Mətbuat Şurasında türkiyəli jurnalistlərlə görüş keçirilmişdir

 

İyulun 18-də Azərbaycan Mətbuat Şurasında (MŞ) Türkiyənin ölkəmizdə səfərdə olan media təmsilçiləri ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, qardaş ölkənin "Radikal", "Hürriyyət", "Hurriyyət Daily News", "Todays Zaman", "Zaman" və "Star" kimi nüfuzlu qəzetlərinin nümayəndələrinin qatıldıqları toplantıda MŞ idarə heyətinin üzvləri, ölkəmizin tanınmış KİV-lərinin rəhbərləri və təmsilçilər iştirak etmişlər.

Türkiyəli qonaqları salamlayan MŞ-nin sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. MŞ-nin başlıca missiyasının media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarət olduğunu deyən Ə.Amaşov təşkilatın jurnalist kadrların hazırlığı ilə bağlı məsələlərə böyük önəm verdiyini vurğulamışdır.

Qonaqlara Azərbaycan mətbuatı barədə məlumat verən şura sədri mətbuat azadlığından, ölkəmizdə fəaliyyət göstərən qəzet, jurnal, televiziyalar barədə danışmışdır. Azərbaycan əhalisinin internet portalları, eləcə də sosial şəbəkələrdə azad və sərbəst fəaliyyətlərinə də toxunan Ə.Amaşov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də türkiyəli həmkarlarına ətraflı məlumat vermişdir.

Tədbirdə çıxış edən Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Elsevər Salmanov bildirmişdir ki, səfərin məqsədi ölkəmizin tarixi, mədəniyyəti, dövlətçilik ənənəsi, iqtisadi potensialı barədə bilgilərin, ən əsası isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılmasına dəstək göstərməkdir.

"Azərbaycan" qəzetinin Baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, "Olaylar" qəzetinin Baş redaktoru Yunis Oğuz və digər çıxış edənlər Azərbaycan-Türkiyə əlaqələrindən, qarşılıqlı dostluq və qardaşlıq münasibətlərindən, medialarımız arasındakı məlumatlandırılma sahəsində problemlərdən danışmışlar.

"Todays Zaman" qəzetindən Abdullah Bozkurt, "Hürriyyət" qəzetindən Cansu Çamlıbel, "Haber Türk"dən Salika Köşə və digər qonaqlar Azərbaycana səfərlərinin məqsədinin ölkəmizlə bağlı Türkiyə mediasındakı boşluğun aradan qaldırılması, daha çox informasiya mübadiləsi və qarşılıqlı mətbuat əlaqələrinin daha da genişlənməsi olduğunu bildirmişlər.

Türkiyəli jurnalistlərin səfəri Azərbaycanın qardaş ölkədəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilir. İyulun 22-dək davam edəcək səfər çərçivəsində qonaqların ölkəmizin müxtəlif KİV-lərində görüşlərinin təşkili də nəzərdə tutulmuşdur.

 

 

Azərbaycan.- 2011.- 19 iyul.- S. 6.