Qocaman jurnalistlərin Azərbaycan mətbuatının inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir

 

İyulun 21-də Mətbuat Şurasında (MŞ) qocaman jurnalistlərlə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə müxtəlif dövrlərdə Azərbaycan mətbuatında çalışmış jurnalistlər, BDU-nun jurnalistika fakültəsinin müəllimləri və KİV təmsilçiləri iştirak etmişlər.

Tədbirdə dünyasını dəyişmiş mətbuat işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimi giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov Azərbaycanın ötən əsrin 60-cı illər mətbuatı və o dövrün jurnalistləri haqqında məlumat vermişdir. Azərbaycanda mətbuata göstərilən qayğıdan danışan MŞ sədri bildirmişdir ki, dövlət müstəqil mətbuatın inkişafında maraqlıdır.

Əməkdar jurnalist Yusif Kərimov,

BDU-nun jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, əməkdar jurnalist Telman Qarayev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Milli Mətbuat Günü münasibətilə bütün həmkarlarını, o cümlədən qocaman qələm sahiblərini təbrik etmiş, onların Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən danışmışlar.

Tədbirdə iştirak edən digər qocaman jurnalistlər 60-cı illər jurnalistikasından söhbət açmışlar. Azərbaycan mətbuatının həmin illərdə keçdiyi şərəfli yola nəzər salan natiqlər bu dövrün milli jurnalistikamız üçün unudulmaz bir zaman kəsiyi olduğunu bildirmişlər. Çıxışlarda 60-cı illər jurnalistlərinin həyat və fəaliyyətini əks etdirən kitabın nəşr edilməsi, sentyabr ayında isə həmin kitabın təqdimatının keçirilməsi təklif olunmuşdur.

Sonda qocaman jurnalistlərə Mətbuat Şurasının diplomları təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 22 iyul.- S.3.