Gəncə yeni inkişaf mərhələsinə
qədəm qoyur
Azərbaycanın ən böyük
inzibati mərkəzlərindən sayılan Gəncə şəhərinin
bir zamanlar ürək ağrıdan miskin görkəmindən
indi əsər-əlamət qalmayıb: bu qədim diyar -
Nizami yurdu sürətli inkişaf tempi ilə Azərbaycanın
ən müasir, abad şəhərlərindən birinə
çevrilir. Xüsusilə də son aylarda buraya yolu
düşənlər şəhərdə
başlanmış genişmiqyaslı abadlıq və
quruculuq, yenidənqurma işlərinə heyrətlərini
gizlədə bilmirlər. Böyük tikinti meydanını
xatırladan, ən müasir şəhərlərə xas
arxitektura əsasında abadlaşdırılan şəhərin
əksər küçə, meydan, park və
xiyabanlarında, sosial-mədəni, inzibati obyektlərində,
o cümlədən çoxsaylı yaşayış
binalarında aparılan təmir və yenidənqurma işləri
həqiqətən göz oxşayır.
Aparılan
genişmiqyaslı abadlıq və yenidənqurma işlərinə
məqsədyönlü istiqamət vermək, habelə şəhərin
gələcək inkişafı zamanı qədim və
müasir memarlıq ənənələrinin vəhdətinə
nail olmaq, ən müasir şəhərsalma elementlərinin tətbiqini
təmin etmək məqsədilə Gəncə Şəhər
İcra Hakimiyyətində Yerli Şəhərsalma və
Memarlıq Şurası yaradılıb. Yeni yaradılan
şura həyata keçirilən işlərə nəzarət
edir, Gəncənin ölkənin ikinci sənaye və mədəniyyət
mərkəzi kimi inkişafını istiqamətləndirir.
İlk
baxışdan bu da aydın görünür ki, görülən
işlər kampaniyaçılıqdan, kosmetik dəyişikliklərdən
tamamilə uzaq olub şəhərin uzun illərdən bəri
həllini gözləyən problem və
qayğılarının kompleks həlli məqsədinə
hesablanıb. Qısa zamanda Gəncənin müasir şəhərlərə
nümunə olacaq yeni Baş Planının hazırlanaraq
icraya yönəldilməsi də şəhərdə həyata
keçirilən işlərin ünvanlı, məqsədyönlü
və ardıcıl xarakter daşıdığını
göstərir. Gəncənin ilbəil artan sosial-iqtisadi
potensialına, demoqrafik inkişaf tempinə uyğun şəkildə
hazırlanan yeni Baş Planda şəhərdən kənarda
tələbə şəhərciyinin, səhiyyə və sənaye
zonalarının yaradılması, yeni yaşayış
massivlərinin salınması nəzərdə tutulur. Baş
Plana əsasən, şəhərin ərazisi genişləndirilərək
1700 hektar ərazini əhatə edəcəkdir. Bu plan təkcə
qədim şəhər üçün deyil, həm də ətraf
bölgənin, ümumiyyətlə, qərb zonasının
proqram sənədi olacaqdır. Planda şəhərin
memarlığının qədim üslubu, keçmiş sənaye
zonası, təhsil və mədəni şəbəkə
layihədəki müasir tələblərlə vəhdətdə
götürülüb.
Baş plana əsasən,
Gəncə çayı üzərində daha iki
körpünün tikilməsi, çayın sağ və sol
sahili boyunca sağlamlıq, istirahət guşələrinin,
kurort zonalarının yaradılması, mövcud avtomobil
yollarının genişləndirilməsi, su və kanalizasiya
şəbəkələrinin yenidən qurulması
planlaşdırılır. Layihədə şəhərin qədimliklə
müasirliyin sintezi əsasında inkişafı, mərkəzdə,
tarixi abidələrlə zəngin olan digər yerlərdə
çoxmərtəbəli binaların tikintisinə qadağa
qoyulması da ciddi tələb kimi önə çəkilir.
Qarşıya qoyulan başlıca vəzifələrdən
biri də ekoloji mühitin sağlamlaşdırılması,
habelə mövcud 145 hektarlıq yaşıllıq sahəsinin
2251 hektara çatdırılması, habelə turizmin
inkişafı üçün böyük kurort və
sanatoriya mərkəzinin yaradılmasıdır.
2011-ci ilin birinci
yarısında bütün maliyyə mənbələri
hesabına şəhər ərazisində kapital
qoyuluşunun həcmi 7,1 milyon manat təşkil edib və bu
da 2010-cu ilin birinci rübü ilə müqayisədə 3,8
milyon manat, yaxud 2,2 dəfə çoxdur. Gəncədə
geniş vüsət alan abadlıq və quruculuq işi
müasir memarlıq elementləri əsasında
aparılır, şəhərin qərinələr boyu
formalaşan imicinə qətiyyən xələl gətirmir.
Sakinlərdə də haqlı narazılıq doğuran
qeyri-qanuni tikililər, köşklər, digər obyektlər
sökülür. Müasir şəhərsalma prinsipləri
ilə uzlaşmayan digər tikililərin də
sökülüb yeniləri ilə əvəz olunması
istiqamətində işlər davam etdirilir.
Şəhərin
Bakı istiqamətindən girişi tamamilə yenidən
qurulur. Burada "giriş qapısı"nın
inşası, "Nizami" Memarlıq-Məqbərə
Kompleksinədək 2,5 kilometr yolun hər iki ətrafının
yaşıllaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, Şeyx Nizaminin "Xəmsə"yə daxil olan
əsərlərinin adları həkk edilmiş 5 nəhəng
kitab-lövhə memarlıq elementi, habelə şairin ölməz
qəhrəmanlarının obrazlarını canlandıran heykəllər
gözəl görünüşü ilə ətrafa
xüsusi gözəllik verəcək. Şəhərə gələnlər
Nizaminin sənət dünyasından keçərək məqbərəyə
daxil olacaq, buradan şəhərin yaraşıqlı və
gözəl mənzərəsini seyr edəcəklər.
Gəncə
Şəhər İcra Hakimiyyətinin təşəbbüsü
əsasında Mədəniyyət və Turizm Nazirliyi
"Nizami" Memarlıq-Məqbərə Kompleksinin və ətraf
ərazilərin kompleks yenidən qurulması işlərinə
başlayıb. Məqbərə ətrafında aparılan
işlər buranın tezliklə dahi söz ustadına layiq
ziyarət ünvanı olacağına əminlik yaradır. Məqbərənin
yeni görkəminin əksi olan 4 böyük eskiz mütəfəkkir
şairin məqbərəsinin abadlıq və quruculuq işlərindən
sonrakı görkəmini nişan verir. Göygölün rəmzi
olan gölün içərisində oturmaq, dincəlmək
üçün xüsusi köşk nəzərdə
tutulub. Zümrüd rəngli suyun ləpələri burada dincələnləri
sanki Nizami dünyasının sirli-sehrli hikmətinə
"qovuşduracaq".
Şairin özünün və
obrazlı heykəllərin ətrafı mərmər
üzlüklərlə bəzədilir. Naxışlı
bardürlər isə demək olar ki, tamamilə yenilənir.
Milli ornamentlərə xas biçimdə olan bu bardürlər
kompleksə xoş bir görünüş verir.
Şəhərin
Nizami prospektinin abadlaşdırılmasına isə bir
neçə aydır ki, başlanılıb. Artıq burada
30-dan çox binanın dam örtüyü mansardla əvəz
olunub. Binaların həyətlərindəki tor hasarlar
sökülüb, sakinlər üçün nümunəvi
məhəllələr, uşaqlar üçün oyun
meydançaları yaradılıb. Qeyri-qanuni artırmalar
sökülüb, binaların rəngi solmuş, sakinlərin
"əlavələri" ilə yöndəmsiz hala
düşmüş fasad hissəsi yeni üzlük
materialları ilə örtülüb. Əsasən, Avropa
ölkələrində binaların daha yaraşıqlı
görünməsi üçün istifadə olunan həmin
inşaat materialları son dərəcə gözəl,
keyfiyyətli və gözoxşayandır.
Ümumiyyətlə,
bu gün Gəncənin 30 küçəsində 1500-dən
çox obyektdə yenidənqurma və təmir-bərpa
işləri aparılır. Heydər Əliyev, Nəriman Nərimanov,
Şah İsmayıl Xətai prospektləri, Cavad xan, Dədə
Qorqud, Üzeyir Hacıbəyli, Zülfü Hacıyev, Əziz
Əliyev, Vəli Xuluflu, Füzuli, Şəddadilər və
digər küçələr müasir memarlıq
üslubunda yenidən qurulur. Bütün küçə və
prospektlər boyunca yollar genişləndirilir, səkilər təmir
olunur, yaşıllıqlar salınır. Diqqəti çəkən
həm də odur ki, əvvəllər səliqəsizliyi,
xaotikliyi ilə şəhərin
görünüşünü korlayan kommunikasiya
qovşaqları - qaz, su, elektrik xətləri yeraltı
borularla çəkilir. Şəhər hörümçək
torlarına bənzəyən işıq xətlərinə,
memarlığına xələl gətirən qaz
borularına "əlvida deyir". Şəhərin
işıqlandırma sistemi, işıq dirəkləri yenilənir.
Heydər Əliyev
prospekti özünün yaraşığı,
abadlığı və yaşıllığı ilə gəncəlilərin
ulu öndərə olan böyük ehtiramını əks
etdirir. Burada milli və müasir arxitektura zəminində
aparılan abadlıq-quruculuq işləri prospektin görkəmini
tamamilə dəyişir. Prospekt dəmiryol vağzalından
başlandığı üçün şəhər
haqqında ilk təəssürat da buradan yaranır. Yeni layihələr
əsasında birmərtəbəli və yöndəmsiz
binalar tamamilə yenidən qurulur. Fasadlar təzələnir,
səkilər qaydaya salınır. Xan çinarların
baş-başa verdiyi prospektdə yaşıl və
gül-çiçəkli xiyabanların salınması da nəzərdə
tutulur.
Cavad xan
küçəsi Gəncənin özünəməxsus
memarlıq üslubu, qədim binaları ilə məşhur
olan bir guşəsidir. Avtomobillərin hərəkətinə
məhdudiyyət qoyulan bu küçədə sakinlərin
istirahəti üçün müəyyən şərait
yaradılsa da, bu həm estetik, həm də küçənin
quruluşu ilə bağlı heç də hər kəsi
qane etmirdi. İndi Gəncənin qurulan və
abadlaşdırılan guşələrinə həmin
küçə də əlavə olunub. Burada binaların
fasadları da qaydaya salınır. Küçənin daha baxımlı
olması, gələnlərin istirahətlərinin xoş
keçməsi üçün beş ədəd fəvvarənin
quraşdırılması da nəzərdə tutulub.
Şəhərin
"Gülüstan" qəsəbəsində yenidən
qurulan "Beş bulaq" kompleksi də yeni görkəm
alır. Bulaq kompleks halda yenidən qurulmaqla milli ornamentli və
özəl işıqlandırma sistemi ilə xüsusi
gözəllik yaradır. Bulağın arxasındakı dərin
təpə torpaqla doldurularaq böyük bir meydança
yaradılıb. Sakinlərin istirahəti üçün
bütün məqamlar nəzərə alınıb. Fəvvarə
ətrafındakı müasir oturacaqlar, yaşıllıq və
gül-çiçək hər kəsi özünə cəlb
edəcək.
Gəncə
Şəhər İcra Hakimiyyətinin
qarşısındakı park da bu gün özünün
möhtəşəmliyi, müasirliyi, səliqə-sahmanı
ilə paytaxtın analoji istirahət guşələrindən
qətiyyən geri qalmır. Son aylarda park əsaslı təmir
olunub, burada yaşıl saat quraşdırılıb, ətraf
binaların fasadları müasirləşdirilib.
Gəncənin
tarixi-memarlıq abidələrinin, türbələrinin təmiri
və yenidən qurulması işləri də geniş
vüsət alıb. Şəhərdə qədimliyi ilə
tanınan "Çökək Hamam" kompleksində bərpa
işlərinə başlanılıb. Doğrudur, Gəncənin
sorağı çox uzaqlara gedib çıxan bu və digər
tarixi abidələrində zaman-zaman bərpa işləri
aparılıb. Lakin bütün bunlar nəinki əsrlərin
yadigarlarının qorunmasına xidmət edib, əksinə, bəzən
onların ümumi görkəminə xələl gətirib.
Bu gün isə şəhərdəki abidələr
xüsusi qayğı ilə bərpa olunur. "Çökək
hamam" kompleksi də bu qayğıdan kənarda qalmayıb.
Kompleksin bərpası təcrübəli mütəxəssislər
tərəfindən aparılır, bu prosesdə tikinti və
bərpa materialları kimi gəc, əhəng, ağ torpaq,
gil, yumurtanın ağı və süddən istifadə
olunur. Bu materiallardan istifadə "Çökək
hamam"ın əvvəlki görünüşünü
özünə qaytarmağa imkan verəcəkdir.
Azərbaycan
Prezidenti İlham Əliyevin Gəncədəki "İmamzadə"
tarixi-dini kompleksinin təmiri və bərpası ilə əlaqədar
imzaladığı xüsusi sərəncam şəhər
sakinlərinin böyük rəğbəti ilə
qarşılanıb. "İmamzadə" dini kompleksində
də yenidənqurma işləri xüsusi layihə üzrə
həyata keçirilir. Hazırda ziyarətə gələnlərin
ibadəti və istirahəti üçün nəzərdə
tutulmuş 700 kvadratmetri əhatə edən ikimərtəbəli
binanın inşasına başlanılıb. Tikiləcək
binanın qarşısındakı geniş ərazi hasara
alınıb. Burada bağın salınması,
oturacaqların quraşdırılması, ümumiyyətlə,
səliqə-sahmanın yaradılması nəzərdə
tutulur.
Hazırda Gəncə
şəhəri ilə "İmamzadə" tarixi-dini
kompleksi arasındakı 5,2 km yolun yenidən
abadlaşdırılması və
asfaltlaşdırılmasının texniki-iqtisadi əsaslandırma
işləri aparılır. Ziyarətgahın ətrafında
inşa edilmiş, sonralar təbii aşınmalar nəticəsində
məhv olmuş tarixi tikililərin qorunub saxlanılması və
gələcək nəsillərə
çatdırılması istiqamətində də iş
aparılır.
Son aylarda həmçinin
görkəmli ədib-alim və ziyalı Mir Cəlal
Paşayevin ev-muzeyində, "Ozan" və "Şərəfxanlı"
məscidlərində, Azərbaycanın ilk Sovet
İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun
Xatirə ev-muzeyində, Dövlət Kamera Orkestrinin
binasında, 1, 2, 3, 4, 9 saylı Uşaq Musiqi məktəblərində,
Uşaq İncəsənət Məktəbində, Uşaq
İncəsənət Məktəbinin Gülüstan
filialında da əsaslı və cari təmir işləri
aparılıb.
Quruculuq,
abadlıq və yenidənqurma mərhələsini yaşayan
Gəncə bu gün həm də sosial-iqtisadi cəhətdən
inkişaf edir, sakinlərin həyat tərzi
yaxşılaşır. Şəhərin qabaqcıl və
modern infrastrukturla təmin edilməsi ilə yanaşı,
iqtisadi imkanların və mövcud potensialın səfərbər
olunması, yeni müəssisələrin tikintisi, iş
adamları üçün əlverişli şəraitin
yaradılması, sosial problemlərin həlli və digər məsələlər
xüsusi diqqət mərkəzindədir.
Şəhərin
sosial-iqtisadi uğurları isə statistik göstəricilərdə
dolğun əksini tapır: 2011-ci ilin birinci yarısında
şəhərdə ümumdaxili məhsulun həcmi 88,4
milyon manat olub və bu da ötən ilin müvafiq
dövrünə nisbətən 27,4 faiz çoxdur.
Ümumdaxili məhsulun 67,1 faizi qeyri-dövlət sektorunda - məhsul
istehsalının, nəqliyyat işlərinin və xidmətlərin
həcminin artması hesabına əldə olunub. Ümumdaxili
məhsulun 23,9 milyon manatını sənaye, 0,8 milyon
manatını kənd təsərrüfatı, 6,7 milyon
manatını tikinti, 37,8 milyon manatını ticarət, 17,8
milyon manatını nəqliyyat, 1,4 milyon manatını rabitə
təşkil edib. Ümumi məhsul buraxılışının
tərkibində sənaye məhsulu istehsalının
xüsusi çəkisi 26,4 faiz təşkil edib, 23,9 milyon
manatdan çox məhsul istehsal olunub. Keçən ilin
müvafiq dövrü ilə müqayisədə sənayedə
20,1 faiz artım əldə edilib.
Ötən ilin
müvafiq dövrü ilə müqayisədə qeyri-dövlət
bölməsində məhsul istehsalı 4,4 faiz artıb,
ümumi sənaye məhsulunda onun xüsusi çəkisi 30,7
faizə və ya 7,4 milyon manata çatıb. Satılan məhsulun
33,6 faizi şəhərdə, 58,9 faizi respublikada, 7,5 faizi
xarici ölkələrdə realizə olunub. 2011-ci ilin birinci
yarısında hər nəfərə (adambaşına) 287,8
manat ümumdaxili məhsul istehsal olunmuşdur və bu da
2010-cu ilə nisbətən 139,2 manat və yaxud 5,0 faiz
çoxdur.
2011-ci ilin birinci
yarısında bir işçiyə hesablanmış orta
aylıq əməkhaqqı keçən ilin müvafiq dövrü
ilə müqayisədə artaraq 215,3 manat təşkil edib.
2011-ci ilin birinci rübündə əhalinin pul gəliri 202
milyon 104 min manat olub və bu da ötən ilin müvafiq
dövrünə nisbətən 22,9 milyon manat və yaxud 12,8
faiz çoxdur. Adambaşına düşən (hər nəfərə)
pul gəlirləri isə 630,6 manat təşkil edib.
Hazırda şəhərdə
35 özəl bank filialı, 5 bank şöbəsi, bir özəl
bank fəaliyyət göstərir. Hesabat dövründə
Sahibkarlara Kömək Milli Fondu tərəfindən Gəncə
sahibkarlarına 1,0 milyon manat məbləğində güzəştli
kredit verilib. Banklar fiziki və hüquqi şəxslərə
23,8 milyon manat, ipoteka krediti alanlara 389,6 min manat, lizinq əməliyyatı
vasitəsilə 5,4 milyon manat məbləğində vəsait
vermişlər.
Gəncədə
yeni iş yerlərinin açılmasına da xüsusi diqqət
yetirilir. 2011-ci ilin birinci yarısında şəhərdə
464 yeni iş yeri açılmış və onlardan 404-ü
daimidir.
Şəhər
iqtisadiyyatının davamlı inkişaf edən sahələrindən
biri də rabitə sahəsidir. İnformasiya və rabitə
müəssisələri 3 ay ərzində əhaliyə,
müəssisə, təşkilatlara və digər
istehlakçılara 1,4 milyon manatlıq rabitə xidməti
göstərib və bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 86,8 faiz çoxdur.
Şəhər
əhalisinin və iqtisadiyyatın fasiləsiz, dayanıqlı
elektrik enerjisi, təbii qaz və kommunal xidmətlərə
olan tələbatının ödənilməsi istiqamətində
görülən məqsədyönlü və sistemli
işlər 2011-ci ilin birinci yarısında da uğurla davam
etdirilib. Gəncə Yüksək Gərginlikli Elektrik Şəbəkəsi
MMC şəhərin elektrik təchizatında mühüm yeri
olan "Gəncə" 330/110/10 kV-luq yarımstansiyasında
yenidənqurma işlərini başa çatdırıb. Yeni
Gəncə sakinlərinin, eləcə də digər
istehlakçıların elektrik enerjisi ilə təchizatını
yaxşılaşdırmaq üçün
"Maşınqayırma" 110/10 kV-luq
yarımstansiyasında 16 MVA və 6,3 MVA transformatorların 10
kV-luq hissəsində yenidənqurma işləri
aparılıb.
Şəhər
əhalisinin qaza olan tələbatının tam ödənilməsi
üçün cari ilin əvvəlindən şəhərin
ayrı-ayrı ərazilərində, həyətlərdən
keçən 1512 p/m uzunluğunda qaz xətləri
küçəyə çıxarılıb, 132 ədəd
qaz tənzimləyici şkaflar təftiş və təmir
olunub, 120 siyirtmə yoxlanılaraq işlək vəziyyətə
gətirilib, 6 ədəd siyirtmə yenisi ilə əvəz
olunub. Gəncə-Şəmkir magistral yolunda aparılan yenidənqurma
işləri ilə əlaqədar 346 p/m uzunluğunda 375
mm-lik və 530 mm-lik diametrli qaz kəməri borusu demontaj
olunaraq yenidən çəkilib. Ə.Məmmədov,
İ.Qayıbov, Ü.Hacıbəyli küçələrində,
Qırmızı kənd, Sadıllı Bağbanlar və digər
yaşayış ərazilərində əhaliyə nəql
edilən qazın tələb olunan təzyiqdə məişət
abonentlərinə çatdırılması
üçün 24 ədəd qaz tənzimləyici şkaf təmir
edilib, digərlərində isə profilaktik işlər
aparılıb.
Gəncəliləri
uzun illərdən bəri narahat edən ciddi problemlərdən
biri içməli su ilə bağlıdır. Problemin
ciddiliyi özünü onda göstərir ki, bəzi
işbazlar içməli suyu xüsusi maşınlarla şəhərə
gətirib sakinlərə baha qiymətə satırlar. Bəzən
bu maşınların yanında hətta növbələrə
də rast gəlmək olur. Şəhərin yeni rəhbərliyi
bu problemin ciddiliyini düzgün dəyərləndirir və
həlli istiqamətində bir sıra tədbirlər
görür. 2011-ci ilin aprelində "Azərsu" Səhmdar
Cəmiyyətinin, Almaniya İnkişaf Bankının
aparıcı mütəxəssislərinin, eləcə də
şəhər ictimaiyyətinin nümayəndələrinin
iştirakı ilə Gəncənin su və kanalizasiya sistemlərinin
bərpası layihəsinin təqdimat mərasimi
keçirilib. Almaniya İnkişaf Bankının maliyyələşdirəcəyi
layihənin ümumi dəyəri 125 milyon avrodur. Birinci mərhələdə
suötürücü qurğuların reabilitasiyası, su və
çirkab suları borularının yeniləşdirilməsi
nəzərdə tutulur. Layihə çərçivəsində
həyata keçiriləcək tədbirlər şəhər
sakinlərinin içməli suya tələbatını əhəmiyyətli
dərəcədə yaxşılaşdıracaqdır.
Əhalinin
içməli su ilə təchizatını
yaxşılaşdırmaq, kanalizasiya xidmətini yüksəltmək
məqsədilə bir sıra işlər görülür.
İlin əvvəlindən 513 p/m uzunluğunda müxtəlif
ölçüdə magistral və məhəllədaxili su
boruları, 27 ədəd siyirtmələr və 12,7 min p/m
elektrik kabeli dəyişdirilib, 27 ədəd elektrik mühərriki,
7 ədəd su nasos stansiyası təmir edilib, 369 halda artezian
və subartezian qurğuları, 25 güc transformatoru təmir
edilib.
Gəncə Şəhər İcra
Hakimiyyətinin fəaliyyətində başlıca vəzifələrdən
biri də vətəndaşların müraciətlərinə
baxılması, onların qəbulu, əhalinin
qaldırdığı problemləri qanunvericiliyə
müvafiq həlli yollarının müəyyənləşdirilməsi
və icrasının təmin edilməsidir. Azərbaycan
Prezidenti İlham Əliyev vətəndaşların müraciətlərinə
daim böyük diqqət və qayğı ilə
yanaşır və bunu hər dövlət orqanından, hər
bir dövlət məmurundan qətiyyətlə tələb
edir. Bu baxımdan, Gəncə Şəhər İcra Hakimiyyətinin
diqqət mərkəzində olan ən mühüm məsələlərdən
biri də vətəndaşların müraciətlərinə
baxılması olub. 2011-ci ilin birinci rübü ərzində
şəhər icra hakimiyyəti başçısı
aparatına 1422 yazılı müraciət daxil olub. Müraciətlərin
təxminən üçdəikisi və ya 66,7 faizi torpaq sahəsinin
ayrılması, mənzil, tikinti və kommunal məsələləri
təşkil edir.
Bəli, Azərbaycanın
20 illik müstəqillik tarixinin möhtəşəm izləri
bu gün Gəncə şəhərində özünü
daha qabarıq göstərir. Şəhərin son dövrlərdə
əldə etdiyi nailiyyətlər isə ünvanlı və
məqsədyönlü olmaqla, hər bir sakinin sosial rifah
halının yüksəldilməsi, mənafeyinin qorunması
məqsədini önə çəkir. Gəncə sakinləri
ürəkdən inanırlar ki, dövlət
başçısı İlham Əliyevin diqqət və
qayğısı nəticəsində rayonun narahatlıq
doğuran bütün problemləri ən qısa zamanda
uğurlu həllini tapacaqdır.
S.MUSTAFAYEV
Azərbaycan.-2011.-21 iyul.-S.3.