"Tədbirlər Planı"nın icrasına həsr olunmuş ilk iclas keçirilmişdir

 

İyulun 21-də Mədəniyyət və Turizm Nazirliyində Prezident İlham Əliyevin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın icrasına həsr olunmuş ilk iclas keçirilmişdir.

Tədbirdə nazir Əbülfəs Qarayev Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan kimi Mədəniyyət və Turizm Nazirliyinin üzərinə düşən vəzifələrdən, sənədin təsdiq edilməsinin dövlətimizin başçısının mədəniyyət və turizm sahəsinə böyük diqqət və qayğısının parlaq təzahürü olmasından danışmış, Azərbaycanda turizmin inkişafı istiqamətində görülmüş işlər barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 15 fevral tarixli sərəncamı ilə elan edilmiş "Turizm ili" çərçivəsində turizm infrastrukturunun inkişafı, turizm potensialının ölkənin hüdudlarından kənarda təbliği, bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində məqsədyönlü iş aparır.

Mədəni dəyərlərimizin dünyaya çatdırılmasında turizmin imkanlarından istifadə olunmasının vacibliyini vurğulayan Ə.Qarayev bu sahədə görülmüş işləri diqqətə çatdırmışdır. Nazir vurğulamışdır ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı Azərbaycan mədəniyyətinin təbliğində, dünyaya təqdim edilməsində əhəmiyyətli rol oynayır. Bu möhtəşəm tədbirin məqsədi həm də əcnəbiləri Azərbaycanın turizm potensialı ilə yaxından tanış etməkdir.

Ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə turizmin inkişafı üçün geniş imkanların mövcudluğundan danışan Ə.Qarayev qeyd etmişdir ki, Tədbirlər Planının təsdiq edilməsi turizmin Azərbaycanda qeyri-neft sektorunun prioritet istiqamətlərindən olduğunu və bu sahənin inkişafına ciddi fikir verildiyini bir daha sübut edir. Nazir hazırda ölkənin müxtəlif regionlarında beynəlxalq standartlara cavab verən 43 hotelin tikildiyini, istirahət zonalarında qiymətlərin xeyli aşağı salındığını, xarici turistlərin ölkəmizə marağının çoxaldığını, Rusiya və Dağıstandan gələn turistlərin sayının sürətlə artdığını diqqətə çatdırmışdır.

Ə.Qarayev avqust ayında Tədbirlər Planının icrası və bu vacib sənəddən irəli gələn vəzifələrlə əlaqədar daha geniş müzakirələr aparılacağını vurğulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 22 iyul.- S.5.