Avropa təsisatları ilə
əlaqələrin inkişafı Azərbaycanın xarici
siyasətində əsas prioritetlərdəndir
İyulun 20-də Milli Məclisin
Sədri Oqtay Əsədov Avropa
Şurası Parlament Assambleyası (AŞ
PA) Avropa Xalq
Partiyasının üzvləri ilə görüşmüşdür.
Avropa Xalq Partiyasının (AXP) təmsilçilərinin
Azərbaycana səfərlərini yüksək dəyərləndirən
Oqtay Əsədov bunun
Milli Məclislə AŞ PA arasında əməkdaşlığın
daha da möhkəmlənməsinə
gətirib çıxaracağına ümid
etdiyini bildirdi. O
dedi ki, Azərbaycan Avropa strukturları ilə əlaqələrin
inkişafına xüsusi önəm verir. Avropa təsisatları
ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində prioritet
istiqamətlərdən biridir. 10 ildən
artıqdır ki, Azərbaycan Avropa Şurasının üzvüdür.
Bu illər ərzində ölkəmizin demokratik inkişafında, qanunvericiliyin
Avropa standartlarına
çatdırılmasında Avropa
Şurası böyük rol
oynayıb.
Daha sonra Milli Məclisin
Sədri Yeni Azərbaycan Partiyası ilə
Avropa Xalq Partiyası
arasında yaranmaqda olan
əlaqələrdən söz açaraq dedi ki, YAP-la AŞ PA-da ən böyük partiya olan AXP arasında əlaqələr
yaranıb. İstərdik ki, YAP
müşahidəçi qismində AXP-də təmsil olunsun.
Sosial-iqtisadi sferada Azərbaycan
dünyanın ən sürətli inkişaf
edən ölkələri sırasında yer
alır. Hətta 2009-cu ildə zirvə nöqtəsinə çatan qlobal maliyyə
böhranı zamanı Azərbaycanda ümumi
daxili məhsul 9,3 faiz
artıb. Demokratik sahədə də Azərbaycan
sürətlə inkişaf edir.
Milli Məclisin Sədri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
də toxunaraq bunun təkcə
ölkəmizin yox, Avropanın təhlükəsizliyi
üçün də hədə
yaratdığını söylədi. Qeyd
etdi ki, 20 ildən
artıq davam edən münaqişənin
dinc yolla həlli üçün BMT Təhlükəsizlik
Şurasının, Avropa
İttifaqının, Avropa
Şurasının qətnamələri hələ də Ermənistan
tərəfindən yerinə yetirilmir. Ermənistan
bu qətnamələrə məhəl qoymur. Bununla beynəlxalq hüquqa, həmin qətnamələri qəbul
edən təşkilatlara hörmətsiz
yanaşdığını göstərir. Elə AŞ
PA-nın yay sessiyasında qurumun
Dağlıq Qarabağ münaqişəsi
üzrə Alt Komitəsinin iclasına Ermənistan
tərəfi qatılmaqdan imtina etdi. Bununla bir
daha Avropa
Şurasına qarşı hörmətsizlik etdiyini
göstərmiş oldu.
AXP sədri Luca Volonte AŞ PA-nın demokratiya üçün
böyük zəmin rolu
oynadığını qeyd etdi. O, YAP-ın AXP-də
müşahidəçi qismində təmsil
olunacağına əminliyini söyləyərək bunun AXP-nin beynəlxalq əlaqələrinin
inkişafına töhfə olacağını diqqətə
çatdırdı. Daha sonra
o, Azərbaycanda demokratiyanın daha da inkişafı,
qanunların təkmilləşdirilməsi istiqamətində
hansı işlərin görülməsi, dini tolerantlıq səviyyəsi ilə
maraqlandı.
Bu məsələlərə aydınlıq gətirən
Oqtay Əsədov Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin böyük əksəriyyətini yerinə yetirdiyini demokratik inkişaf istiqamətində səylərini davam etdirdiyini bildirdi. Ölkəmizdə dini
tolerantlığın çox yüksək
səviyyədə olduğunu qeyd etdi.
Görüşdə
tərəfləri maraqlandıran digər məsələlər
ətrafında da fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2011.-21 iyul.-S.2.