Əsir
və İtkin Düşmüş,
Girov Götürülmüş
Vətəndaşlarla Əlaqədar Dövlət
Komissiyası və İşçi qrupu 2011-ci ilin altı
ayı ərzində fəaliyyəti ilə bağlı
hesabatını yaymışdır
Əsir və İtkin Düşmüş, Girov
Götürülmüş Vətəndaşlarla Əlaqədar
Dövlət Komissiyası və İşçi qrupu 2011-ci
ilin altı ayı ərzində fəaliyyəti ilə
bağlı hesabatını yaymışdır.
Hesabatda deyilir ki, 2011-ci ilin birinci yarısında
Komissiya və onun İşçi qrupu fəaliyyətini
planauyğun surətdə davam etdirmişdir.
Cari il yanvarın 26-da Dövlət Komissiyasının
növbəti iclası keçirilmişdir. İclasda
Komissiyanın və İşçi qrupunun 2010-cu il ərzindəki
fəaliyyəti ilə bağlı hesabatı dinlənmiş,
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı itkin
düşmüş şəxslər haqqında Ante Mortem məlumatların
toplanması və mərkəzləşdirilmiş şəkildə
idarə olunması üzrə çərçivə
sazişi"nin bağlanmasından keçən müddətdə
görülmüş işlər və qarşıda duran vəzifələr
müzakirə edilmiş, eyni zamanda, Beynəlxalq Qızıl
Xaç Komitəsi tərəfindən irəli
sürülmüş "AnteMortem/PostMortem məlumat
bazasının istifadəsi" üzrə Proqram təminatı
müqaviləsi imzalanmışdır.
Fevral ayında Dövlət Komissiyasının dəvəti
ilə respublikamızda səfərdə olmuş "Terror
qurbanları Fransa Assosiasiyası"nın baş direktoru Jean
Guillaume Denoix de Saint Marc və onun köməkçisi
Komissiyanın sədri Eldar Mahmudovla
görüşmüşlər.
Görüşdə qonaqlara Komissiyanın fəaliyyəti,
əldə edilmiş uğurlar, itkinlərin, əsir və
girovların problemi ilə bağlı Ermənistanın
tutduğu qeyri-konstruktiv mövqe barədə ətraflı məlumat
verilmiş, işğal nəticəsində törədilmiş
cinayət, əsir-girovlara münasibətdə beynəlxalq
humanitar hüquq normalarının pozulması faktları
onların diqqətinə
çatdırılmışdır. Bildirilmişdir ki, Ermənistanın
Azərbaycana təcavüzü zamanı işğalla
yanaşı, beynəlxalq hüquq normaları da pozulmuş,
terror, soyqırımı, insanlığa və bəşəriyyətə
qarşı cinayətlər törədilmişdir.
Fransalı qonaqlar İşçi qrupunun üzvləri
ilə də görüşərək Komissiyanın fəaliyyəti
ilə əyani şəkildə tanış olmuş, onlara
Komissiyanın hazırladığı materiallar (kitablar, CD və
DVD-lər) təqdim olunmuşdur.
"Terror qurbanları Fransa Assosiasiyası" baş
direktorunun və onun köməkçisinin Azərbaycanda fəaliyyət
göstərən qeyri-hökumət təşkilatları ilə
və erməni terrorçu qrupları tərəfindən
ölkə ərazisində törədilmiş terror
aktlarının qurbanı olmuş şəxslərin
yaxın qohumları ilə də görüşləri təşkil
olunmuş, həmin terror aktları barədə onlara ətraflı
məlumatlar verilmiş, şahid ifadələri dinlənilmişdir.
Hesabat dövründə Beynəlxalq Qızıl
Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq
davam etdirilmiş, dəfələrlə görüşlər
keçirilmiş, müzakirələr
aparılmışdır.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı itkin
düşmüş şəxslər haqqında Ante Mortem məlumatların
toplanması və mərkəzləşdirilmiş şəkildə
idarə olunması üzrə" çərçivə
sazişindən irəli gələn öhdəliklərin
yerinə yetirilməsi ilə bağlı məsələlər,
itkinlərin siyahıları arasındakı fərqin aradan
qaldırılması, əməkdaşlığın daha da
səmərəli qurulması üçün təkliflər
müzakirə olunmuş, görülmüş işlər nəzərdən
keçirilmiş, o cümlədən əsir və girov
götürülmüş azərbaycanlıların və
ermənilərin azad olunması istiqamətində
danışıqlar aparılmışdır.
İşçi qrupunun rəhbəri və əməkdaşları
aprelin 10-dan 17-dək Beynəlxalq Qızıl Xaç Komitəsi
tərəfindən Gürcüstanın Tbilisi şəhərində
proqram təminatı üzrə treninq-kursda və
İsveçrənin Ekojia şəhərində silahlı
münaqişələr və təbii fəlakətlər
zamanı həlak olmuş şəxslərin cəsədlərinin
tədqiq edilməsi üzrə IV Beynəlxalq seminar-kursda
iştirak etmişlər. Kursların məqsədi
proqramın həyata keçirilməsinə hazırlıqdan
ibarət olmuşdur.
Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsi
ilə Dövlət Komissiyası arasında imzalanmış
"AnteMortem/PostMortem məlumat bazasının istifadəsi"
üzrə Proqram təminatı müqaviləsi ilə
bağlı ardıcıl işlər
görülmüşdür. Proqramın Komissiyaya təhvil
verilməsi üçün İşçi qrupunda texniki
imkanlar yaradılmış və proqram xüsusi kompyuter şəbəkəsində
yerləşdirilmişdir. Artıq 100 nəfər itkin barədə
toplanmış Ante Mortem məlumatlar toplusu da Komissiyanın
İşçi qrupuna təhvil verilmişdir. Onlardan 56 nəfər
barədə məlumat bazaya yüklənmişdir. Bu işdə
BQXK-nın mütəxəssisləri də yaxından
iştirak edirlər.
Bundan başqa, Komissiyada və BQXK-da itkin
düşmüş şəxs kimi qeydiyyata
alınmış şəxslərlə bağlı
mövcud olan siyahılar arasında dəqiqləşmənin
aparılması və fərqin aradan qaldırılması
istiqamətində işlər davam etdirilmişdir.
Komissiyanın İşçi qrupunda aparılmış
işlərin nəticəsi kimi 53 nəfərlə
bağlı dəqiqləşdirilmiş məlumatlar
BQXK-nın Azərbaycandakı nümayəndəliyinə
göndərilmişdir.
Azərbaycan, Ermənistan və Rusiya Federasiyası
prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr və 2011-ci
il 5 mart tarixli birgə bəyanatlarına uyğun olaraq,
Komissiyanın beynəlxalq təşkilatlarla
apardığı müntəzəm və səmərəli
danışıqlar nəticəsində 2011-ci il martın
17-də Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində,
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində
növbəti humanitar akt həyata keçirilmişdir. Prosesdə
2009-cu il mayın 10-da Azərbaycan Respublikasının
Füzuli rayonu ərazisində Ermənistan hərbçiləri
tərəfindən əsir götürülmüş Azərbaycan
əsgəri - 1990-cı il təvəllüdlü Hacıyev
Anar Xanbaba oğlu azad olunaraq Müdafiə Nazirliyinə təhvil
verilmiş, 2009-cu il mayın 9-da respublikamızın ərazisində
saxlanılmış Ermənistan vətəndaşı,
1978-ci il təvəllüdlü Badalyan Artur Qrişayeviç
isə ölkəsinə verilmişdir. Proses Beynəlxalq
Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata
keçirilmişdir.
2010-cu il avqustun 22-də Daşkəsən rayonu ərazisində,
qoşunların təmas xəttində Ermənistan hərbçiləri
tərəfindən əsir götürülmüş Azərbaycan
hərbçisi, 1985-ci il təvəllüdlü Huseynov Roman
Novruz oğlunun azad olunması istiqamətində Beynəlxalq
Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə
müvafiq tədbirlər davam etdirilir. BQXK-nın məlumatına
əsasən, R.Hüseynov Ermənistanın Yerevan şəhərində
saxlanılır.
Araşdırma zamanı 18 nəfərin
döyüşlərin gedişində itkin düşməsi
faktı aşkar edilərək Komissiyada qeydiyyata
alınmış və adları müvafiq siyahıya
salınmışdır. 24 itkinin isə taleyi müəyyənləşdirildiyi
üçün adları siyahıdan
çıxarılmışdır. Onlardan 9-nun həlak
olduğu, 10-nun itkin düşmədiyi, 3-nün adının
siyahıda təkrar keçdiyi, 2-nin isə münaqişə
bölgəsindən kənarda itkin düşməsi faktı
müəyyənləşdirilmişdir.
Cari il iyulun 1-nə olan məlumata görə, 4043 nəfər
itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan
azad olunmuş şəxs kimi Komissiyada qeydiyyatdan
keçmişdir.
İtkin düşmüş şəxs kimi qeydiyyata
alınmış 13 nəfərin Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunmuş
ərazilərdə sağ-salamat qalması və əsir-girov
götürülməsi müəyyənləşdirilmişdir.
Bu faktlar, o cümlədən itkin
düşmüş şəxslərlə bağlı
aparılmış axtarış-araşdırma tədbirlərinin
nəticəsi olaraq 30 şəxs barədə ümumiləşdirilmiş
arayışlar tərtib edilmişdir.
Komissiyada olan məlumatların dəqiqləşdirilməsi
və itkin düşmüş şəxslərin
axtarışı ilə əlaqədar müxtəlif
dövlət orqanlarına və beynəlxalq təşkilatlara
473 nəfər barədə 708 sorğu göndərilmişdir.
1000-dən artıq itkin barədə toplanmış əlavə
məlumat və materiallar onların
"axtarış-araşdırma iş"lərinə əlavə
olunmuşdur.
Respublika Hərbi Prokurorluğundan daxil olmuş
sorğuya əsasən, Komissiyada itkin düşmüş
şəxs kimi qeydiyyata alınmış şəxslərin
siyahısı müvafiq qaydada hazırlanaraq (həmçinin
elektron versiyası) bu quruma göndərilmişdir.
Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş
sorğuya əsasən, fərarilik faktı ilə
bağlı barələrində cinayət işi
açılmış 80 hərbçi ilə bağlı
araşdırma və təhlil işi aparılmış və
məlumatlar bu quruma göndərilmişdir.
Respublika Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsindən daxil olmuş
sorğulara əsasən, itkin düşmüş, girov
götürülməsi barədə məlumatlar olan, həmçinin
girovluqdan azad olunmuş qadın və uşaqlarla bağlı
materiallar və məlumatlar hazırlanaraq bu quruma təqdim
edilmişdir.
Milli Məclisdən daxil olmuş sorğuya əsasən,
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində
əsir və girov götürülməsi barədə məlumatlar
və şahid ifadələri olan şəxslər barədə
materiallar hazırlanaraq parlamentə göndərilmişdir.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Məclisinin (QİƏT PM) ötən tədbirlərindən
birində Azərbaycan nümayəndə heyətinin
üzvü çıxışında əsir və girov
götürülmüş vətəndaşlarımıza
dair bəzi məqamları səsləndirmişdir. Lakin
müzakirələr zamanı Ermənistan tərəfi
verilmiş məlumatları təkzib etmişdir. Azərbaycan
nümayəndə heyəti isə faktları təqdim edəcəyinə
təminat vermişdir. Bu il iyunun 30-dan iyulun 2-nə kimi QİƏT
PM-in Kiyev şəhərində keçirilmiş növbəti
37 iclasında iştirak edən Azərbaycan Milli Məclisinin
deputatları həmin materialları təqdim etmişlər.
Komissiyaya
müraciət etmiş 217 itkinin
yaxın qohumları İşçi qrupunda qəbul olunmuş,
onlara yaxınlarının
axtarışı ilə əlaqədar görülmüş
işlər barədə ətraflı məlumatlar verilmiş, itkin
düşmə şəraitləri barədə əlavə
məlumatlar alınaraq sənədləşdirilmiş, anket vərəqələri doldurulmuşdur.
Bundan
başqa, 2009-cu il
mayın 10-da Ermənistan hərbçiləri tərəfindən
əsir götürülmüş və
2011-ci il martın 17-də azad
edilmiş Hacıyev Anar
Xanbaba oğlunun,
2010-cu il avqustun 22-də
əsir götürülmüş Huseynov Roman Novruz oğlunun yaxın
qohumları Dövlət Komissiyasının İşçi qrupunda dəfələrlə
qəbul olunmuş və onların azad edilməsi üçün
görülən tədbirlər barədə ətraflı məlumat
verilmişdir.
Ermənistanın
Azərbaycana təcavüzü, bir milyondan artıq azərbaycanlının
qaçqın və məcburi köçkün
vəziyyətinə düşməsi, ermənilər tərəfindən
törədilmiş terrorçuluq əməlləri
və soyqırımı cinayətləri, əsir-girovlara
münasibətdə beynəlxalq humanitar hüquq
normalarının pozulması barədə həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması və
insanlığa qarşı cinayət olan
Xocalı soyqırımının 19-cu ildönümü
ilə əlaqədar "Xocalıya Ədalət"
kampaniyası çərçivəsində Komissiya
silsilə tədbirlərin keçirilməsinə
yardımçı olmuş və əməkdaşlar
bu tədbirlərdə yaxından iştirak etmişlər.
Bu silsilədən
ilk tədbirlər Xocalı
soyqırımının 19-cu ildönümü
ilə bağlı Azərbaycan Respublikasının İordaniya və Mərakeş
krallıqlarındakı səfirlikləri ilə birgə təşkil
olunmuşdur. Tədbirlər
çərçivəsində fevralın 20-də
İordaniyadakı səfirliyimizdə kütləvi informasiya vasitələri üçün
mətbuat konfransı, fevralın 21-də "Kral
Hüseyn" adına Mədəniyyət
Mərkəzində "Azərbaycan günü",
fevralın 22-də "İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti"nin binasında,
fevralın 25-də isə Mərakeş
Krallığının paytaxtı Rabat
şəhərindəki Mədəniyyət Mərkəzində
geniş anma mərasimi
keçirilmişdir. Tədbirlər hər
iki ölkənin, o
cümlədən Azərbaycanın kütləvi informasiya vasitələrində geniş
işıqlandırılmışdır.
Fevralın 26-da Azərbaycanın
Hollandiyadakı səfirliyi və Hollandiya-Azərbaycan-Türk
Mədəniyyət Dərnəyi tərəfindən Benilüks Azərbaycanlıları Konqresinin iştirakı ilə təşkil olunmuş silsilə tədbirlərdə Komissiya yaxından iştirak
etmişdir. Tədbir Haaqada
ucaldılmış Xocalı abidəsi önündə
başlamış, yürüşlə davam
etmiş, Avropa İnsan Hüquqları Məhkəməsi
qarşısında mitinqlə başa
çatmışdır. Tədbir
iştirakçıları tərəfindən
hazırlanmış petisiya və
Komissiyanın materialları Avropa İnsan Hüquqları Məhkəməsinin əməkdaşına
təqdim edilmişdir.
Fevralın 20-dən 24-dək Komissiya Ukrayna Azərbaycanlıları
Konqresi ilə birgə Kiyev
və Dnepropetrovsk şəhərlərində
tədbirlər təşkil etmişdir.
Küçə yürüşü ilə
başlamış tədbirlər soyqırımı
qurbanlarının anma mərasimi və bu cinayəti törədənlərin beynəlxalq
məhkəməyə çıxarılması tələbi
ilə yekunlaşmışdır. Tədbirlərdə
dövlət və ictimaiyyət nümayəndələri, tələbə-gənclər
və jurnalistlər iştirak etmişlər.
Belçika-Azərbaycan
Dostluq Cəmiyyəti və Benilüks Azərbaycanlıları Konqresi tərəfindən 31 Mart
Azərbaycanlıların Soyqırımı Günü
ilə bağlı bu ölkənin Brüssel və Limburq
şəhərlərində, o cümlədən
Avropa Parlamenti
qarşısında keçirilmiş tədbir
və mitinqlərdə Komissiya təmsil olunmuşdur.
Aprelin
22-dən 25-dək Türkiyənin İzmir
şəhərində Türkiyədə yaşayan
azərbaycanlıların I qurultayında Komissiyanın əməkdaşları
iştirak etmiş, qurultay iştirakçılarına Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində törədilmiş
cinayət faktları barədə məlumatlar verilmiş,
materiallar yayılmışdır.
2011-ci il iyulun 5-də Bakı
şəhərində Dünya Azərbaycanlılarının
III Qurultayının keçirildiyi Heydər
Əliyev Sarayının foyesində Ermənistanın Azərbaycana
təcavüzü zamanı törədilmiş terror, soyqırımı, vandalizm
və əsir-girovlara qarşı işgəncə
faktlarının əks olunduğu fotostend quraşdırılmışdır.
Xocalı,
Qaradağlı və Şuşanın
işğalının ildönümü,
31 Mart Azərbaycanlıların
Soyqırımı Günü ilə
bağlı ölkə ərazisində keçirilmiş
bir sıra digər tədbirlərdə də
Komissiya üzvləri və İşçi qrupunun əməkdaşları
fəal iştirak etmiş,
Komissiyada olan materiallar əsasında ictimaiyyətə
əlavə məlumatlar verilmiş,
çıxışlar edilmiş, kitablar və kompakt disklər
yayılmışdır.
Hesabat
dövründə 800 nüsxə Dövlət
Komissiyasının materiallar toplusu (Azərbaycan, rus, ingilis dillərində), 428 ədəd "Erməni
terroru", 195 ədəd "Prestuplenie armənskix terroristiçeskix
i banditskix formiravaniy protiv çeloveçestva", 62 ədəd "Skazki armənskix "mudreüov",
213 ədəd "Bizi əsirlikdən
qurtarın", 224 ədəd "QSM-7 təsdiq
edir", 234 ədəd "Qarabağ: dünən, bu
gün fotoşəkillərdə"
adlı kitablar, 382 ədəd "Erməni
terroru", 684 ədəd "Armenian terrorizm", 310 ədəd
"Bizi əsirlikdən qurtarın",
227 ədəd "QSM-7 təsdiq edir",
328 ədəd "Xocalı faciəsi" adlı Azərbaycan
və ingilis dillərində film, 209 ədəd "Qarabağ" kitabının CD və DVD
variantları, avstriyalı alim, tədqiqatçı
Erix Fayqlın "Terror
haqqında həqiqət", "Kəskin dönüş,
erməni mifomaniyası və həqiqət"
kitablarının 486 ədəd CD variantı, eləcə də
xəritələr, Xocalı faciəsini və digər cinayət
faktlarını əks etdirən fotolar
yazılmış kompakt disklər respublikada və xarici
ölkələrdə yayılmışdır.
Azərbaycanda
və xaricdə fəaliyyət göstərən kütləvi
informasiya vasitələrində, eyni zamanda, Komissiyanın rəsmi
saytında müntəzəm olaraq məlumatlar
yayılmış, Komissiyanın gördüyü
işlər barədə müsahibələr verilmiş,
məqalələr dərc olunmuş,
soyqırımı,
etnik təmizləmə, vandalizm,
əsir, girov və itkinlərlə
bağlı həqiqətlərin ictimaiyyətə
çatdırılması istiqamətində məqsədyönlü
fəaliyyət göstərilmişdir.
İnternet
şəbəkəsi vasitəsilə beynəlxalq təşkilatlar
və informasiya agentlikləri ilə
müntəzəm yazışmalar aparılmış, materiallar göndərilmiş (o
cümlədən video və fotofaktlar), şəbəkədə olan məlumatlar nəzərdən keçirilmiş, əhəmiyyətli materiallar təhlil edilərək öyrənilmiş
və arxivləşdirilmişdir.
Komissiyaya müraciət
etmiş 23 nəfərin sosial
problemlərinin həll olunması üçün
Komissiya üzvlərinə və müvafiq dövlət orqanlarına məktublar
göndərilmişdir.
Hesabat
dövründə Dövlət Komissiyasına 554 sənəd
daxil olmuş, 657 məktub
(sorğular, müraciətlər, daxil olmuş məktublara cavab və s.) aidiyyəti
üzrə göndərilmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 19 iyul.- S. 6.