Şəfiqə xanım Əfəndizadə
kim idi?
Azərbaycan
qadınlarının taleyi, o zamankı kölə vəziyyətindən xilas yolu XX əsrin əvvəllərindəki
mətbuatda böyük ictimai-siyasi
problem kimi müzakirə
olunurdu. Qadınlarımızın son dərəcə ağır maddi-mənəvi
vəziyyəti, onların bütün insani hüquqlardan məhrum
olmaları ziyalılarımızı, xüsusən də qələm
əhlini daha çox
narahat edirdi. Odur ki, başda "Molla Nəsrəddin" olmaqla
dövrün əksər milli
ruhlu mətbuatı bu
məsələnin həllinə can
atırdı. Çox çətin də
olsa, qadınlarımızı təhsilə,
elmə, yeniliyə cəlb etmək, cəhalətdən,
avamlıqdan qurtarmaq üçün
onların maariflənməsi məsələsini daha kəsərli şəkildə qoyurdular.
İllər keçirdi. Artıq az da olsa savadlı, ziyalı
qadınlar yetişərək ölkənin mədəni həyatında
iştirak edirdilər. Məktəb, səhiyyə
sahələri ilə yanaşı, mətbuatımızda da qadın müəlliflərə rast gəlmək olurdu. Belə qadınlarımızdan biri
də XX əsrin əvvəllərində
yaşayıb-yaratmış, Azərbaycanın ilk qadın maarifpərvər xadimi,
publisist, yazıçı, xeyriyyəçi
Şəfiqə xanım Əfəndizadə olub.
Ş.Əfəndizadə dövrünün
tanınmış ziyalıları ilə birlikdə xalqın
maariflənməsində, azadlığa qovuşmasında
mübarizə aparıb. Həm bir
müəllim, həm də bir publisist kimi ölkəni
ağır vəziyyətdən çıxarmaq üçün dövrün
vətənpərvər ziyalılarına hər sahədə
dəstək olub. Müəllimliklə,
xeyriyyəçiliklə yanaşı, qələmi ilə də
xalqının maariflənməsinə, tərəqqi etməsinə
çalışıb.
Şəfiqə
xanım Əfəndizadə 1882-ci ildə
Gürcüstanın Astxuri kəndində
dövrünün görkəmli pedaqoqu və ziyalısı sayılan Məmmədəmin
Şeyxzadənin ailəsində dünyaya
göz açıb. Atası
tanınmış pedaqoqlardan olmaqla yanaşı, Şərq və Avropa ədəbiyyatını gözəl
öyrənmişdi. O zaman Tiflisdə,
Bakıda, Krımda nəşr olunan
"Kəşkül", "Tərcüman", "Kaspi" kimi mətbu
orqanları mütəmadi alır, Qafqazda
və dünyada baş
verən hadisələrlə, yeniliklərlə ailəsini də
xəbərdar edirdi.
Beləliklə,
balaca Şəfiqədə mətbuata maraq oyanıb. Kiçik məqalələr,
hekayələr yazaraq atasına
oxuyardı. Bunun ötəri
olmadığını görən Məmmədəmin
qızına məsləhətlər verir,
daha çox mütaliəyə
istiqamətləndirirdi. Məmmədəmin intellektual
səviyyəyə malik bir
ziyalı kimi ailəsinin də
savadlanmasına imkan yaratmışdı.
Qızları Səidə və Şəfiqə elə ilk təhsillərini də atalarından alaraq ərəb, fars, rus dillərini öyrənmişdilər. Hər
ikisinin də savadlı, milli
ruhlu ziyalı kimi yetişməsində
atanın çox böyük
köməyi olub. Hələ on dörd yaşında ikən
Şəfiqə xanım atasının Şəkidə
işlədiyi Darrüssiyada qızlar üçün açılmış xüsusi qrupda dərs deməyə
başlayıb.
1901-ci ildə Tiflis Zaqafqaziya Ruhani İdarəsində imtahan
verərək müəllimlik attestatı aldıqdan sonra H.Z.Tağıyevin və N.Nərimanovun təşəbbüsü
ilə Bakıya dəvət olunub. Bu haqda tədqiqatçı
alim Sabir Məmmədov
"Azərbaycanın maarifpərvər qadınları" əsərində
yazıb: "...Faytonçu Məmmədəmin
kişiyə bir məktub uzadaraq
dedi: - Bakıdan Nəriman Nərimanov
göndərib".
Məmmədəmin
faytonçunu yola salaraq məktubu açdı. Orada
yazılmışdı: "Bu
yaxınlarda Bakıda müsəlman qız məktəbi
açılacaqdır. Buraya müəllimələr
lazımdır. Yaxşı olardı ki, öz qızın Şəfiqəni bu məktəb üçün
müəllimə hazırlayasan".
1901-ci ildə
Bakıda ilk rus-müsəlman qız məktəbinin
təntənəli açılışı oldu.
Bu, xalq təhsili
tarixində mühüm mərhələ
idi. H.B.Zərdabinin köməyi
ilə xalqımızın böyük oğlu H.Z.Tağıyev Rusiya
imperatorunun arvadının şərəfinə
"Aleksandrinskaya" adlandırılan
qız məktəbi açdı. H.Z.Tağıyev bu işi həyata
keçirmək üçün
1896-cı ildən müxtəlif hakim dairələrə,
hətta imperatora müraciət etmiş və nəhayət, beş
ildən sonra onun
açılmasına nail olmuşdu.
Bu məktəbin çox
gözəl bir ənənəsi vardı
ki, kasıb ailədən olan
qızlar ödənişdən azad idilər.
Təhsilin birinci ilində (1901-ci il) 57 şagirddən 35-i pulsuz
təhsil və tərbiyə alırdı.
Məktəbin ilk pedaqoqlarından biri də
Şəfiqə xanım Əfəndizadə oldu.
Atası Məmmədəmin məktəb açılarkən
qızını Bakıya, qız məktəbinin ilk müdiri Hənifə
xanım Məlikovanın yanına gətirir. Beləliklə,
Şəfiqə xanım məktəbdə fəaliyyətə
başlayır.
XX
əsrin əvvəllərində Hənifə Məlikova, Məryəm
Sulkeviç, Xədicə Ağayeva,
Sara Vəzirova, Gövhər
Tağıyeva, Qumru və Nabat
Nərimanovalar, Səyidə Şeyxzadə (Şəfiqə
xanımın bacısı) və Şəfiqə Əfəndizadə
Azərbaycan təhsilinin görkəmli qadın nümayəndələri
idilər. Onların
fəaliyyəti üçün
Tağıyevin qız məktəbi böyük
əhəmiyyət daşıyırdı. Bu
məktəb Azərbaycanda "rus-tatar"
məktəbləri üçün bir növ pedaqoji
kadrlar yetişdirən mərkəz rolunu oynayırdı.
Tərəqqipərvər,
millətsevər ziyalılarımızdan H.B.Zərdabi,
H.Z.Tağıyev, S.M.Qənizadə tez-tez
qız məktəbinə gələr və öz
dəyərli məsləhətlərini verərdilər. Bir gün də H.B.Zərdabi
Şəfiqə xanımın dərs dediyi
otağa daxil olub və əlindəki məcmuəni ona uzadaraq deyib:
"Qızım, bu, faydalı məcmuədir.
Qızlarımıza bundan da
oxuyun".
H.Zərdabinin
məktəbə "Dəbistan"ı gətirməsi
Şəfiqə xanımın da jurnalla əməkdaşlığına yol açdı. Müəllimə xanım nəinki
özünün, hətta şagirdlərinin
yazılarının də bu jurnalda çap olunmasına
şərait yaratdı. "Dəbistan"ın 7-ci
sayını Şəfiqə xanım daha
böyük sevinclə qarşıladı və
məktəbə gətirdi. Burada onun şagirdi Nabat Nərimanovanın məqaləsi dərc olunmuşdu.
Göründüyü kimi, burada bir balaca
yanlışlığa yol verilib. Nabat xanımdan əvvəl
"Dəbistan"la əməkdaşlığa Şəfiqə
xanım başlamışdı. Şəfiqə
xanımın tövsiyələri və köməyi nəticəsində
şagirdi Nabat
xanımın da məqaləsi jurnalda çap olunmuşdu.
Ş.Əfəndizadənin
"Dəbistan"la əməkdaşlığı
haqqında həmin əsərdə belə məlumat verilir: "İlk Azərbaycan
qadın jurnalisti Şəfiqə Əfəndizadə
bu məcmuədə (1906-1908-ci illərdə)
fəal iştirak etmişdir".
Əlbəttə, o zaman
qadınların mətbuatla əməkdaşlıq etməsində
da maarifçiliyin çox böyük rolu
oldu. Qadınlar savadlandıqca həyata daha acıq gözlə baxır, hadisələrdən
nəticə cıxarmaq üçün
ağılla hərəkət edirdilər. Burada
Hacı Zeynalabdinin ilk
dəfə Bakıda açdırdığı qız məktəbinin
rolu daha çox oldu.
Hacının bu xeyirxahlığı dövrün ziyalı təbəqəsi tərəfindən
ruh yüksəkliyi və sevinclə
qarşılandı. O dövrdə Hacıdan soruşublar
ki, niyə məhz qadınlar üçün məktəb açdırmaq
qərarına gəldiniz? Cavab verib ki, kişi
təhsil alarsa, o, sadəcə,
təhsilli, dünyagörüşlü insan olacaq. Təhsilli
qadın isə savadlı insan olmaqla yanaşı, elmli, dünyagörüşlü anadır. Bizim belə oxumuş
qadınlara ehtiyacımız böyükdür.
Çünki qadınlar, analar
nə qədər təhsilli olsalar, bu, bir o
qədər elmli, savadlı gəncliyin
yetişməsi deməkdir. Bununla da belə bir məktəbin
fəaliyyətə başlaması müsəlman Şərqində
qadınların yüksək təhsil almasının, eləcə
də öz hüquqları uğrunda mübarizəyə
başlamasının təməlini qoydu.
Ş.Əfəndizadə
müəllimliklə yanaşı, ictimai
işlərlə də məşğul olurdu.
O, Hacının qızlar məktəbində dərs
deyən zaman müəllimə rəfiqələri
- Hənifə xanım Məlikova, Səkinə Axundzadə, Sara Vəzirova ilə birlikdə dram dərnəyi yaratmışdı. Eyni zamanda qızlara teatr mədəniyyəti, aktyorluq
sənəti barədə məlumatlar verir,
onları o dövrdə
çıxan mətbuat xülasələri ilə
tanış edirdi.
1917-ci ilin aprelində Bakıda "İsmailiyyə"
binasında Zaqafqaziya müsəlmanlarının
qurultayı keçirilib. Qurultayda
müxtəlif təbəqələrdən olan
kişilərlə yanaşı, cəmi üç
qadın - Tiflisdən Sara
Talışinskaya, Bakıdan Şəfiqə Əfəndizadə
və Sara Vəzirova iştirak
ediblər. Fars, rus və ərəb dillərini
yaxşı bilən, Şərq ədəbiyyatını
mükəmməl öyrənən, Avropa
mədəniyyəti ilə yaxından tanış olan Şəfiqə xanımın səlis,
aydın və savadlı çıxışı
hamını heyran edir.
Şəfiqə xanım çıxışının sonunda qadınların maariflənməsi üçün yeni
məktəblərin və teatrların
açılmasını tələb edir.
Onun çıxışı salonda böyük əks-səda
doğurur.
Tarixçi M.Oruclu bu barədə yazır: "Şəfiqə
Əfəndizadə və Sona
Talışxanova adlı iki azərbaycanlı
qadının çıxışından sonra
vəziyyət nümayəndələri qadın məsələsinə
ciddi münasibət bildirməyə vadar etdi. Qadınların
çıxışından sonra keçmiş Bakı qazısı Ağa Məhəmməd Kərim tribunaya çıxaraq onları şəriət
qanunlarına zidd olaraq
kişilər qarşısında çıxış etdiklərinə
görə mühakimə etdi. Bu zaman bütün
zal qızışaraq kimin
kimlə savaşdığı məlum olmadı. Maarifpərvər
ziyalılar aranı sakitləşdirərək
qadınları gizlincə dal qapıdan
cıxarmağa nail oldular".
Şəfiqə
xanım Əfəndizadə xeyriyyə cəmiyyətləri
ilə də sıx əlaqə saxlayırdı. Böyük həvəs və enerji
ilə gənc qızların savadlanmasına, maariflənməsinə
çalışan Şəfiqə xanım onlarda
dövrün bütün
ictimai-siyasi, mədəni hadisələrinə
maraq yarada bilirdi.
Ona görə də onun
ictimai fəaliyyətində xeyriyyəciliyi
də mühüm yer
tuturdu.
Şəfiqə
Əfəndizadə qızları, qadınları elmə,
yeniliyə sövq edərdi. 1910-cu ilə
kimi Hacının qızlar məktəbində
dərs deyən Şəfiqə xanım 1910-1920-ci illərdə
şəhər rus-tatar qadın məktəbində
Azərbaycan dili və ədəbiyyatını
tədris etdi.
XX
əsrin əvvəllərində Azərbaycanda baş verən bütün
hadisələrə münasibət bildirən, cəmiyyətin
ictimai-siyasi həyatında iştirak etməyə çalışan
Şəfiqə xanım fikir və
mülahizələrini, təklif və rəylərini xalqa çatdırmaq üçün
mətbuat orqanları ilə də əməkdaşlığı unutmurdu.
Azərbaycanın ilk qadın jurnalistlərindən
olan Şəfiqə Əfəndizadə ilk mətbu çıxışını
"Şərqi-rus"da edib.
Ş.Əfəndizadə
həm bir jurnalist, həm
də bir pedaqoq kimi maarifin, elmin əhəmiyyətini "Dəbistan",
"Rəhbər", "Məktəb" jurnallarında təbliğ
edərdi. Hər üç jurnalın nəşrində
Şəfiqə xanım Əfəndizadənin çox böyük rolu olub.
Şəfiqə
Əfəndizadənin jurnalistika və publisistika sahəsində tanınması əsasən
1911-1912-ci illərdə çap olunan "İşıq" qəzeti ilə
bağlıdır. 1911-1912-ci illərdə Azərbaycan
qadınının jurnalistika mühitinə
cəlb edilməsində bu qəzetin mühüm rolu olmuşdur. Şəfiqə xanımın
yaradıcılığında qadın azadlığı ən aktual və daha çox müraciət etdiyi
mövzu olub. Onun publisistik məqalə və hekayələrində
əsasən qadına münasibət, qadının cəmiyyətdə
rolu və s. məsələlərdən
bəhs olunurdu. 1914-cü ildə xanım
publisistin "İki yetim, yaxud Kərimin
hümməti" adlı bədii kitabı nəşr olunub.
C.Məmmədquluzadənin
"Ölülər" pyesi ilk dəfə Bakıda 1916-cı ildə tamaşaya qoyulub. Tamaşa zamanı Şəfiqə xanım salonda bir qadının
ağladığını görərək ona
yaxınlaşıb. Nə ücün
ağladığını soruşanda
qadın "Bu ki mənim
həyatımdır, cəkdiyim əzablardır", - deyə
həyəcanla cavab verib.
"Ağlama, baçım. Bu, təkcə sənin yox,
bütün Azərbaycan
qadınlarının həyatıdır", - deyə Şəfiqə
xanım onu sakitləşdirib. Bu hadisə onu çox təsirləndirib. "Açıq söz" qəzetində "Ölülər"
pyesi haqqında məqalə yazıb.
Şəfiqə
xanım sonralar "Açıq söz", "İstiqlal",
"Bəsirət" və "Əfkari-mütəllimin"
kimi tanınmış mətbu orqanlarda müntəzəm
çıxış etməyə başlayıb. Ş.Əfəndizadənin
fikrincə, qadına hər şeydən irəli elm və təhsil lazımdır. O, savadı, biliyi
hər şeydən üstün tuturdu.
1918-ci ilin martında ermənilər tərəfindən
törədilən mart faciəsi Şəfiqə
xanımın da həyatına
ağır zərbələr vurub. Bu qanlı olayda Şəfiqə
xanımın başına bəlalar gəlib. Bir
müddət Qubada, Azqurda
və İstanbulda yaşayıb. Lakin Azərbaycanda baş
verən hadisələri mütəmadi olaraq
izləyib və münasibət bildirib. Azərbaycan
Xalq Cümhuriyyətinin qələbəsindən
sonra 1919-cu ilin aprelində
Bakıya qayıdan Şəfiqə xanım yenidən pedaqoji işinə bərpa olunub.
Bununla yanaşı, dövri
mətbuatla da müntəzəm əlaqə
saxlayaraq əməkdaşlıq edib.
Şəfiqə
Əfəndizadənin ədəbi irsi ilə
tanış olarkən bir daha
bəlli olur ki, Azərbaycan
Xalq Cümhuriyyəti dövründə
xanım publisist xüsusi
bir şövqlə, həvəslə,
istəklə yazıb-yaradıb. Onun məqalələrində,
hekayə və bədii yazılarında tərbiyəvi mövzular, qadın azadlığı, vətənpərvərlik
daha çox üstünlük təşkil edib.
Şəfiqə
Əfəndizadə sovet dövründə
də müəllimliklə yanaşı, publisistik
fəaliyyətini davam etdirib.
1923-cü ildə nəşrə başlayan
"Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü
seçilib, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin
müdiri olub. Jurnal o zaman
onun haqqında yazırdı: "Şəfiqə
xanım bütün Zaqafqaziyada
ilk Azərbaycan dili
müəlliməsi və bununla
yanaşı, ilk Azərbaycan qadın jurnalisti və publisisti olmuşdur".
Tədqiqatçıların
yazdığına görə, 1932-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olan Şəfiqə xanım Zaqafqaziyada,
Qafqazda, Moskvada
keçirilən qadın konfrans və
qurultaylarında nümayəndə kimi iştirak edirdi. Bütün ömrünü
Azərbaycan qadınının maariflənməsinə,
azadlığına həsr edən Şəfiqə xanım Əfəndizadə
1959-cu ildə Bakıda dünyasını dəyişib.
Görkəmli Azərbaycan ziyalısının xatirəsi daim ehtiramla yad edilir, onun
şərəfli ömür yolu gənc nəslə örnək kimi təbliğ olunur.
Hazırda Bakı şəhəri Yasamal rayonunun 13 saylı orta məktəbi
Şəfiqə xanım Əfəndizadənin adını
daşıyır.
Qərənfil
DÜNYAMİNQIZI,
BDU-nun Mətbuat
tarixi və
ideoloji iş
kafedrasının müəllimi
Azərbaycan.-2011.-21
iyul.-S.4.