"Eurovision-2011" mahnı
müsabiqəsindəki qələbə bütün Azərbaycanın
uğurudur
Mayın
ortalarında, tarixçilərin dili ilə desək, Köhnə
dünyanın (hərçənd, bu ifadənin özündə
aşkar bir yanlışlıq var, çünki əslində,
Qoca Şərqin tarixi daha qədimdir), yəni Avropanın hər
yerində günün əsas hadisəsinin - Almaniyanın
Düsseldorf şəhərində keçirilən növbəti
56-cı "Eurovision" mahnı müsabiqəsinin
olduğunu desək, yəqin ki, yanılmarıq.
Təmsilçiləri
yarışmanın final mərhələsinə
çıxmış bütün ölkələrdə
olduğu kimi, Azərbaycanda da qocalı-cavanlı milyonlarla
insan həmin gün, əgər yerli vaxtı da nəzərə
alsaq, gecədən xeyli keçmiş televizorların
ekranlarından gözlərini çəkmir, bu möhtəşəm
şounun necə nəticələnəcəyini səbirsizliklə
və çox böyük həyəcanla gözləyirdi.
Nəhayət,
yarışma başa çatdı, qitənin hər yerindən
gələn səslər hesablandıqdan sonra
"Eurovision-2011"in qalibi bəlli oldu. Bunlar Azərbaycan təmsilçiləri
Eldar və Nigar idi. Bu, həm gözlənilməz, bəlkə
də kimlərdəsə şok vəziyyəti yaradan hadisə,
həm də gözlənilən qələbə idi. Azərbaycanı
hələ də yaxından tanımayan, xalqımızın
istedadına, qədim və zəngin mədəniyyətinə
bələd olmayan insanlar üçün bu qələbə
şübhəsiz ki, gözlənilməz oldu. Lakin bunun
özü də bizim xeyrimizə, Azərbaycanın xeyrinə
idi. Ölkəmizin təmsilçilərinin belə bir
nüfuzlu müsabiqədəki uğuru həmin insanlarda da
istər-istəməz Azərbaycana qarşı maraq
oyatmamış deyildi.
Azərbaycanın
adı birdən-birə Avropanın (özü də təkcə
onun yox) ən nüfuzlu qəzetlərinin birinci səhifələrində,
televiziya kanallarının xəbər
buraxılışlarında günün əsas hadisəsi
kimi yer almışdı. Mahnı müsabiqəsinin
finalının ertəsi günü səhər artıq
bütün Avropa Azərbaycan haqqında
danışırdı. Odlar diyarı siyasətçilərin
və teleaparıcıların dillərinin əzbəri
olmuşdu. Adi insanlar kompyuterdə axtarış sistemlərinə
"Azərbaycan" sözünü daxil edərək, bu
ölkə haqqında daha çox, yaxud heç olmasa, nə
isə öyrənməyə çalışırdılar.
İlk
şok adi marağa, bu isə daha dərin marağa
çevrildi və nəhayət, praqmatik bir sual doğurdu: gənc
müstəqil Azərbaycan heç də asan olmayan bir
işin - növbəti müsabiqənin təşkil edilməsi
və keçirilməsinin öhdəsindən gələ biləcəkmi?
KİV-də bu mövzuda ilk məqalələr dərc
edilmişdir. Onların məzmunu çox müxtəlifdir:
tam heyranlıq, səmimi, xeyirxah münasibət, izahedilməz
həsəd, qıcıqlandırıcı, hətta təhrikçi
xarakterli mövqelər müşahidə olunur. Bəziləri
birdən-birə xatırlamışlar ki, Azərbaycan ənənəvi
müsəlman ölkəsidir. Digərləri sanki qəflətən
"yuxudan ayılmış" və çaşıb
qalmışlar: necə olmuşdur ki, bu "qeyri-Avropa ölkəsi"
Avropa mahnı müsabiqəsində iştirak edir? Belələrinin
coğrafiyadan xəbərsiz olduqlarını söyləmək
yəqin ki, sadəlövhlük olardı. Çünki bu
cür muzdlu yazarlar coğrafiyanı çoxlarından qat-qat
yaxşı bilirlər. Üstəlik, Azərbaycan bu mahnı
müsabiqəsində ötən illərdə də üç
dəfə iştirak etmiş və onun Avropa ölkəsi
olub-olmaması məsələsini heç kim ortaya
atmamışdı. Belə çıxır ki, Azərbaycanın
həmin müsabiqədə iştirak etməsini nəhayət
"görmək" və belə bir yersiz sual ortaya atmaq
üçün hökmən ölkəmizin təmsilçiləri
qalib gəlməli imiş. Görəsən, Azərbaycanın
şahmatçıları, güləşçiləri
komanda hesabında Avropada birinci yeri tutanda, Bakıda idmanın
müxtəlif növləri üzrə Avropa
çempionatları keçiriləndə həmin skeptiklər
nə üçün belə cəfəng suallar vermirdilər?
Müxtəlif
internet forumlarda birdən-birə fəallaşmış həmin
skeptiklər Azərbaycanın Avropa Şurasının
üzvü, yaxud da elə bizim AzərTAc-ın Avropa Xəbər
Agentlikləri Alyansının - EANA-nın üzvü
olmasına indiyədək nə üçün təəccüblənmirdilər?
Axı onlar heç də Avropanın Alp çəmənliklərində
mal-qara otarmaqla məşğul olmurlar, çox nüfuzlu
kütləvi informasiya orqanlarında
çalışırlar və yetərincə
dünyagörüşü olan insanlardır.
Görünür,
Avropa cəmiyyətində belələrinin ölkəmizin qələbəsinə
bu cür reaksiya verməsinə biz də dözməli və
gözləməliyik ki, onlar nəhayət, başa
düşsünlər ki, hər halda, Azərbaycan
Avropanın bir hissəsidir və onun təmsilçiləri də
Avropa müsabiqəsində qalib gələ bilərlər.
Bir sözlə, Azərbaycanın qələbəsinə
Avropada bəzilərinin ilk reaksiyası gözlənilməz
idisə və bu, müəyyən məyusluq doğursa da,
narahatlığa əsas yoxdur. Çünki Eldar və Nigar
bu müsabiqədə məhz elə Avropa ölkələrinin
verdiyi səslər sayəsində birinci yerə layiq
görülmüşlər. Başqa sözlə desək,
bizim üçün məhz belə Avropanın rəyi,
mövqeyi daha vacibdir.
İndi
isə Eldar və Nigarın qələbəsinin gözlənilən
olması barədə. Bundan əvvəlki üç
müsabiqədə iştirak edən Azərbaycan təmsilçilərinin
birinci dəfə ilk onluğa düşməsi, sonrakı iki
yarışmada isə üçüncü və beşinci
yerləri tutması faktının özü də çox
şey deyir. Bu müsabiqəyə ilk dəfə qoşulan
ölkələrin təmsilçilərinin çox qısa
müddətdə belə yüksək yer tutduğu hallar bəlkə
də yoxdur. Ancaq Azərbaycan duetinin qələbəsi bizim
üçün böyük gözlənilməzlik
olmadı. Hər şey buna doğru gedirdi. Dövlətimizin
gəncliyimizə diqqət və qayğısı
müqabilində Düsseldorfdakı qələbə gec-tez
qazanılmalı idi. Şəxsən mənim
üçün bu il mayın
14-də
Düsseldorfda heç bir gözlənilməz hadisə
baş vermədi. Bu əla kompozisiya, peşəkar ifa birinci
yerə tamamilə layiq idi.
Eyni
zamanda, Eldar və Nigarın müsabiqəyə
hazırlaşmasının təşkilati işləri ilə
məşğul olan insanların xidmətini də qiymətləndirmək
lazımdır.
Bütün
bunlarla yanaşı, Düsseldorfda qazanılmış
uğur ümumən Azərbaycan dövlətinin qələbəsidir.
Müsabiqənin yekununda, səsvermədə Azərbaycan təmsilçilərinə
ən yüksək - 12 bal vermiş Türkiyə və
Rusiyaya, bir qədər az bal vermiş keçmiş sovet
respublikalarının bir neçəsinə ürəkdən
minnətdarlıq edərək, onların bizə münasibətinin
anlaşılan olduğunu deyə bilərik. Bəs
Maltanın 12 balı, Rumıniya, Xorvatiya və San-Marinonun 10
balı, Polşa, Avstriya, Albaniya və Portuqaliyanın 8
balı, Sloveniya və Macarıstanın 7, Niderland, Finlandiya və
Yunanıstanın, nəhayət, dünyada erməni
diasporlarının ən fəallarından birinin olduğu
Fransanın 6 balı? Bu məsələdə, xüsusən
son illərdə Azərbaycanın dünyada
tanıdılması sahəsində görülən məqsədyönlü
işlərin böyük rolunun olması danılmazdır.
İndi dünyanın əksər ölkələrində Azərbaycanı
tanıyırlar, onun inkişafı və mədəniyyəti
haqqında məlumatları var.
Təmsilçilərimizin
Düsseldorfdakı uğurundan danışarkən Azərbaycan
dövlətinin gənclər siyasətini, mədəniyyətin
inkişafına diqqət və qayğısını
xüsusi vurğulamaq lazımdır. Ölkə əhalisinin
böyük bir hissəsini təşkil edən gənc nəslin
fiziki və mənəvi baxımdan sağlam böyüməsi,
yüksək təhsil alması, xalqımızın milli mənəvi
dəyərləri ilə yanaşı, ümumbəşəri
dəyərlərə də yiyələnməsi, bir sözlə,
hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi
formalaşması üçün dövlət səviyyəsində
görülən ardıcıl tədbirlər bütün
sahələrdə müsbət nəticələr verir.
Bütün bu illər ərzində Heydər Əliyev Fondu
istedadların aşkar edilməsi və onların üzə
çıxarılması üzrə gərgin işin
bayraqdarı olmuşdur. Fondun prezidenti, Milli Məclisin
deputatı,
YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
ciddi nəzarət edir ki, Azərbaycanı hər yerdə
yaxşıların ən yaxşısı təmsil etsin,
onlar ölkədə və xaricdə
çıxışlara hazırlıq prosesində heç
bir çatışmazlıqla üzləşməsinlər.
Musiqi
mədəniyyətinin tarixi və zənginliyi
baxımından Azərbaycan dünyada ən say-seçmə
ölkələrdən biridir. Bu isə bütövlükdə
xalqın istedadından xəbər verir. Azərbaycanın istər
xalq, istərsə də klassik musiqisi uzun illərdən bəri
ən müxtəlif ölkələrin konsert salonlarında səslənir.
Eldar və Nigarın valideynləri yaxşı
xatırlayırlar ki, Rəşid Behbudovun, Zeynəb Xanlarovanın
bir çox mahnıları, lap elə Qəmbər
Hüseynlinin "Cücələrim"i vaxtilə az qala
dünyanın hər yerində oxunurdu. Min illərin
sınağından çıxaraq daha da cilalanmış
ozan-aşıq sənətimiz, məhz Azərbaycanda
özünün ən yüksək zirvəsinə yüksəlmiş
muğamımız mədəniyyətimizin beynəlxalq
miqyasda təbliğində əvəzsiz işlər görən
Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü,
milli təəssübkeşliyi sayəsində YUNESKO tərəfindən
Dünya Mədəni İrsi siyahısına daxil
edilmişdir.
Bəli, "Eurovision-2011"in qalibi olan Eldar və Nigar
belə bir xalqın, ölkənin təmsilçiləridir. Şübhəsiz,
bu qələbəni təmin edən ən birinci amil
onların şəxsi istedadıdır.
Prezident
İlham Əliyevin müsabiqə başa çatandan az sonra telefonla zəng edib Eldar və Nigarı
təbrik etməsi, Bakıda onlarla şəxsən
görüşməsi, Azərbaycan dövlətinin və
onun başçısının gənclərə
qayğısının bariz nümunəsidir.
Türkiyə və Gürcüstan rəhbərlərinin
Azərbaycan təmsilçilərinin "Eurovision-2011"dəki
qələbəsi münasibətilə Prezident İlham Əliyevi
təbrik etmələrini də ayrıca vurğulamalıyıq. Bu, həqiqətən
qürur doğuran faktdır. Yeri gəlmişkən deyək
ki, Azərbaycanın müstəqilliyinin bərpasının
20 illiyi münasibətilə Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə Moskvada keçirilən mərasimdə
çıxış edən Rusiya Prezidentinin xanımı
Svetlana Medvedeva da gənclərimizin böyük uğurunu
xatırlatmış və Mehriban xanım Əliyevanı təbrik
etmişdi.
Bir daha demək istərdik ki, Eldar və Nigarın
Düsseldorfdakı uğuru dövlətimizin qələbəsidir. Hər birimiz
bundan sonsuz sevinc hissi keçirmişik və fəxr edirik ki,
belə istedadlı gənclərimiz var. Əgər kimlərsə
bu sevinci paylaşmırlarsa, onların suyunu içib
havasını udduqları Vətən torpağı
üstündə gəzməyə haqları yoxdur.
Builki müsabiqə artıq tarixə
çevrilmişdir və indi əsas söhbət mövzusu
Azərbaycanın növbəti yarışmanı necə təşkil
edəcəyi barədədir.
Şübhəsiz ki, dünyada bədxahlarımız
yox deyil və onlar bu məsələdə də kölgədə
qalmayacaqlar. Hərçənd, Azərbaycan belə şeylərə
artıq çoxdan adət etmişdir və heç nəyə
məhəl qoymadan öz yolu ilə uğurla gedir. Ancaq buna baxmayaraq, bizə paxıllıq edənlərin,
bədxahlarımızın çoxunun xarici ölkələrin
kütləvi informasiya vasitələrində canfəşanlıqla
nümayiş etdirdikləri digər ifrat mövqe ilə
razılaşa bilmirəm. Bu əməllərin
mahiyyəti ondan ibarətdir ki, guya azərbaycanlıların
uğurları neftin qiymətinin artması və ölkəyə
pul axını ilə əlaqədardır. Əcəba, Namiq Abdullayev və Zemfira Meftahətdinova
Sidney olimpiadasında qızıl medal qazananda bunun neftin
bahalığına və dövlət xəzinəsinin
bolluğuna nə dəxli vardı? Hələ mən
Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovun,
Olimpiya çempionu, dünya çempionatının
gümüş mükafatçısı, ikiqat Avropa
çempionu Elnur Məmmədlinin, Pekin Olimpiya Oyunların
gümüş mükafatçısı, Avropa çempionu
Rövşən Bayramovun və digər
idmançılarımızın qələbələrini
demirəm. Belə misallardan çox göstərmək
olar. Əlbəttə, mədəniyyətin,
elmin və idmanın inkişafı üçün dövlət
tərəfindən vəsait ayrılması həmin ölkələrin
vətəndaşlarının dünya müsabiqələrində
və yarışlarında çıxışlarına
müsbət təsir göstərir. Lakin
məgər Lüksemburq, yaxud Fars körfəzi dövlətləri
kasıbdır? Yaxud başqa bir misal,
Efiopiyanın nə dərəcədə "zəngin"
ölkə olması məlumdur. Lakin
marafon qaçışında bu ölkənin təmsilçiləri,
demək olar ki, həmişə qızıl medal
qazanırlar.
Bir aşkar fakt da danılmazdır ki, Azərbaycanın
elm, mədəniyyət və idman sahəsində
qazandığı uğurlar siyasi uğurların
qanunauyğun nəticəsi və məntiqi davamıdır. Bu
uğurların ən başlıcası əsl xalq hakimiyyətinə,
siyasi sabitliyə, bazar iqtisadiyyatına və sosial ədalətə
əsaslanan müstəqil dövlət qurulmasıdır.
Şübhəsiz, bu, elə bir zəmindir ki, həmvətənlərimizin
ən nüfuzlu dünya platformalarında daha mühüm qələbələrini
mümkün edəcək və onların sayını
artıracaqdır.
Son illərdə ölkəmizdə ən müxtəlif
sahələrə aid çoxsaylı mötəbər beynəlxalq
tədbirlərin çox yüksək səviyyədə təşkili
dünyaya bəllidir. Əsla şübhə yoxdur ki, gələn il Azərbaycan növbəti "Eurovision"
mahnı müsabiqəsinin təşkilinin də öhdəsindən
layiqincə gələcək, üstəlik, bu cür tədbirlərin
necə keçirilməsi və bunu necə etmək barədə
bütün dünyaya nümunə göstərəcəkdir.
Bu sahədə toplanmış böyük təcrübəni,
xalqımıza tarixən xas olan tolerantlığı və
qonaqpərvərliyi də əlavə etsək, deyə bilərik
ki, Azərbaycan həmin müsabiqəyə ən yüksək
səviyyədə ev sahibliyi edəcək
və əvvəlki təşkilatçılardan heç də
geri qalmayacaqdır.
Ölkəmizdə həmin müsabiqəyə
hazırlıq işləri artıq
başlanmışdır. Xarici qonaqlar Azərbaycandan
ölkəmiz və xalqımız haqqında, onun ənənələri,
qonaqpərvərliyi, tolerantlığı və
açıqürəkli olması barədə ən xoş
təəssüratlarla qayıdacaqlar. Bu isə
Azərbaycanın dünyada ən böyük reklamı - xalq
reklamı olacaqdır. Buna görə biz hamımız
istedadlı Eldar və Nigar duetinə və onların parlaq qələbəsi
üçün şərait yaradanların hamısına
borcluyuq!
Aslan ASLANOV,
AzərTAc-ın baş direktoru
Azərbaycan.- 2011.-
22 iyul.- S.5.