Azərbaycanda söz və mətbuat
azadlığı
Xatırlatmaq
lazımdır ki, müstəqilliyin ilk illərində mətbuatın
formalaşma və inkişaf yolu heç də rəvan
olmamışdır. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı"nda vətəndaşların söz,
fikir, mətbuat azadlıqları təsbit edilsə də,
müstəqilliyin ilk illərində müəyyən obyektiv
və subyektiv səbəblər üzündən ölkənin
yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə,
çətinliklərlə üzləşmişlər.
Həmin
dövrdə ölkədə hökm sürən gərgin
ictimai-siyasi vəziyyət, silahlı dəstələrə
arxalanan müxtəlif siyasi qrupların məkrli
iddialarını gerçəkləşdirmək
üçün qeyri-qanuni cəhdlər göstərməsi,
Ermənistanın hərbi təcavüzünün
doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum
söz, mətbuat, məlumat azadlıqlarının təmin
edilməsinə, bu sahədə dövlətin və vətəndaşların
mənafelərinin qorunmasına ciddi maneələr
yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa
çalışan o zamankı siyasi hakimiyyət
çıxış yolunu yeni təşəkkül tapmaqda
olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə
görürdü. 1992-ci il aprel ayının 12-də hərbi
senzura tətbiqi adı altında mətbuat üzərində
nəzarət daha da gücləndirilmişdi. 1992-ci ildə
hakimiyyətə gələn AXC-nin bir illik fəaliyyəti
dövründə ölkədə söz və mətbuat
azadlığı sahəsində vəziyyət daha da pisləşmişdi.
O zamankı ölkə rəhbərinin 15 aprel 1993-cü il
tarixli sərəncamı ilə hərbi vəziyyətlə
bağlı senzura təkcə hərbi sirlərə deyil,
bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst
informasiya fəaliyyətini daha da sərtləşdirmişdi.
Ulu
öndər Heydər Əliyevin 1993-cü ilin iyununda
xalqın istəyi ilə hakimiyyətə
qayıdışından sonrakı dövrdə isə Azərbaycan
mətbuatının inkişafında tamamilə yeni mərhələ
başlanmışdır. Həmin dövrdən respublikada mətbuat
orqanlarının azad fəaliyyəti və inkişafı
yolunda süni maneələrin aradan qaldırılması,
qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin
maddi-texniki təchizatının
yaxşılaşdırılması sahəsində
ardıcıl tədbirlərin həyata keçirilməsinə
başlanılmışdır. "Jurnalist əməyi
qeyri-adi əməkdir, çox səylər və hünər
göstərilməsini tələb edən əməkdir"
- deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında vətəndaş cəmiyyəti quruculuğunu
özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan
Respublikası 1993-cü ildən insan hüquqları, söz və
mətbuat azadlığının təmin edilməsi ilə
bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə
qoşulmuşdur.
1995-ci
ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan
Respublikası Konstitusiyasının 50-ci maddəsində hər
kəsin informasiya əldə etmək hüququ təmin
edilmişdir. Konstitusiyaya bu müddəanın daxil edilməsi
respublikamızın da qoşulduğu beynəlxalq müqavilələrdən
irəli gəlir. 1948-ci ildə BMT tərəfindən qəbul
edilən İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi,
eyni zamanda 1966-cı ildə yenə BMT tərəfindən qəbul
edilən Mədəni və Siyasi hüquqların
qorunmasına dair Konvensiyanın 19-cu maddəsi, 1950-ci ildə
Romada qəbul edilən Avropa İnsan Hüquqlarının
qorunmasına dair Konvensiyanın 10-cu maddəsi
bütünlükdə hər kəsin məlumat
azadlığını - informasiyanın axtarılması, əldə
edilməsi, hazırlanması, ötürülməsi və
yayılması hüququnu təsbit edir.
1996-cı
il noyabrın 15-də "Dövlət sirri haqqında" Azərbaycan
Respublikasının Qanunu qəbul edildikdən sonra Nazirlər
Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən
Baş İdarənin iş metodlarında müsbətə
doğru ciddi dəyişikliklər edilmişdir. Buna baxmayaraq,
ölkədə demokratikləşmə prosesinin tədricən
dərinləşməsi əlavə qərarların qəbulunu
da zəruri edirdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il
18 iyun tarixli "İnsan hüquqlarının müdafiəsinə
dair Dövlət Proqramı" isə vətəndaşların
Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat,
fikir azadlıqlarının təminatına əlverişli
imkanlar açmışdır. Həmin Dövlət
Proqramından az sonra Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan
Respublikasında söz, fikir və mətbuat
azadlığının təmin edilməsi sahəsində tədbirlər
haqqında" fərman kütləvi informasiya vasitələrinin
sərbəst inkişafı, onların cəmiyyətin dinamik
şəkildə demokratikləşməsinə təsir edən
qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət
siyasətinin həyata keçirilməsində mühüm
addım olmuşdur. Fərman, eləcə də kütləvi
informasiya vasitələri əməkdaşlarının beynəlxalq
mərkəzlərin tədqiqat və təhsil
proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə
iştirakı üçün geniş şərait
yaradılmasını nəzərdə tuturdu.
Həmin
fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın
bütün informasiya vasitələri üzərində
senzura fəaliyyəti həyata keçirən Nazirlər
Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən
Baş İdarə ləğv olundu. Fərmanla, həmçinin
Azərbaycan Respublikası Prezidentinin hərbi senzura
yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı,
eləcə də bütün informasiya yayımı üzərində
nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel
1993-cü il tarixli sərəncamı qüvvədən
düşmüş hesab olundu. Bu qətiyyətli addım
1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası
qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə
senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat
üzərində dövlət senzurasının ləğvi
barədə fərman kütləvi informasiya vasitələrinin
sürətli inkişafına ciddi təkan verməklə
yanaşı, cəmiyyət həyatında onların səmərəli
rolunun artırılması sahəsində geniş Dövlət
Proqramının əsas istiqamətlərini müəyyənləşdirdi.
Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı ilə
"2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin
maddi-texniki şəraitinin
yaxşılaşdırılması üçün Tədbirlər
Proqramı" təsdiq olunmuşdur. Proqram jurnalist
kadrları hazırlayan təhsil müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
kütləvi informasiya vasitələrinin istehsalı və
yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə
Əlaqələndirmə Şurasının
yaradılmasını önə çəkirdi. Eyni zamanda,
proqramda KİV subyektləri tərəfindən dövlət
mülkiyyətində olan qeyri-yaşayış sahələrinin
icarəsi və telefon rabitəsi üzrə müəyyən
olunmuş tariflərin minimum məbləğdə ödənilməsi
nəzərdə tutulmuşdu.
Ulu öndərin təşəbbüsü ilə qəbul edilmiş 19 iyun 1998-ci il tarixli "Məlumat azadlığı haqqında", 10 iyun 1997-ci il tarixli "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", 3 aprel 1998-ci il tarixli "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", 12 mart 2002-ci il tarixli "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açmışdır. Eləcə də son 10 ildə "Kütləvi informasiya vasitələri haqqında", "Televiziya və radio yayımı haqqında", "İnformasiya azadlığı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanunlar qəbul edilmiş, bu zaman Avropa Şurasının mütərəqqi rəy və təklifləri nəzərə alınmışdır.
Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxmışdır. 2003-ci ilin martında ölkə jurnalistlərinin birinci qurultayında demokratik səsvermə yolu ilə Mətbuat Şurasının üzvləri və sədri seçilmişdir. Şura 8 illik uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul olunan, sayılıb-seçilən, eyni zamanda mətbuat-məmur, mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki həllində böyük nailliyyətlər qazanan nüfuzlu təşkilata çevrilmişdir.
Milli Məclisin 2001-ci il 13 mart tarixində "Gömrük tarifi haqqında" qanuna etdiyi dəyişikliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının icracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə gömrük rüsumundan azad edilmişlər.
Azərbaycan milli mətbuatının 125 illiyi ilə əlaqədar 2000-ci ilin iyulunda jurnalistlərlə görüşən ulu öndər Heydər Əliyev demişdir: "...Biz 1998-ci ildə senzuranı, hərbi senzuranı, bütün maneələri götürəndən sonra Azərbaycanda o qədər qəzet çıxır ki, çoxlarının adını bilmək mümkün deyil. Bilin ki, Azərbaycan Prezidenti kimi, mən hesab edirəm ki, bu, müsbət haldır. Mən hesab edirəm ki, bizim mətbuatımız keçid dövrünü yaşayır. Yəni bir var o, bağlıdır, mübarizə aparır ki, çıxsın. Azadlığa çıxandan sonra isə bağlılıqdan nə qədər əziyyət çəkibsə, çalışır ki, çoxlu mənfi şeylər, cürbəcür şayiələr versin. Müstəqil, yaxud müxalifət qəzetləri deyirsiniz, deyin, - onların arasında rəqabət gedir ki, hansı özünü daha çox göstərsin, daha çox sensasiya yaratsın. Mən buna da təəccüblənmirəm. Hesab edirəm ki, bu da bizim həyatımızın keçid dövrünün xarakterik cəhətlərindən biridir. Düşünürəm ki, qəzetlər tədricən daha da mükəmməlləşəcəkdir, sanballı olacaqdır. Zaman gələcəkdir ki, ola bilər, qəzetlərin sayı bu qədər olmayacaq, - çünki hər bir qəzet bu rəqabətə dözməyəcəkdir, - amma həmin qəzetlərin tənqidi də sivilizasiya səviyyəsindədir".
Çağdaş mətbuatımızın inkişafına böyük töhfə verən digər bir mühüm amil isə 2001-ci ildə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilat olan Avropa Şurasına üzvlüyünün gerçəkləşməsi olmuşdur. Təşkilata üzvlükdən sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş bərqərar olmasına imkan yaratmışdır. Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırmış, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırmışdır. Azərbaycanda mətbu nəşrlərin qeydiyyatı ilə bağlı icazə sistemi aradan qaldırıldı ki, bu da inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanırdı. Qeydiyyat sahəsində mövcud əngəllərin aradan qalxması cəmiyyətdə demokratik proseslərin inkişafına yeni impulslar vermiş, söz azadlığı qarşısında baryerlərin əsaslı şəkildə aradan qalxmasını təmin etmişdir. Ədliyyə Nazirliyində bu gün 4500-dən artıq KİV-in qeydiyyatdan keçməsi də məhz bu liberallaşmanın məntiqi nəticəsi sayıla bilər.
Ümummilli lider bütün bunlarla yanaşı, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. O, Yeni Azərbaycan Partiyasının 1999-cu və 2001-ci illərdə keçirilmiş birinci və ikinci qurultaylarında dövlətin kütləvi informasiya vasitələrinin fəaliyyətinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində apardığı siyasətin hüquq islahatlarının ayrılmaz hissəsi olduğunu vurğulamış, bu sahədə qarşıda duran vəzifələrdən söz açmışdır. Heydər Əliyev milli mətbuatın tarixi nailliyyətlərini, uğurlarını qeyd etməklə yanaşı, mövcud nöqsanları da göstərmiş, dəyərli tövsiyələr vermişdir. Ümummilli lider mətbuat azadlığından sui-istifadə hallarını pisləmiş, qanun pozuntularının yolverilməz olduğunu bildirmişdir. Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü onda idi ki, o, peşə etikasını kobud şəkildə pozan, faktlara deyil, şəxsi mülahizələrə söykənən "yazarlar"ın qanuna müvafiq qaydada cəzalandırılmasına yol vermir, dövlət məmurlarına dözümlü olmağı tövsiyə edirdi. Xatırlatmaq yerinə düşər ki, məhz Heydər Əliyevin humanistliyinin nəticəsi olaraq ötən illərdə bir sıra məmurlar qəzetlərə qarşı qaldırdıqları haqlı iddiaları geri götürmüşdülər. Bu fakt böyük öndərin ölkədə azad mətbuatın fəaliyyətinə necə əhəmiyyət verdiyini bir daha təsdiqləyir.
Ulu öndər 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ilə bağlı keçirilən rəsmi tədbirdə çıxış edərkən demişdir: "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Sizi əmin edirəm ki, biz mətbuat azadlığı, söz azadlığı, demokratiya sahəsində öz siyasətimizi ardıcıl şəkildə aparırıq və aparacağıq. Mətbuat cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin fəaliyyətində olan qüsurları tənqid etməklə həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə xidmət etməlidir. Mən bütün mətbuatın, müstəqil, müxalifət və ya dövlət mətbuatı fərq etməz, məhz bu yolla getməsini istəyirəm".
Müstəqil Azərbaycan bu gün də demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu da təsadüfi deyildir - respublikamızın dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirir. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər.
(Ardı var)
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.-
2011.- 20 iyul.- S.4.