Müstəsna xidmət və rəşadət
İl
tamam olub ki, adı dillər əzbərinə
çevrilmiş igid Azərbaycan oğlu Mübariz
İbrahimov şəhidlik zirvəsinə yüksəlib.
Doğulub böyüdüyü Biləsuvar rayonunun Əliabad
kəndi isə ziyarətgah kimi hər gün onlarla insanın
dualarını eşidir. Ölümü ilə
ölümsüzlüyə qovuşan Mübariz İbrahimov
bir daha təsdiqlədi ki, həyat üçün
doğulmuşlar həqiqətən də vətən
uğrunda ölümə hər an hazırdır.
Ötən
ilin iyununda Mübariz İbrahimov təkbaşına iki ordu
arasındakı bir kilometrlik minalanmış sahəni
keçərək Ermənistan silahlı qüvvələrinin
çox sayda əsgər və zabitini məhv edə
bilmişdi. Sonra isə düşmənin silahını
onların özlərinə qarşı işlədərək
beş saat yağılarla təkbətək
döyüşüb. Düşməni ağır itkilərə
məruz qoyaraq onların zəif cinahlarını üzə
çıxaran bu hünərli oğlumuz - Mübariz
İbrahimov səhər saatlarında ermənilərlə
qeyri-bərabər döyüşdə qəhrəmancasına
həlak olub. Mübarizin bu qəhrəmanlığı
yüzlərlə Azərbaycan gəncinin istək və məqsədlərini
ifadə etdi: "Biz vətənin bir qarış
torpağını da düşmənə bağışlamarıq".
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 22 iyul 2010-cu il
tarixində 22 yaşlı Mübariz İbrahimova Azərbaycanın
Milli Qəhrəmanı adı verilməsi haqqında sərəncam
imzaladı. Şəhid gizirə bu ad vətənimizin
müstəqilliyinin və ərazi
bütövlüyünün qorunub saxlanılmasında
göstərdiyi müstəsna xidmətə və rəşadətə
görə verildi. Həmin sərəncama uyğun olaraq qəhrəmanımızın
adının əbədiləşdirilməsi ilə əlaqədar
Biləsuvar rayonunda orta məktəbə, küçəyə
Mübariz İbrahimovun adı verildi. "Palmali" şirkətlər
qrupu tərəfindən sulara Milli Qəhrəman Mübariz
İbrahimovun adını daşıyan tanker buraxıldı.
Bu mərasimdə Milli Qəhrəmanın valideynləri də
iştirak edirdi. Bir il ərzində Mübariz İbrahimovla
bağlı mətbuat səhifələrində yüzlərlə
məqalə dərc edildi, sənədli filmlər çəkildi,
bədii yazıların müsabiqəsi keçirildi,
şeirlər, dastanlar yazıldı və bu
yaradıcılıq prosesi indi də davam etməkdədir.
Pedaqogika
üzrə fəlsəfə doktoru şair Əziz Musanın
yenicə çapdan çıxmış kitabı
"Mübariz dastanı" adlanır. İgidliyin son zirvəsi
olan şəhidliyə ucalmış qəhrəman Azərbaycan
oğlunun həyatı və arzuları poetik şəkildə
əks olunan yeni nəşrdə biz Mübarizin mərd
obrazını görürük:
Sevdi bu torpağı ürəkdən, candan,
Haqsıza, satqına vermədi aman.
Qorxmadı ölümdən, qorxmadı
qandan,
Qeyrətdən bir qala tikdi Mübariz!
Diqqət çəkən, fərəh
doğuran bir məqam da odur
ki, bu qalanın
ucalığı təkcə
Azərbaycanda deyil, bütün türk dünyasında görünməkdədir. Dünyaya gələn
körpələr də
o ucalığa baxaraq
Mübarizin saldığı
cığırlarda mərdliklə
addımlayacaqlar. Hər
könüldə yeri
olan bu hünər
sahibləri mahnılara,
nəğmələrə ruh verəcəklər:
Dönərlər simurq quşuna,
Çevrilərlər yurd daşına.
Köçərlər qan yaddaşına,
Günəşdi, Aydı şəhidlər!
Mübariz İbrahimov hünəri və cəsarəti ilə nümunə oldu. Sanki bir daha gənclərimizə anlatmaq istədi ki, vətəni necə sevib, onun yolunda necə
həlak olmaq mümkündür. Mübariz
İbrahimov həm də sağlığında
valideynlərinə yazdığı
bir məktubla qəhrəmanlıq himni bəstələdi: "...Canım
atam və anam. Məndən sarı darıxmayın.
İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə
artıq ürəyim
dözmür. Allaha xatir
bunu etməliyəm.
Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə
gedəcəyəm. Şəhid
olsam, ağlamayın..."
Bu məktubu sakit
oxumaq mümkün deyil. 22 yaşlı
bir gəncin vətən sevgisinə, yurd eşqinə heyran qalırsan. Nə yaxşı ki, bizim Mübarizlərimiz var". Şair Əziz Musa "Mübariz
dastanı" kitabında
ümidlə və inamla son misrasını belə tamamlayır:
Bu vətən sevindi, bu yurd sevindi,
Parladı səmada nurlu bir ulduz.
Boylanır göylərdən Mübariz
indi,
Qələbə gözləyir bizlərdən
yalnız!
Ölümü ilə ölümsüzlüyə
qovuşanlar, səngərlərə
atılıb döyüşlərdə
ad qazananlar bir daha sübut edir ki, biz o qələbəni görəcəyik!
F.XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 22 iyul.- S.2.