Dağlıq Qarabağ
probleminin həlli danışıqlar yolu ilə həll edilməlidir və məcburi köçkünlər
evlərinə qayıtmalıdırlar
İyulun 20-də Baş nazirin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa
Şurası Parlament Assambleyasında (AŞ PA) Avropa Xalq
Partiyasının (AXP) üzvləri ilə
görüşmüşdür.
Görüşdə Əli Həsənov
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tarixindən, qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həlli istiqamətində
görülən işlər barədə
danışmışdır. Bildirmişdir ki, 1988-1992-ci illərdə
Ermənistan silahlı qüvvələrinin ölkəmizə
hərbi təcavüzü nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi - Dağlıq Qarabağ, ona
bitişik 7 rayonun ərazisi işğal olunmuş, bir milyondan
çox soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür. BMT Təhlükəsizlik
Şurası 1993-cü ildə münaqişənin sülh
yolu ilə həlli, işğal olunmuş ərazilərin
azad edilməsi, qaçqın və məcburi
köçkünlərin doğma yurdlarına
qaytarılması haqqında 822, 853, 874, 884 nömrəli qətnamələr
qəbul etmişdir. Lakin Ermənistan bu qətnamələrə
əməl etmir.
Ə.Həsənov Azərbaycan dövlətinin
məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması, hüquqlarının
qorunması istiqamətində həyata keçirdiyi tədbirləri
diqqətə çatdırmış və
vurğulamışdır ki, ölkəmizdə son 20 ildə
qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli üçün 4,5 milyard ABŞ
dolları məbləğində vəsait sərf
olunmuşdur. Bunun 2,6 milyard dolları büdcə vəsaiti, 1
milyard dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon
dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Qaçqın və məcburi köçkünlər
üçün 67 yeni qəsəbə tikilmiş, hər
cür şərait yaradılmış, 100 min qaçqın
və məcburi köçkün həmin qəsəbələrə
köçürülmüşdür.
Baş nazirin müavini qaçqın və
məcburi köçkünlərimizin doğma
yurd-yuvalarına qayıdacaqlarına əminliyini
bildirmişdir.
AXP-nin sədri Luka Volonte Azərbaycandakı
qaçqın və məcburi köçkünlərin həyat
şəraiti ilə maraqlandıqlarını diqqətə
çatdırmışdır. Bildirmişdir ki, Dağlıq
Qarabağ probleminin həlli danışıqlar yolu ilə həll
edilməlidir və məcburi köçkünlər evlərinə
qayıtmalıdırlar.
Görüşdə maraq doğuran digər
məsələlər müzakirə edilmiş, suallar
cavablandırılmış, qonaqlara Dağlıq Qarabağ
münaqişəsindən bəhs edən disk təqdim
edilmişdir.
AzərTAc
Azərbaycan.-2011.-21
iyul.-S.2.