Qarşıda duran vəzifələr müəyyənləşdirildi

 

Ağcabədi rayonu ərazisindəki Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətində 2011-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov hesabat məruzəsində bildirmişdir ki, cari ilin ilk altı ayında Taxtakörpü qəsəbəsində tikinti-abadlıq işləri davam etdirilmiş, laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli görülmüşdür. Heydər Əliyev adına parkda, Gənclər parkında, şəhidlərin xatirə kompleksində və rayon icra hakimiyyətinin inzibati binasının ətrafında abadlıq işləri aparılmış, ərazidə 4.500 ədəd gül və 500 ədəd həmişəyaşıl ağac əkilmişdir. Ümumilikdə altı ay ərzində məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 12 minədək ağac əkilmişdir. Səki və döşəmələrə 2.480 kvadratmetr tamet, 1.716 kvadratmetr aqlay döşənmiş, yol kənarlarında və meydanlarda 340 kvadratmetr stend alkopanla üzlənmiş, 142 işıqlandırma dirəyi quraşdırılmışdır. Rayon rabitə qovşağının binasının fasadı alkopanla, hasarı aqlayla üzlənmişdir.

Laçınlı məcburi köçkünlər üçün Taxtakörpü ərazisində inşa olunan 552 ailəlik qəsəbədə işlər başa çatmaq üzrədir. Bundan əlavə, Taxtakörpü ərazisində əlavə 1500 məcburi köçkün ailəsi üçün yeni evlərin tikilməsi nəzərdə tutulmuşdur.

Hesabat dövründə Taxtakörpü qəsəbəsinə 21 kilometr uzunluğunda qaz xəttinin çəkilişi başa çatdırılmış və məcburi köçkünlərə təbii qaz verilmişdir.

Taxtakörpü ərazisində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 250 kilovoltluq transformator yenisi ilə əvəz olunmuş, Qarıqışlaq obasında bir 160 kilovoltluq, mərkəzi rayon xəstəxanasında 1 ədəd 100 kilovoltluq yeni transformator quraşdırılmış, 4 min metr uzunluğunda elektrik hava xətti yenisi ilə əvəz olunmuşdur. Rayon elektrik şəbəkə müəssisəsi otaqla təmin olunmuş, fəaliyyəti üçün lazımi şərait yaradılmışdır.

Taxtakörpü ərazisində təsərrüfat suyuna olan tələbatın ödənilməsi məqsədilə 41 nasos, elektrik mühərriki və hidrotexniki qurğu təmir olunmuş, 57,4 kilometr uzunluğunda kanallar lildən təmizlənmişdir. Gələcəkdə baş verə biləcək daşqın təhlükəsinin qarşısının alınması məqsədilə Kür çayının Taxtakörpü ərazisindən keçən hissəsində bəndbərkitmə işləri görülmüşdür.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Taxtakörpü ərazisində torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə tədbirlər davam etdirilmişdir. Altı ay ərzində 1.400 metr açıq suyığıcı kanal, 650 metr beton kanal, 3.440 metr qapalı dren, bir dəmir-beton körpü tikilmiş, 12 hidrotexniki qurğu quraşdırılmışdır. Taxtakörpü ərazisindəki Cağazur və Kamallı obalarında artezian quyularının qazıntısı başa çatmışdır. Taxtakörpü qəsəbəsində artezian quyusunun qazılması ilə bağlı işlər davam etdirilir.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən laçınlı məcburi köçkünlərin məskunlaşdığı Bakı şəhəri Binəqədi və Xəzər rayonlarında və Sumqayıt şəhərindəki Tağıyev qəsəbəsində yerləşən yataqxana binaları təmir edilmiş, Taxtakörpü ərazisindəki Şeylanlı və Şəlvə obalarında, Bərdə rayonunun Mircəfərli kəndində 17,6 kilometr uzunluğunda avtomobil yoluna çınqıl döşənmişdir.

"Dünyaya baxış" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən Taxtakörpü ərazisində 37 mikrolayihə həyata keçirilmiş, qəsəbədə resursbiznes mərkəzi tikilmişdir. İçməli su təminatının yaxşılaşdırılması məqsədi ilə ərazidəki içməli su şəbəkələrində yararsız xətlərin 660 metr hissəsi yenisi ilə əvəz edilmiş, 1.250 metr hissəsində təmir işləri aparılmışdır. Altı ay ərzində Taxtakörpü-Mais və Taxtakörpü-Alxaslı yolunun 20 kilometr hissəsində cari təmir işləri aparılmış, 2.200 kvadratmetr yola asfalt çəkilmişdir.

Hesabat dövründə rayonda əhali və fermer təsərrüfatlarında 28 min 179 baş qaramal, 190 min 568 baş davar mövcud olmuşdur. Rayonda arı ailələrinin sayı 4.372-yə çatdırılmışdır. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 1.035 ailə çoxdur. Altı ay ərzində 10 min 255 sentner ət, 67 min sentner süd, 3.709 sentner yun istehsal olunmuşdur. 2011-ci ilin məhsulu üçün səpilmiş 1.048 hektar sahədən 2.936 ton taxıl istehsal olunmuşdur.

Məruzə çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem çatışmazlıqlar da göstərilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

 

 

Azərbaycan.-2011.-21 iyul.- S.5.