Azərbaycan musiqiçiləri Ramatuel klassik musiqi festivalının ilk günündə dinləyicilərə unudulmaz gecə bəxş etmişlər

 

İyulun 17-də Fransanın Ramatuel şəhərində II Ramatuel klassik musiqi festivalının açılışı olmuşdur.

Mədəniyyət tədbirini Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri açmışdır. Orkestr xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Fərhad Bədəlbəyli, Tofiq Quliyev, Vaqif Mustafazadə, dünya klassiklərindən Motsart, Çaykovski və Debüssinin məşhur əsərlərindən ibarət 11 klassik musiqi nömrəsi ifa etmişdir.

Ramatuel klassik musiqi festivalının rəhbəri Rolan Koyen festivalın rəsmi açılışını etdikdən sonra Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı məktubu oxumuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan festivalın Azərbaycan və dünya klassik musiqisinin təbliğinə xidmət etdiyi vurğulanan məktubda ölkəmizin çox qədim və zəngin musiqi ənənələrinə malik olduğu, dünya musiqi mədəniyyəti tarixindəki önəmli yeri iştirakçıların diqqətinə çatdırılmışdır. Məktubda qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun dəstəyi və qayğısı sayəsində ölkə mədəniyyəti nəinki beynəlxalq aləmdə təbliğ olunur və mühüm uğurlara imza atır, həmçinin Azərbaycan beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Beynəlxalq muğam, Qəbələ Beynəlxalq musiqi, Rostropoviç festivalları dünya musiqisinə əvəzolunmaz töhfələr vermişdir.

Məktubda həmçinin Azərbaycanın builki "Eurovision" mahnı yarışmasındakı qələbəsi də vurğulanmışdır. Bildirilmişdir ki, 2012-ci ildə Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə - "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edəcəkdir.

Konsert elə ilk dəqiqələrdən Ramatuel şəhərinin Yaşıl Teatrını doldurmuş dinləyiciləri valeh etmişdir. Hər bir musiqi nömrəsi uzun və sürəkli alqışlarla qarşılanmışdır. Orkestrin üzvləri hər bir musiqi parçasını böyük məharətlə ifa etmişlər. Səhnədə ölməz bəstəkarların ecazkar musiqi nömrələrini səsləndirən xalq artisti Murad Adıgözəlzadə isə konsertə sanki xüsusi bir ab-hava bəxş etmişdir. Konsert ayaqüstə alqış sədaları altında yekunlaşmışdır.

Festival iyulun 22-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 19 iyul.- S. 7.