Azərbaycan Diplomatik Akademiyası
Afrika və Asiya ölkələrinin diplomatları
üçün kurslar keçirir
İyulun
21-də Azərbaycan Diplomatik Akademiyası (ADA) ilk dəfə
olaraq Afrika və Asiya ölkələrindən gəlmiş
diplomatlar üçün kursların keçirilməsinə
başlamışdır.
AzərTAc
xəbər verir ki, "Xəzər hövzəsi ölkələrinin
öyrənilməsi" proqramı üzrə keçirilən
kurslarda Afrika və Asiya ölkələrindən 14 diplomat
iştirak edir.
Kursların
ilk günündə diplomatlar qarşısında
çıxış edən xarici işlər nazirinin
müavini, ADA-nın rektoru Hafiz Paşayev Azərbaycanın
müstəqilliyini yenidən bərpa etdiyi son 20 ildə
keçdiyi inkişaf yolundan, ölkəmizdə həyata
keçirilən uğurlu iqtisadi islahatlardan, Dağlıq
Qarabağ regionu və ətraf rayonların Ermənistan
silahlı qüvvələri tərəfindən işğal
olunması faktından söhbət açmışdır.
Kursların
keçirilməsinin Azərbaycan həqiqətlərinin beynəlxalq
siyasi dairələrə çatdırılması
baxımından əhəmiyyətini vurğulayan H.Paşayev
əsas məqsədin regionumuzda gedən proseslər barədə
BMT-də çalışan diplomatlara dolğun məlumat vermək
və onların ölkəmizlə bağlı siyasətlərinin
gələcəkdə daha dəqiq informasiya əsasında
formalaşdırılmasını təmin etməkdən ibarət
olduğunu bildirmişdir.
Dərslərin
gedişində diplomatlara Azərbaycan və Xəzər
regionu haqqında ətraflı məlumatların veriləcəyini
deyən rektor ölkəmizdə olduqları müddətdə
qonaqların Bakı və ətraf regionlara səfər edəcəklərini,
Azərbaycanın mədəniyyəti və tarixi ilə
yaxından tanış olacaqlarını söyləmişdir.
Kursların
davam edəcəyi 10 gün müddətində xarici
diplomatlar Xəzər regionunun tarixi və mədəni irsi, dənizin
statusu və geosiyasəti, neft sənayesi, investisiya
imkanları, regionun gələcəyinə təhlükə
yarada biləcək potensial təhdidlər, regional
münaqişələrə dair məruzələr dinləyəcəklər.
Xarici
İşlər Nazirliyinin, ADA-nın, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin, Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondunun
(AZPROMO) nümayəndələri iştirakçılara
mühazirələr oxuyacaqlar.
Diplomatlar
üçün Azərbaycanın müstəqilliyinin bərpasının
20-ci ildönümü ilə bağlı xüsusi təqdimat
da keçiriləcəkdir.
Qonaqlar
ölkəmizdə olduqları müddətdə Quba və
Qobustanda olacaq, Səngəçal terminalını, Bibiheybət
məscidini və digər mədəniyyət
ocaqlarını və muzeyləri ziyarət edəcəklər.
Xatırladaq
ki, iyunun 15-25-də ADA Latın Amerikası ölkələri
və Karib adalarından 14 diplomat üçün də
"Xəzər hövzəsi ölkələrinin öyrənilməsi"
kursunu keçirmişdir.
Azərbaycan.-
2011.- 22 iyul.- S.2.