"İki sahil" qəzetinin 20 illik yubileyi qeyd edilmişdir

 

İyulun 19-da Bakı Əyləncə Mərkəzində "İki sahil" qəzetinin 20 illik yubileyi ilə əlaqədar mərasim keçirilmişdir.

Qəzetin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək mətbu orqanın keçdiyi şərəfli yoldan, əldə olunmuş uğurlardan danışmış, bütün bu illərdə onun milli mətbuatımızın ənənələrinə, dövlətə və dövlətçiliyə, xalqa sədaqət yolu tutduğunu vurğulamışdır.

V.Rəhimzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, bunu dövlət başçısının qəzetin kollektivinin əməyinə verdiyi yüksək qiymət kimi səciyyələndirmişdir.

Sonra qəzetin yaranma tarixi və fəaliyyəti ilə bağlı film nümayiş etdirilmişdir.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə çıxış edərək qəzetin kollektivini 20 illik yubiley münasibətilə təbrik etmişdir. O demişdir ki, "İki sahil" qəzeti müstəqil Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri olan nəşrlərdən biridir. Sağlam əqidə, milli özünüdərk ruhunda köklənmiş insanları ətrafında birləşdirən "İki sahil" qəzeti heç vaxt öz yolundan çəkilməmiş, ümummilli lider Heydər Əliyevin ideyalarını qətiyyətlə təbliğ etmişdir. Ulu öndər "İki sahil" qəzetinin fəaliyyətini, cəmiyyət qarşısındakı xidmətlərini yüksək qiymətləndirmişdir.

Əli Həsənov əmin olduğunu bildirmişdir ki, "İki sahil" qəzeti bundan sonra da Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə sədaqətlə xidmət edəcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev də qəzetin kollektivini təbrik edərək demişdir ki, qəzet cəmiyyətimizin informasiya tələbatının ödənilməsində mühüm rol oynamışdır.

R.Abdullayev bildirmişdir ki, Dövlət Neft Şirkəti qəzetin bir qrup əməkdaşının fəxri fərmanla təltif olunması və mükafatlandırılması barədə qərar qəbul etmişdir. ARDNŞ prezidenti fəxri fərmanları və mükafatları sahiblərinə təqdim etmişdir.

Mərasimdə çıxış edən YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov "İki sahil" qəzetinin Azərbaycan həqiqətlərinin yayılmasında mühüm xidmətlər göstərdiyini, öz missiyasını uğurla yerinə yetirdiyini vurğulamışdır. Bildirmişdir ki, fəaliyyətə başladığı dövrdə ulu öndər Heydər Əliyevin ideyalarını, siyasi tezislərini cəmiyyətə çatdırmaq üçün ziyalılar "İki sahil" qəzetində çıxış edirdilər.

Ə.Əhmədov YAP Siyasi Şurasının qəzetin kollektivinə ünvanlandığı təbrik məktubunu V.Rəhimzadəyə təqdim etmişdir.

Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov, ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə və başqaları qəzetin kollektivini təbrik etmiş, onlara uğurlar arzulamışlar.

Mərasim incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 20 iyul.- S.4.