Kitabxanaçıların görüşü

 

Bu günlərdə Qusar rayon Mərkəzi Kitabxanasında Sumqayıtdan gəlmiş kitabxanaçılarla "dəyirmi masa" keçirilmişdir.

"Kitabxana fondları - regionun inkişafının əsas informasiya resursu" mövzusuna həsr edilən görüşdə məqsəd Sumqayıt və Qusar kitabxanaçılarının qarşılıqlı əlaqələrini daha da genişləndirmək idi. Tədbirdə çıxış edən Qusar rayon MKS-nin direktoru Zahir Mustafayev "Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində görülən işlərdən söhbət açdı. Rayonda kitabxanaların avadanlıqlarla təminatı, onların yerləşdiyi binaların təmiri oxucular tərəfindən razılıqla qarşılanır. Qeyd edildi ki, informasiya mübadiləsinin inkişafında kitabxanaların rolu böyükdür və qusarlılar bunu yaxşı bilirlər.

İşgüzar şəraitdə keçirilən görüşdə məlumat-biblioqrafiya, təşkilati-metodika, kitab işləmə, komplektləşdirmə və digər şöbələrin prinsipləri geniş müzakirə edildi.

Qusar rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbramxəlilov sumqayıtlıların bu səfərinin, belə tədbirlərin hər iki şəhər kitabxanaçıları üçün fikir mübadiləsinin aparılmasında dəyərli olduğunu vurğuladı.

Sumqayıtlı qonaqlar Qusarda görülən tikinti-quruculuq işləri ilə də tanış olmuş, Tarix-Diyarşünaslıq Muzeyini, Dövlət rəsm qalereyasını, Ləzgi Dövlət Dram Teatrını, N.Nərimanov adına istirahət parkını və şəhərin digər görməli yerlərini ziyarət etmiş, qarşılaşdıqları hər bir yenilikdən razı qaldıqlarını bildirmişlər.

Sonda belə görüşlərin vaxtaşırı keçirilməsi qərara alınmışdır.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.-2011.-21 iyul.- S.8.