"Biz Sumqayıtı tez bir
zamanda Bakı standartlarına
yaxınlaşdırmalıyıq"
- Artıq bir neçə aydır ki, Siz Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyirsiniz. Bu şəhər Sizə necə təsir bağışlayır? Hansı hisslər keçirirsiniz?
- Təəssüratım olduqca müsbətdir. Şəhər barəsində deyə bilərəm ki, memarlıq baxımından o, Bakı və respublikanın başqa şəhərləri ilə müqayisədə daha düzgün tikilmişdir. Sumqayıt lap əvvəldən peşəkarlar tərəfindən tikilmişdir. Burada hər şeydə onu tikən memarların ruhu hiss olunur. Bu şəhər öz səciyyəvi üslubu, enli küçələri, geniş mikrorayonları, çoxsaylı parkları, yaşıllıqları ilə seçilir. Bu gün Sumqayıt Azərbaycanın ekoloji cəhətdən ən təmiz şəhərlərindən biridir.
Şəhər gənc olsa da, maraqlı tarixə malikdir. Onun sakinləri çox gülərüz və hər cəhətdən fəal insanlardır. Çox maraqlı həmsöhbətlər olan bu insanların öz baxışlarını və mövqelərini açıq ifadə etməsi onların fərqləndirici xüsusiyyətidir. Sumqayıtlılar bir şeyi xoşlayanda da bunu açıq deyirlər, xoşlamayanda da. Bu xüsusiyyət onlara rəğbət oyadır, lakin eyni zamanda məsuliyyəti artırır.
- Şəhərin inkişafı barədə hansı planlar və perspektivlər var?
- Əsas konseptual xətt Prezident İlham Əliyev tərəfindən çox dəqiq müəyyən edilmişdir: Sumqayıt mühüm sənaye mərkəzi olmalıdır. Bu proses fəal inkişaf edir. Prezidentin təşəbbüsü ilə burada bu gün bəlkə də bütün postsovet məkanında analoqları olmayan sənaye parkı yaradılmışdır. Yeni müəssisələr tikilir. Bakı müəssisələrinin bir hissəsi Sumqayıta köçürülür, lakin bunlar artıq əvvəlkindən fərqli, yüksək texnologiyalara əsaslanan istehsalatlardır. Sənaye limanının tikintisi haqqında qərar qəbul edilmişdir. Müvafiq infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır, lakin orada artıq uyğun ixtisaslara malik olan insanlar işləyə biləcəklər. Buna görə də Prezidentin tapşırığına əsasən, burada müvafiq texniki peşə məktəbləri açılır. Proseslər sürətlənir, bu isə o deməkdir ki, şəhərin əhalisi sürətlə artacaqdır.
Şəhərsalma və abadlaşdırma məsələlərinə gəlincə, dövlət başçısı bu sahədə tezliklə Bakı standartlarına yaxınlaşmağı qarşımıza bir vəzifə kimi qoymuşdur. Bu gün şəhərin bütün parklarında əsaslı yenidənqurma işləri aparılır, şəhərə giriş yolları modernləşdirilir, binaların fasadlarına təzə üzlük çəkilir, səkilərin, yolların görkəmi dəyişir, bir sıra başqa işlər görülür. Sumqayıtlıların arzuları nəzərə alınaraq, mikrorayonların abadlaşdırılması üzrə xüsusi proqram qəbul edilmişdir. Prezident həddən artıq məşğul olduğuna baxmayaraq, bu prosesə, mən belə deyərdim, həm intellektual, həm də praktiki baxımdan rəhbərlik edir.
- Bu, nədə ifadə olunur?
- Hər şeydə! O məni Sumqayıta təyin edərkən vəziyyəti hərtərəfli təhlil etdi və qarşıya konkret məsələlər qoydu. Mən yalnız işə başlayandan bir müddət sonra, şəhəri artıq hiss edəndən sonra bu insanın yerlərdə işlərin vəziyyətinə necə dərindən bələd olduğunu bir daha yəqin etdim! Bu heç də asan məsələ deyil, çünki, necə deyərlər, işi başdan aşan, coşqun beynəlxalq fəaliyyətlə məşğul olan dövlət başçısının konkret şəhərdə işlərin vəziyyətini təfərrüatı ilə bilməsi onun çox yüksək iş qabiliyyətinə, xalqını ürəkdən sevməsinə dəlalət edir. Prezident demişdir: "Sumqayıtlılar tez-tez Bakıda olurlar, onun necə dəyişdiyini görürlər və haqlı olaraq istəyirlər ki, onların şəhəri də elə olsun. Biz Sumqayıtı tez bir zamanda Bakı standartlarına yaxınlaşdırmalıyıq, mən bunu reallaşdırmaqda sizə kömək edəcəyəm".
Prezidentin müxtəlif xarici səfərlərdən, çoxsaylı mühüm danışıqlardan sonra dərhal bizim şəhərə gəlməsi, onun tapşırıqlarını necə həyata keçirməyə başlamağımızla tanış olması şəhər sakinlərini heyran etmişdi. Onun şəhər ictimaiyyəti ilə görüşünü, mübaliğəsiz, tarixi hadisə adlandırmaq olar. Prezident həmin görüşdəki çıxışında bütün layihələrin reallaşdırılmasının konkret müddətlərini müəyyən etməklə faktiki olaraq yeni Sumqayıtın təməlini qoymuşdur. Prezidentin iş üslubu və metodlarına bələd olan adam kimi yaxşı bilirəm ki, əgər o bir söz deyibsə, deməli, elə də olacaqdır.
- Çoxlarını maraqlandıran bir sual vermək istərdim, Sumqayıt bulvarı da Bakı bulvarı kimi olacaqmı?
- Sumqayıt bulvarı Bakı bulvarından fərqli olacaq. Prezident Sumqayıt bulvarının yenidən qurulmasına dair tapşırıqlar verərkən ayrıca qeyd etdi ki, sumqayıtlılar bunu çoxdan gözləyirlər, amma Bakını təkrarlamaq lazım deyil. Sumqayıtda sahilin maraqlı landşaftı var, çimərlik var, buna görə çox ehtimal ki, lacivərd sahil şəhərlərinin təcrübəsini əsas götürmək olar: yəni çimərlik var, park və şəhər var, indi isə daha irəli getmək lazımdır, yəni mehmanxanalar, yaxt-klub tikmək və s. Amma bütün bunların gerçəkləşməsi üçün ilk növbədə şəhərin kommunikasiya məsələlərini həll etmək lazımdır. Ona görə də dövlət başçısı elə oradaca müvafiq tapşırıqları verdi. Şəhərin çirkab sularının təmizləmə qurğularından keçirilməsi üzrə işlər artıq başlanmışdır. Məncə, Sumqayıt bütün Cənubi Qafqazda şəhər kanalizasiyasının təmizləmə sistemləri ilə yüz faiz əhatə edildiyi ilk şəhərlərdən biri olacaqdır. Prezidentin iş üslubu hər məsələdə konseptuallığı və konkretliyi ilə səciyyəvidir. Onun atdığı addımlar həmişə insanların əhval-ruhiyyəsini qabaqlayır və onlara müsbət təsir edir. Prezident İlham Əliyev insanları yaxşı hiss edən, onları sevən və qurub-yaradan, buna görə də cəmiyyətdə böyük xarizmatik potensiala malik olan qeyri-adi, son dərəcə istedadlı insandır.
- İşinizdə hər hansı çətinliklər varmı?
- Əlbəttə, problemlər
az deyil,
amma onlar heç vaxt qurtarmır. Əsas məsələ budur ki, bu
gün bütün ölkədə mühüm
müsbət dəyişikliklər
göz qabağındadır.
Hər gün özü ilə nə isə yeni, mütərəqqi dəyişikliklər
gətirir. Standartlar çox
sürətlə dəyişir,
dünən cəlbedici
təsir bağışlayan
küçə artıq
bu gün bəzən solğun görünür. Özü
də ona görə yox ki, arada böyük
bir müddət keçmişdir, ona görə ki, son bir neçə il ərzində
ölkəmiz onilliklərə
bərabər yol keçmişdir. Bu gün mərkəzi orqanlar effektiv işləyir və regionlara hərtərəfli
kömək edirlər.
Buna görə mən
yalnız vaxt sarıdan çətinliklər
hiss edirəm. Bu gün zamanla, baş verən dəyişikliklərlə ayaqlaşmaq
asan deyil, amma buna nail olmaq lazımdır.
- Siz dediniz ki,
Sumqayıt mühüm
sənaye mərkəzi
olmalıdır və
bundan əlavə, əhalinin artması gözlənilir. Bu barədə sizin proqnozlarınız necədir?
Sumqayıt artıq yaxın
gələcəkdə öz
ölçülərinə və sakinlərinin sayına görə Azərbaycanda ikinci şəhər statusu ala bilərmi?
- Sumqayıt təcrid olunmuş halda inkişaf etmir, bu gün respublikanın
bütün şəhərləri
və rayonları sürətli inkişafdadır.
Lakin bu şəhərdə müşahidə
edilən sənayenin təmərküzləşməsi və iş yerlərinin artması ilə əlaqədar, sözsüz ki, əhalinin sayı da artacaq və
əlbəttə, ümumrespublika
sistemində onun xüsusi çəkisi yüksələcəkdir. Bu, xaotik
proses deyil, həyata keçirilən
siyasətə uyğun
və müntəzəm
prosesdir. Dövlət başçısının tapşırığına əsasən,
artıq bu gün resursları tükənmiş köhnə
binaların sökülməsi,
dövlət büdcəsinin
vəsaitləri hesabına
əhalinin köçürülməsi
və şərti adı "Yeni Sumqayıt" olan ərazidə yeni evlərin tikintisi haqqında layihə hazırlanır.
- Belə söhbətlər
gedirdi ki, gələcəkdə Bakı
Metropoliteni xətlərinin
Sumqayıta qədər
uzadılması nəzərdə
tutulur. Əgər bu ideya həyata keçirilərsə
Siz Bakının Sumqayıtı, sadəcə
olaraq, "uda" biləcəyindən ehtiyat
etmirsiniz ki?
- Bu şəhərlər artıq
bir-birinə qovuşmaqdadır,
amma Sumqayıt mental baxımdan Bakıdan fərqlənir. Bu, başqa şəhərdir.
Mən düşünmürəm ki,
Sumqayıta bir metro xəttinin çəkilməsi
onun "udulmasına"
gətirib çıxara
bilər. Avropa şəhərlərinin
çoxunun arasında
elektrik qatarları işləyir və həmin qatarlar xidmət səviyyəsinə
görə bizim metropolitenə uyğundur.
Amma bu, həmin şəhərlərin birləşməsinə
gətirib çıxarmır.
Bakı özü rayonlara bölünmüşdür. Bu şəhərlərin funksiyaları da, inkişaf formaları da müxtəlifdir.
Azərbaycan.- 2011.- 20 iyul.- S.3.