Lerik ölkənin ən perspektivli turizm
diyarlarından birinə çevrilib
Yaxın
keçmişədək Lerik Azərbaycanın
ucqar, gözdən-könüldən uzaq dağ rayonu
sayılırdı. Hətta ötən əsrin 60-cı illərində
Lerik perspektivsiz rayon hesab olunaraq
yaşayış məskəni kimi
respublikanın coğrafi xəritəsindən
silinmək təhlükəsi ilə üzləşmişdi. İndi cənub
bölgəsinin bütün rayonlarına
səpələnmiş əslən leriklilər məhz o dövrün müdhiş siyasətinin məcburi
köçkünləridir.
Bu gün Lerik başqa aləmdir. İlk regional sosial-iqtisadi inkişaf
dövlət proqramının icrası rayonun
sosial-iqtisadi simasını büsbütün dəyişib. Lənkəran-Lerik
avtomobil yolunun yenidən
qurulması ilə başlanan inkişaf rayonun bütün sahələrini əhatə edib. İndi, xüsusən
yayda Lerikə yolu
düşən oradan ayrılmaq istəmir.
Burada insan əməyi,
dövlət qayğısı təbiətin
füsunkarlığı ilə qovuşub.
Təsadüfi deyil ki,
Lerik bu gün həm də Azərbaycanın perspektivli turizm rayonu sayılır. İş
adamlarının fəal iştirakı ilə salınan turizm obyektlərinin istənilən səviyyəli
qonaqları qəbul etmək imkanları var.
Sözsüz ki, bütün bunlara rayonun sosial-iqtisadi
inkişafını təmin etmədən nail
olmaq mümkün deyildi. Bəli, Lerik həqiqətən
son illər bu sahədə
böyük uğurlara
imza atır. O cümlədən, cari ilin ilk
yarısının yekunları da istisna təşkil etmir.
Bu günlər rayon
ictimaiyyəti Nazirlər Kabinetinin 2011-ci ilin 6 ayının yekunlarına həsr olunmuş iclasında dövlət
başçısının nitqlərindən irəli gələn
vəzifələri müzakirə etmişdir.
Tədbirdə, həmçinin rayon
üzrə ilin 6 ayında görülmüş
işlərdən və qarşıda duran
vəzifələrdən danışılmışdır. Qeyd olunmuşdur ki, hesabat dövründə adambaşına
düşən gəlir 2010-cu ilə nisbətən 8,20 manat artaraq 232,4 manat təşkil etmiş,
ümumi məhsul
buraxılışının həcmi 2010-cu ilə nisbətən
3, adambaşına düşən ümumi
məhsul buraxılışının həcmi 2,4, pərakəndə
əmtəə dövriyyəsi 12, pullu
xidmət 3,2, təmir-tikinti işləri 13 faiz
çoxalmışdır. Rayon üzrə
əhalinin orta aylıq nominal
əməkhaqqı keçən ilin müvafiq dövrünə nisbətən 10,2
faiz artaraq 261,4 manata, əhalinin gəlirləri 5,2 faiz artaraq 17204,1 min manata
çatmışdır.
İclasda qeyd olunmuşdur ki, "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrası məqsədi ilə RİH tərəfindən
tədbirlər planı hazırlanmışdır. Proqramın qəbulundan keçən vaxt ərzində rayonda
1582, o cümlədən cari
ildə 343 yeni iş yeri açılmışdır. Əsasən
rayonda aparılan tikinti-abadlıq işlərində
işə cəlb edilmiş vətəndaşlardan
133, o cümlədən 2011-ci ilin II rübündə 102 nəfəri daimi işlə təmin edilmişdir.
Ümumilikdə isə 2004-2011-ci illər ərzində 6334 nəfər
rayon sakini özünə
daimi iş yeri tapmışdır.
Turizmin Lerikdə yeni
sahə olmasına baxmayaraq, artıq rayonda 9 turizm-istirahət mərkəzi fəaliyyət
göstərir. Bu mərkəzlərdə
eyni vaxtda 700 nəfərdən
artıq turistin qalması və istirahət
etməsi üçün ən müasir standartlara uyğun hər cür
şərait yaradılmışdır. Lerik
şəhərində tikinti-abadlıq işlərinin
aparılması, küçələrin yenilənməsi,
şəhərdə yeni muzeylərin,
ticarət obyektlərinin tikintisi də
turistlərin rayona axınını
artırmışdır. "Relax" turizm istirahət mərkəzində
yaradılan "AKVA-park" istirahət
meydançasının istifadəyə verilməsinə az qalıb. Burada gələcəkdə
kanat yolların tikintisi
də nəzərdə tutulur.
Lerik şəhərində 1052
yaşayış evinə qaz xətti
çəkilmişdir. İyun ayında
isə rayonun 6 kəndinə qaz verilmiş, 500-dən
yuxarı abonent mavi yanacaqla təmin edilmişdir.
Amma 155 yaşayış məntəqəsi
hələ də yanacaq kimi
meşə ağaclarından istifadə edir.
Rayonun Kiravud, Ərdəbilə,
Gürdəsər, Əliabad, Camaşair,
Soru, Bilnə, Hıramo, Noda
kəndlərinə qaz xəttinin çəkilməsi
üçün "Azəriqaz" İstehsalat Birliyinə müraciət edilmişdir. "Azəriqaz" İB
müraciətə müsbət cavab vermişdir.
Bundan əlavə, rayon
ərazisində mövcud olan
496 km kəndarası yolların əsaslı
təmirinə ciddi ehtiyac
var. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
tapşırığına əsasən, əhalinin daha çox istifadə etdiyi Xanagah, Lerik-Kəlvəz
yolu barədə ilkin
məlumatlar toplanmış, smeta sənədləri
hazırlanmışdır. Bütün sənədlər
müvafiq qərar qəbul olunması üçün əlaqədar icra orqanlarına təqdim edilmişdir.
Keçən
ilin fevral və mart aylarında çayların daşması,
çaylarda sululuğun
artması, aylıq normadan artıq
yağış və qarın yağması səbəbindən
Lerik-Kəlvəz və Lerik-Mastayıl yollarında əhalinin
gündəlik intensiv istifadə etdiyi körpülər qəza vəziyyətinə
düşmüşdü. Rayon icra hakimiyyəti tərəfindən
Nazirlər Kabinetinə, Fövqəladə Hallar
və Nəqliyyat nazirliklərinə edilmiş
müraciətlərdən sonra qısa vaxt ərzində daha müasir körpülər tikilərək əhalinin
istifadəsinə verilmişdir. Bununla yanaşı, kənd sakinlərinin
maliyyə dəstəyi ilə bir
neçə ərazidə kəndarası yollarda
təmir işləri aparılmışdır.
İclasda qeyd olundu ki, Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün 2010-cu ildə 16 mənzilli
yeni yaşayış evi,
ərazilərdə isə 4 nəfər Qarabağ
müharibəsi əlili üçün
fərdi yaşayış evi tikilmişdir. 2011-ci ildə daha
6 fərdi yaşayış evinin tikintisi üçün tələb
olunan ilkin sənədlər
hazırlanmış, mənzil şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan Qarabağ müharibəsi
əlilləri müəyyən edilmişdir.
Lerik şəhərində Qarabağ müharibəsi əlilləri və
şəhid ailələri üçün
yeni 16 mənzilli kommunal
binanın tikintisinə görə Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinə
müraciət olunmuşdur.
İclasda bir vacib məsələdən də
danışıldı. Bildirildi ki, Lerik şəhərinin
su təchizatının
yaxşılaşdırılması və kanalizasiya
sisteminin yaradılması ilə
bağlı ilkin layihə sənədlərinin
hazırlanması üçün Dünya Bankı rayonda
işlərə başlamış, tender
elan olunmuşdur. Yaxın günlərdə tikilinin başlanması gözlənilir.
Seyran CAVADOV
Azərbaycan.-2011.-21 iyul.-S.5.