Azərbaycan Prezidenti İlham Əliyevin Xızı rayonuna səfəri

 

 İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev Xızı rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə Xızı şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə parkda görülmüş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, Heydər Əliyev prospektində yerləşən parkda yaşıllıq zolaqları salınmış, 6 mindən çox dekorativ kolağac əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmış, bayraq meydanı yaradılmışdır. Parkda sakinlərin istirahəti üçün hər cür şərait var. Heydər Əliyev Mərkəzinin binası parka xüsusi gözəllik verir.

Sonra dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, bina ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verildi ki, mərkəzin tikintisinə bu ilin mayında başlanmışdı. Burada ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xarici ölkələrə və regionlara səfərlərini əks etdirən 14 fotoguşə yaradılmış, ulu öndərin büstü qoyulmuşdur.

Mərkəzdə 90 nəfərlik akt zalı, konfrans zalı, müasir avadanlıqla təchiz olunmuş xidməti otaqlar vardır. Burada Azərbaycan tarixini və ədəbiyyatını, xarici dil öyrənmək istəyənlər, eləcə də rəsm həvəskarları üçün şərait yaradılmışdır.

Mərkəzin kitabxanasında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, görkəmli alim, akademik Zərifə xanım Əliyevanın oftalmologiya elminə verdiyi töhfələrdən, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətlərindən bəhs edən nəşrlər vardır.

Dövlətimizin başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 20 iyul.- S.1.