Milli mətbuat yeni yüksəliş mərhələsindədir

 

Demokratik inkişaf yolu seçən, fikir plüralizminin mövcud olduğu vətəndaş cəmiyyəti quruculuğunu qarşıya məqsəd qoyan hər bir dövlət üçün əsas prioritetlər sırasında söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafına hər cür şərait yaradılması xüsusi yer tutur. Bu mənada təsadüfi deyil ki, cəmiyyətin güzgüsü olan media eyni zamanda demokratik inkişaf səviyyəsini göstərən ən əsas meyarlardan sayılır. İnsan hüquqları barədə Avropa Konvensiyasının 10-cu maddəsində də qeyd edilir ki, cəmiyyətin demokratik həyatı üçün azad və müstəqil kütləvi informasiya vasitələrinin mövcudluğu birinci dərəcəli əhəmiyyətə malikdir.

Demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində artıq böyük nailiyyətlərin müəllifi kimi çıxış edən Azərbaycan 20-ci ildönümünü qeyd etməyə hazırlaşdığı müstəqillik illərində cəmiyyətin tələblərinə cavab verən medianın yaradılması sahəsində böyük uğurlara imza atıb. Məhz bunun nəticəsidir ki, indi Azərbaycanda müasir dünya tələblərinə cavab verən azad, müstəqil media formalaşıb. Bu prosesin davam etməsi, söz azadlığı və fikir plüralizminin daha möhkəm bazis üzərində qurulması məqsədilə dövlət tərəfindən ardıcıl siyasət həyata keçrilir. Ölkəmizdə medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyətinin təmini şəraitində kütləvi informasiya vasitələrinin inkişafının daha sürətli xarakter alması üçün onlara hərtərəfli dəstək verilir.

Azad mətbuatın hüquqi müdafiəsinin uğurla reallaşması isə media təmsilçilərinin sərbəst fəaliyyəti üçün bütün imkanların formalaşmasına gətirib çıxarıb. Faktdır ki, ölkəmizdə medianın azad fəaliyyətinə şərait yaradan müvafiq qanunvericilik bazası mükəmməl xarakter daşıyaraq ən qabaqcıl dünya təcrübəsinə və tələblərinə uyğundur. Lakin dövlətin azad mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı təkcə hüquqi çərçivə ilə məhdudlaşmayaraq, digər mühüm sferaları, o cümlədən iqtisadi yardımları da əhatə edir. Bu da öz növbəsində medianın inkişaf dinamikasının daha sürətli hala gəlməsini şərtləndirən vacib amillərdən biri kimi çıxış edir. Beləliklə, bütün bunlar aydın şəkildə göstərir ki, dövlət cəmiyyəti obyektiv informasiya və məlumatlarla təmin edən müstəqil medianın formalaşması və tərəqqisində ən maraqlı tərəflərdən biri kimi çıxış edir. Çünki bu, demokratik dəyərlərin ölkəmizdə sürətli inkişafı üçün əsas şərtlərdən biridir.

Daha bir önəmli məqam isə medianın özünün cəmiyyətin intibahına verdiyi töhfə, bu prosesdə oynadığı rolun dövlət tərəfindən yüksək qiymətləndirilməsidir. İctimai fikir və rəyin formalaşmasında əsas vasitələrdən biri sayılan media cəmiyyətin tərəqqisində, milli şüurun formalaşıb inkişaf etməsində, ümummilli maraqlar naminə ictimaiyyətin səfərbər olunmasında vacib rol oynayır. Daşıdığı sosial məsuliyyəti fəaliyyətində həmişə nəzərə alan media bununla yanaşı, cəmiyyətin inteqrasiyası, yaranan ziddiyyətlərin sivil həlli, ümumi məqsəd və mütərəqqi dəyərlərin formalaşmasında da bu gün əvəzsiz vasitə kimi çıxış edir. Qeyd edilənlər aydın təsdiq edir ki, medianın demokratik özüllər üzərində sürətli templərlə inkişafı həm cəmiyyətin, həm də dövlətin maraqlarına tam cavab verir.

O da birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə azad medianın yaranması və inkişafı ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindəndir. Həyatını təmənnasız olaraq mənsub olduğu xalqa xidmətə həsr edən ulu öndər fəaliyyəti zamanı ölkədə fikir plüralizmi, söz və məlumat azadlığının bərqərar edilməsinə hər zaman xüsusi diqqət yetirib. Məhz ümummilli liderin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı. Eyni zamanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası formalaşdırıldı. 1995-ci ildə qəbul olunan Konstitusiyaya uyğun olaraq, vətəndaşların qanuni yolla informasiya toplamaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüququ dövlət təminatına əsaslandı.

Media nümayəndələri ilə təmasa daim xüsusi önəm verən Heydər Əliyevin fikir plüralizmi sahəsində atdığı növbəti böyük addım 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman oldu. Məhz həmin fərmanla ölkəmizdə senzuranın birdəfəlik ləğvi reallaşdı, KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi sahəsində yeni bir mərhələnin başlanğıcı qoyuldu. Ulu öndərin rəhbərliyi altında atılan digər addımlar Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsinə səbəb oldu. Medianın maddi-texniki bazasının yaxşılaşdırılması, KİV-in imkanlarından hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçrilməsində səmərəli istifadənin əsası da yenə ulu öndər tərəfindən qoyuldu.

Azərbaycanda milli mətbuatın yubileylərinin geniş qeyd edilməsi, mətbuat nümayəndələri ilə görüşlərin keçirilməsi, onlarla mütəmadi təmasların yaradılması kimi ənənələrin formalaşması da ümummilli liderin adı ilə bağlıdır. Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ilin martında verdiyi fərman bu istiqamətdə mühüm əhəmiyyət kəsb etdi. İqtisadi cəhətdən də medianın güclənməsi, müstəqilliyinin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi. Müxtəlif qəzetlərin dövlət nəşriyyatına olan borcları donduruldu, məhkəmələr tərəfindən cərimələnmiş qəzetlər təzminat ödəməkdən azad edildilər. Bütün bunlar son nəticədə media və dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasını qoyan mühüm amillərə çevrildi. Bu mənada təsadüfi deyil ki, ulu öndər KİV-in inkişafında və ölkədə azad sözün təmin olunmasında tutduğu mövqeyinə və xidmətlərinə görə 2001-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

Heydər Əliyev siyasi irsinin ən böyük nümayəndəsi olan, dövrünün alternativsiz lideri kimi çıxış edən Prezident İlham Əliyev də fikir plüralizminə, söz və mətbuat azadlığına, onun davamlı inkişafına daim xüsusi diqqət göstərir. Dövlət başçısının mediaya diqqət və qayğısının nəticəsidir ki, indi ölkəmizdə yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet portalları fəaliyyət göstərir. Bu media vasitələri milli-mənəvi dəyərlərin qorunması, demokratiyanın inkişafı və geniş ictimaiyyət arasında yayılmasında mühüm missiya yerinə yetirir. Həmçinin onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısı kimi ölkə ictimaiyyətinin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.

Faktdır ki, Prezident İlham Əliyevin atdığı konkret addımlar sayəsində ölkəmizdə istər yazılı, istərsə də elektron media orqanlarının inkişafı yeni keyfiyyət və yüksəliş mərhələsinə qədəm qoyub. Bu səbəbdəndir ki, son illər ərzində media vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsindən tutmuş digər mühüm kateqoriyalar üzrə tərəqqi səviyyəsi daim yüksələn xətt üzrə inkişaf edib. Ən əsası isə, kütləvi informasiya vasitələrinin müstəqilliyi daha möhkəm özüllər üzərində bərqərar olub, buna xidmət edən dövlət siyasəti böyük uğurla reallaşıb və reallaşmaqdadır.

Təhlillər göstərir ki, Azərbaycan dövlətinin artan imkanları milli mətbuatın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə geniş şərait yaradıb. Mediada müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şəraitin yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret addımlar atılıb. Nəticə etibarı ilə medianın tərəqqi səviyyəsi hər keçən il daha da yaxşılaşıb.

Ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində görülən işlər isə beynəlxalq miqyasda da geniş təqdir olunur. Ümumiyyətlə, cənab İlham Əliyevin rəhbərliyi altında dövlət tərəfindən media vasitələrinin iqtisadi cəhətdən özünü təmin etməsinə hesablanmış, bəzən isə analoqsuz xarakter daşıyan çox vacib addımlar atılıb. Məsələn, Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat, 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə 39 qəzet redaksiyasının hərəsinə 10 min manat, 2010-cu ildə qəzetlərin hər birinə 20 min manat, informasiya agentliklərinə 10 min manat həcmində birdəfəlik yardım göstərilib. 2006-cı il fevralın 8-də qəzetlərin "Azərbaycan" nəşriyyatına olan dondurulmuş borcu dövlət büdcəsi hesabına ödənilib. Ölkəmizdə qəzetlərin rəngli çapa keçirilməsi üçün müvafiq avadanlıqlar alınaraq quraşdırılması, nəşriyyatın yeni sexinin istifadəyə verilməsi Prezident İlham Əliyevin mətbuata qayğısının daha bir təzahürü kimi çıxış edib.

Yenə də Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci il iyulun 31-də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanaraq təsdiq edilib. Bundan 1 il sonra Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzetlərin, informasiya agentliklərinin və jurnalistlərin il ərzində bir neçə dəfə keçirilən yaradıcılıq müsabiqələri və qrantlı layihələr hesabına mükafatlandırılması mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və qəzet müxbirlərinin peşəkarlıqlarının yüksəldilməsinə ciddi təsir göstərir.

Dövlət başçısının mətbuata yüksək diqqətinin ən bariz təsdiqlərindən biri, heç şübhəsiz ki, ötən ilin iyununda "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncam oldu. Məhz bu sərəncamdan irəli gələrək zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının 135 illiyi ölkə miqyasında geniş qeyd edildi. Sözügedən yubiley həm də Prezident İlham Əliyevin mətbuat nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeni müstəqillik tariximizdə növbəti mütərəqqi ənənənin əsasını qoyması ilə yaddaşlara həkk olundu. Belə ki, media nümayəndələrinin sosial təminatının gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat maliyyə vəsaiti ayrıldı. Cənab İlham Əliyevin sərəncamları ilə jurnalistlərə fəxri adların verilməsi də onların əməyinin dövlət başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyinin daha bir göstəricisidir.

Sadalananlar fonunda tamamilə təbiidir ki, Prezident İlham Əliyev 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına layiq görüldü. Xatırlatmaq yerinə düşərdi ki, ötən ilin dekabrın 1-dən 20-nə kimi "RUH" Jurnalistlər Birliyi 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Respondentlərdən "2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz" sualını cavablandırmaq xahiş olunub. Sorğuda iştirak edən KİV-in 81 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi "Jurnalistlərin dostu" mükafatına ən layiqli namizəd hesab edib.

Jurnalistlərin dostu olan Prezident İlham Əliyev bu gün də medianın inkişafına, bu sahədə çalışanların sosial və digər zəminli problemlərinin tez və səmərəli həllinə xüsusi diqqət göstərir, buna böyük həssaslıqla yanaşır. Elə bu da 136 illiyini qeyd etməyə hazırlaşdığımız Azərbaycan mətbuatı üçün ən böyük hədiyyədir. Çünki bu, zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının dinamik tərəqqisini davam etdirməsinə möhkəm zəmin yaradır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan,- 2011.- 22 iyul.- S.1.