Rusiya Gənclərinin İctimai Palatasının nümayəndələri seminarlarda iştirak etmişlər

 

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Bakıya gəlmiş Rusiya Gənclərinin İctimai Palatasının nümayəndələri iyulun 20-də "Park İnn" otelində iki seminarda iştirak etmişlər.

AzərTAc xəbər verir ki, seminarlar "Beynəlxalq münasibətlərin nəzəriyyə və praktikasında konfliktin tənzimlənməsi: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişənin siyasi və hüquqi aspektləri" və "Azərbaycanın təqdimatı: ölkə haqqında informasiyanın (tarix, mədəniyyət, adət-ənənə) yayılması" mövzularına həsr olunmuşdur.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı seminarda Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov geniş məlumat vermişdir. O, Qarabağ münaqişəsinin uzun müddət dondurulmasının qonşu ölkələrin də siyasi və iqtisadi əlaqələri üçün münasib olmadığını diqqətə çatdırmışdır. Politoloq, eyni zamanda, Rusiya və Azərbaycan arasında sıx iqtisadi əməkdaşlığın mövcud olduğunu, Xəzərin statusu ilə bağlı Azərbaycan, Rusiya, Qazaxıstan arasında razılıq əldə edildiyini xatırlamışdır. O, həmçinin Azərbaycanın Qafqaz regionunda sabitliyin saxlanmasında həlledici rolunu vurğulamışdır. Rasim Musabəyov Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiyanın da siyasi və iqtisadi maraqlarına uyğun olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın təqdimatı ilə bağlı seminarda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin sektor müdiri Fərhad Məmmədov ölkəmizin tarixi, xalqımızın milli özünüdərkinin formalaşması və inkişafı prosesi haqqında məlumat vermişdir. Natiq sovet dövründə ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni durumunda dönüş mərhələsinin məhz 1969-cu ildən - ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra yarandığını vurğulamışdır.

Bildirmişdir ki, müstəqilliyin ilk illərində xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin qədim mədəniyyətinin və uğurlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. O, ümummilli lider Heydər Əliyevin siyasətinin bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlətin siyasətində gənclərə xüsusi diqqət ayrıldığını söyləmişdir.

Seminarların gedişində qonaqları maraqlandıran suallar cavablandırılmışdır.

Xatırladaq ki, seminarlarda iştirak edən rusiyalı qonaqlar arasında Xarici İşlər Nazirliyinin əməkdaşları Yelena Arxipova, Aleksandr Suxanov, "Sankt Peterburq Gənclər evi"ndən ("Dom molodyoj Sankt Peterburqa") Aleksandra Smirnova, Ural Federal Universitetinin məzun və tələbələri olmuşlar.

 

 

Azərbaycan.-2011.-21 iyul.- S.6.