakinləri öz güzəranlarını
daha yaxşı qurmağa, küçələrində və
həyətlərində səliqə-sahman yaratmağa səy
göstərirlər.
Tikinti-abadlıq işlərinin əsas hissəsini
yeni məktəblərin inşası təşkil edir.
Regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Cəlilabad şəhərində, Alar, Günəşli,
Xəlilabad, Zopun, Gülməmmədli, Şiləvəngə,
Ağdaş, Çünzəli, Bəcirəvan, Komanlı, Cəlayir,
Kövüzbulaq kəndlərində hər cür şəraiti
olan müasir tipli orta məktəb binaları istifadəyə
verilmişdir. 2013-cü ilədək qəzalı və
uyğunlaşdırılmış binalarda yerləşən
bütün məktəblər üçün yeni
binaların inşa olunması nəzərdə tutulmuşdur.
Bu gün Cəlilabad rayonu nəhəng tikinti
meydanını xatırladır. Həyata keçirilən tədbirlər
belə deməyə əsas verir ki, yaxın illər ərzində
rayonumuz davamlı inkişaf yolu keçəcək, şəhər
və kəndlərimiz daha da müasirləşəcək,
insanların rifah halı durmadan yüksələcəkdir.
Bəxtiyar SADIQOV: - 7 ildir fəaliyyət göstərən
Heydər Əliyev Fondu ulu öndərin ideyalarını,
xeyirxah və müqəddəs əməllərini
yaşatmaq üçün müxtəlif sahələrdə
fundamental və çoxşaxəli layihələr həyata
keçirir, hər bir vətəndaşın zəruri istək
və arzularının gerçəkləşməsinə,
problemlərinin həllinə həm maddi, həm də mənəvi
dəstək verir. Fondun layihələri Cəlilabad rayonunu da əhatə
edir. Son illərdə burada həyata keçirilən quruculuq
işlərinə, təhsilin inkişafı, tibbi xidmətin
yüksəldilməsi ilə bağlı görülən
işlərə Heydər Əliyev Fondu özünün
layiqli töhfələrini verir. Bu mövzuda danışmaq
üçün söz "Yeni gün" qəzetinin
redaktoru Böyükxan BAĞIROVa verilir.
Böyükxan
BAĞIROV:
-Yarandığı 2004-cü
ildən bəri Heydər Əliyev Fondu respublikamızın
ictimai, sosial və mədəni həyatında fəal
iştirak edir. Bu gün ölkəmizin hər bir guşəsində
Heydər Əliyev Fondunun nişanələrini,
yadigarlarını görmək olar. Təsadüfi deyil ki,
ölkəmizdə Mehriban xanımın adı xeyirxahlıq,
nəciblik, vətənpərvərlik rəmzinə
çevrilmişdir.
Respublikamızın hər
yerində olduğu kimi, Cəlilabad rayonunda da Heydər Əliyev
Fonduna böyük sevgi və ehtiram var. Bu sevgi və ehtiram
Fondun rayonumuza bəxş etdiyi layiqli töhfələrdən
qaynaqlanır. Fondun köməyi, xeyir-duası
ilə "Yeniləşən Azərbaycana - yeni məktəb"
proqramı çərçivəsində rayonda 5 ümumtəhsil
məktəbi - Akademik Zərifə Əliyeva adına 1100
yerlik Cəlilabad şəhər 7 saylı orta məktəbi,
240 yerlik Bəcirəvan və Kövüzbulaq kənd tam orta
məktəbləri, 100 yerlik Cəlayir və
Çünzəli kənd tam orta məktəbləri tikilib
istifadəyə verilmişdir. Bundan başqa, Fondun yaxından
köməyi ilə mədəni-maarif müəssisələrimizdə
xeyli təmir, yenidənqurma işləri
görülmüş, Cəlilabad şəhərində Heydər
Əliyev adına yaradıcılıq mərkəzi inşa
edilmişdir.
Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyeva çətinliyə
düşmüş soydaşlarımızın ümid yeri,
güvənci, pənahıdır. O, xeyriyyəçi, insanpərvər
və humanist bir şəxsiyyət kimi xəstələrə,
şikəst körpələrə, talassemiya və hemofiliya
xəstəliyinə tutulmuş soydaşlarımıza daim
diqqət və qayğı göstərir. Elə bu
yaxınlarda, 1 iyul 2011-ci il tarixdə Fondun dəstəyi və
təşkilatçılığı ilə xəstə
uşaqlara yardım məqsədi ilə rayonumuzda qanvermə
aksiyası keçirilmiş, bu aksiyada 200 nəfər cəlilabadlı
qan vermişdir. Bundan başqa, müxtəlif xəstəliklərdən
əziyyət çəkən rayonumuzun sakinlərindən 4
nəfəri üzərində Fondun hesabına
respublikamızın ayrı-ayrı tibb müəssisələrində
cərrahi əməliyyatlar aparılmışdır. Fürsətdən
istifadə edib, göstərdiyi bütün bu diqqət və
qayğıya görə Heydər Əliyev Fonduna, onun
prezidenti Mehriban xanım Əliyevaya cəlilabadlıların təşəkkürünü
çatdırmaq istəyirəm.
Heydər Əliyev Fondu həmçinin
milli mədəniyyətimizin, incəsənətimizin,
xüsusən muğam sənətimizin inkişafı və təbliği
sahəsində böyük layihə həyata keçirir,
festival və müsabiqələr təşkil edir. Sevindirici
haldır ki, rayonumuzdan olan xüsusi istedadlı gənclər
bu festivallarda müvəffəqiyyətlə
çıxış edirlər. Cəlilabad şəhər
uşaq incəsənət məktəbinin muğam sinfinin
şagirdləri respublika muğam müsabiqəsində
müvəffəqiyyətlə çıxış edərək
mükafata layiq yer tutmuşlar.
Burada səslənən
çıxışlarda da qeyd edildi ki, böyük ədibimizin
adını daşıyan Cəlilabad şəhəri son illərdə
dinamik inkişaf etmiş, tanınmaz dərəcədə dəyişmişdir.
Quruculuq və abadlıq işləri indi də
böyük həvəslə davam etdirilir, həyata yeni-yeni
ünvanlar vəsiqə alır. İnsanların istifadəsinə
verilən bu ünvanların ərsəyə gəlməsində
Heydər Əliyev Fondunun köməyi və dəstəyi
göz önündədir. Cəlilabadlılar bu
qayğını və dəstəyi yüksək qiymətləndirir,
Heydər Əliyev Fonduna öz səmimi minnətdarlıqlarını
bildirirlər.
Bəxtiyar
SADIQOV:
- Hörmətli "dəyirmi
masa" iştirakçıları!
Azərbaycanın dinamik
inkişafı, yaşanan tərəqqinin bütün ölkə
boyu proporsional qaydada paylanması qazanılan uğurların
miqyasının bundan sonra da davamlı şəkildə
genişlənəcəyini göstərir. Bütün bunlar
kifayət qədər dəqiqliklə, uzaqgörənliklə
düşünülmüş və konkret məqsədlərə
hesablanmış inkişaf strategiyasının məntiqi nəticəsi
olaraq müstəqil dövlətimizin inkişaf tarixinə
yazılacaq. Sözügedən strategiyanın müəllifi
isə tarixə ən böyük şəxsiyyətlərdən
biri kimi daxil olmuş ulu öndər Heydər Əliyevdir.
Ümummilli
liderin siyasi kursunun ən görkəmli nümayəndəsi
olan Prezident İlham Əliyev mövcud inkişaf strategiyasını
özünəməxsus mütərəqqi və innovativ əlavələrlə,
zamanın çağırışlarına adekvat olan
yeniliklərlə daha zəngin hala gətirib. Elə bu da
ölkəmizə daha böyük müvəffəqiyyətlər
qazandırır, Azərbaycanın dünya liderləri cərgəsində
mövqelərini mütəmadi olaraq möhkəmləndirir.
Dövlət başçısının rəhbərliyi
altında həyata keçirilən səmərəli
islahatlar ilk növbədə sosialyönümlü problemlərin
kompleks həllinə geniş imkanlar açır. Həmçinin
imzalanan mühüm fərman və sərəncamlar ölkəmizdə
müşahidə olunan iqtisadi inkişafın daha yüksək
templərlə xarakterizə edilməsinə səbəb olur.
Bunun nəticəsidir ki, ölkəmizdə
özünüinkişaf qabiliyyətinə malik olan
sosialyönümlü, çoxşaxəli milli iqtisadiyyat
formalaşıb.
Bu səpkili iqtisadiyyatın
yaradılması prosesində ölkə regionlarının payı
və xüsusi çəkisi yüksək olub. Zaman göstərir ki, Prezident İlham Əliyev
regionların inkişafına dair dövlət
proqramlarını hazırlatmaqla çox böyük
uzaqgörənlik etmişdir. Çünki bu proqramların
icrası nəticəsində Azərbaycanın iqtisadi
potensialı hərəkətə gətirilib və xüsusən
regionların inkişafı dövlət siyasətinin
prioritet istiqamətlərindən birinə çevrilib. Zamanın nəbzini düzgün tutmaqla mövcud
iqtisadi potensialdan və resurslardan, bütün imkanlardan səmərəli
şəkildə istifadə etməklə ölkə
iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasına nail olan Prezident İlham Əliyev
bununla həm də ulu öndər Heydər Əliyevin
ideyalarını uğurla həyata keçirir.
Burada səslənən fikirlərdən
aydın oldu ki, ölkəmizin digər regionları kimi, Cəlilabadda
da son illərdə sosial-iqtisadi inkişaf istiqamətində
böyük uğurlara imza atılıb. Rayonun inkişaf tempi
dinamizmə, modernizmə əsaslanır. İstər aqrar sahədə,
istər sənaye istehsalında sürətli inkişaf var. Vaxtilə kənd təsərrüfatının
inkişaf səviyyəsinə görə ölkəmizin
qabaqcıl rayonlarından olan Cəlilabad artıq əvvəlki
şöhrətini özünə qaytarıb. Ən
maraqlısı odur ki, dövlət qayğısından,
yaradılan əlverişli biznez mühitindən yararlanan
iş adamları, fermerlər istehsal prosesində ən
qabaqcıl texnologiyaları tətbiq edirlər.
Dövlət
müstəqilliyimizin bərpasının 20 illiyinə həsr
olunmuş bu "dəyirmi masa"da biz Azərbaycanın
sosial-iqtisadi inkişafına Cəlilabad rayonunun timsalında nəzər
saldıq. Çıxışlarda deyilən faktlar, rəqəmlər,
bütövlükdə qazanılan bütün uğurlar hər birimizdə
fərəh hissi yaradır. Ölkəmizin ən sürətlə
tərəqqi edən rayonlarından biri kimi Cəlilabadın
növbəti illərdə əldə olunacaq nailiyyətlərdə
xüsusi çəkisini artıracağı şübhəsizdir.
Bu mənada əminik ki, Cəlilabad bundan sonra da dinamik
inkişafı ilə ölkəmizin iqtisadiyyatına, ən əsası
dövlət müstəqilliyimizə özünün
sanballı töhfələrini verəcək, daim qabaqcıl
rayon kimi seçiləcəkdir. Bu yolda sizin hər birinizə
uğurlar arzu edirik.
Azərbaycan.- 2011.- 19 iyul.- S. 4-5.