Milli Qəhrəmanın ekran həyatı
Beynəlxalq
Mətbuat Mərkəzində torpaqlarımızın
azadlığı uğrunda şəhid olmuş Azərbaycanın
ilk Milli Qəhrəmanı Aqil Quliyevin döyüş yoluna həsr
edilmiş sənədli filmin təqdimat mərasimi
keçirildi.
Azərbaycan
Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi şurasının maliyyə dəstəyi
ilə ekranlaşdırılmış filmin təqdimat mərasimini
tanınmış hərbi diktor Şəmistan Əlizamanlı
açdı. Filmin qəhrəmanı haqqında
tamaşaçılara ətraflı məlumat verərək
bildirdi ki, belə igidlər haqqında ekran əsərlərinin
yaradılması çox vacibdir. Gənclərimizin hərbi vətənpərvərlik
tərbiyəsində bu filmlərin rolu əvəzsizdir.
Ehtiram
İlhamın ssenari müəllifliyi, Mahir Dərvişin
rejissorluğu ilə ərsəyə gələn filmin gənclərə
hərbi vətənpərvərlik duyğularının
aşılanmasında təsiri sözsüzdür. 35 dəqiqəlik
filmdə Milli Qəhrəmanın cəbhə dostları,
doğmaları, onun şəxsi insani məziyyətlərindən,
həm də bir komandir kimi döyüş məharətindən
bəhs etdilər. Milli Məclisin üzvü Musa Quliyev, vaxtilə
Aqildən müsahibə almış telejurnalist Qulu Məhərrəmli
qəhrəmanının daxili keyfiyyətlərindən,
şücaətindən rəğbətlə söz
açdılar.
Təqdimat
mərasimində respublikanın tanınmış
ziyalıları, Milli Qəhrəmanın ailə üzvləri,
doğmaları və döyüş yoldaşları
iştirak edirdilər. Qəhrəmanlıq tariximizin
yaşaması və unudulmaması, eləcə də gələcək
nəsillərə daha mükəmməl
çatdırılması baxımından bu filmin əhəmiyyəti
böyükdür. Rejissor Mahir Dərviş filmin ingilis, rus və
başqa dillərə tərcümə olunacağını
da bildirdi. 1992-ci il fevralın 26-da Xocalıda son damla qanına
qədər vuruşaraq Vətən uğrunda şəhid
olan Aqil Quliyevin şərəfli həyat yolu hələ də
müharibə şəraitində yaşayan bir ölkənin
vətəndaşı kimi bizlərə nümunədir.
Şəmistan
Əlizamanlı bildirdi ki, həyatlarını doğma yurd uğrunda
qurban verən qəhrəman oğulların şücaəti
hələ bundan sonra da ekranlaşdırılacaq. Bu vacib və
böyük işin davamı olaraq Aqil Quliyev kimi şəhidlik
zirvəsinə yüksəlmiş Milli Qəhrəman Fəxrəddin
Nəcəfovla da bağlı sənədli filmin çəkiləcəyi
vurğulandı.
Vaxtilə
böyük Səməd Vurğunun söylədiyi misralar Aqil
kimi Vətən oğullarının xarakterini səciyyələndirmək
baxımından bu gün də dillər əzbəridir:
"Biz sizdən öyrəndik qəhrəmanlığı..."
Nilufər VƏLİYEVA,
Sahilə MUSAZADƏ,
BDU-nun jurnalistika fakültəsinin
tələbələri
Azərbaycan.-
2011.- 20 iyul.- S.5.