Kamil Əliyevin 90 illik yubileyi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2011-ci
ilin oktyabr ayında müasir Azərbaycan xalça rəssamlığı
sənətinin görkəmli nümayəndəsi, Azərbaycan
Respublikasının xalq rəssamı Kamil Müseyib oğlu Əliyevin
90 illiyi tamam olur.
Azərbaycan
xalçaçılığı və dekorativ-tətbiqi sənətinin
qədim ənənələrinin qorunub saxlanılmasında və
inkişaf etdirilməsində Kamil Əliyevin mühüm xidmətləri
vardır. Onun əsərləri öz orijinallığı və
monumentallığı ilə səciyyələnərək
mədəniyyətimizin parlaq səhifəsini təşkil
edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, tanınmış xalçaçı rəssam
Kamil Əliyevin 90 illik yubileyinin layiqincə keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi,
Azərbaycan Rəssamlar İttifaqının təkliflərini
nəzərə almaqla, Kamil Əliyevin 90 illik yubileyinə həsr
olunmuş tədbirlər planını hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 iyul
2011-ci il
Azərbaycan.-
2011.- 20 iyul.- S.3.