Haşım bəy Vəzirovun nəşrləri
və jurnalistikası
Azərbaycan
ictimai-mədəni fikir tarixində özünəməxsus
yeri olan ədib, naşir və jurnalistlərdən biri də
Haşım bəy Vəzirovdur. Hər şeydən əvvəl
qüvvətli milli təəssüb hissinə, mübariz
ruhlu iradəyə, yorulmaq və usanmaq bilməyən bir fəallığa
malik olan Haşım bəy milli ədəbi və mədəni
fikrimizin inkişafı yolunda dramaturq, tərcüməçi,
publisist, naşir və jurnalist, müəllim, ictimai xadim
(Şuşa şəhər Dumasının üzvü,
"Səfa" Xeyriyyə Cəmiyyətinin sədri və s.)
kimi qızğın fəaliyyət göstərmiş, zəngin
və çoxçeşidli irs qoyub getmişdir. Ədəbi
və jurnalistlik fəaliyyətinə hələ İrəvan
Müəllimlər Seminariyasında tələbə ikən
başlayan H.Vəzirov XIX əsrin 80-90-cı illərində
"Kəşkül" qəzetinə, SMOMPK-a (Sbornik Materialov
Opisanie Mestnostey i Plemen Kafkaza) orijinal və xalq ədəbiyyatından
toplama materialları göndərmiş (onların bəzisi
çap olunmuş), XX əsrin əvvəllərindən
başlayaraq "Kafkaz", "Novoe obozrenie" (Tiflis),
"Kaspi", sonralar "İrşad" (Bakı) qəzetləri
ilə əməkdaşlıq etmişdir.
"İrşad"da işləyərkən Haşım bəyə
bir müddət həmin qəzetin müvəqqəti redaktoru
kimi çalışmaq fürsəti də
düşmüş və bu hadisə H.Vəzirovun gələcək
fəaliyyət istiqamətinin müəyyənləşməsində
mühüm rol oynamışdır. Filologiya elmləri doktoru
Ağarəfi Zeynalzadə öz tədqiqatında
yazmışdır: "1906-cı il dekabr ayının 5-də
"İrşad"ın redaktoru Əhməd bəy
Ağayev səyahətə çıxır və 1907-ci il
yanvarın 23-də səyahətdən qayıdır. Bu
müddət ərzində, demək, 1906-cı il dekabrın
5-dən 1907-ci il yanvarın 23-dək (1906-cı ildə 18,
1907-ci ildə isə 15) qəzet Haşım bəyin
redaktorluğu ilə çıxmışdır.
...Redaktorluğu
ilə qəzet texnikasına bələd olduqdan sonra o,
müstəqil qəzet çıxarmaq fikrinə
düşmüş və bu məqsədlə rəsmi dairələrə
müraciət etmişdir". Milli mətbuat tariximizdə
"Tazə həyat", "İttifaq", "Səda",
rus dilində "Kavkazes", "Sədai-Vətən",
"Sədai-həqq" və s. qəzetlərin, "Məzəli"
satirik jurnalının redaktor və naşiri kimi tanınan H.Vəzirov
(1911-ci ildə "Nida" adlı bir qəzetin də nəşrinə
icazə almış, lakin həmin qəzetin icazəsi ləğv
edildiyi üçün çıxmamışdır) öz
qəzetinin mətbəəsində ədəbi, publisistik və
elmi kütləvi xarakterli həm orijinal, həm də tərcümə
kitabları da nəşr etmişdir. H.Vəzirov "Səda"
mətbəəsində özünün "Döymə
qapımı, döyərlər qapını" (1911)
komediyasını və "Rus-müsəlman məktəbinin
25 illik yubileyi münasibətilə" (1913) əsərlərini
də kitabça şəklində çap etmişdir.
Onun
kitab nəşri sahəsində fəaliyyəti 1908-ci ildən
başlayıb. Həmin ildə Haşım bəy 115 səhifədən
ibarət "Qafqaz şüərası Molla Pənah Vaqifin ələ
düşən şeirlərinin məcmuəsi"
kitabını tərtib edərək, "Vaqifin tərcümeyi-halından
məlumumuz olanlar" (1908) adlı ön sözlə
çap edib "Tazə həyat" qəzetinin 1908-ci il
müştərilərinə hədiyyə göndərmişdir.
Adından da göründüyü kimi, həmin kitabçada
M.P.Vaqifin "ələ düşən şeirləri"
toplanmışdır. Ön sözdə isə Ağa Məhəmməd
Şah Qacarın Şuşaya hücumu, ikinci dəfə qala
şəhəri alması, qətli, həmçinin o
dövrdə Qarabağ xanlığında cərəyan edən
digər hadisələr və xanlığın ictimai-siyasi həyatında
mühüm xidmətləri olan görkəmli Azərbaycan
şairi M.P.Vaqifin "bir cüzi ədavət səbəbinə"
oğlu Əli bəylə birlikdə Batmanqılınc ləqəbli
Məhəmməd bəy Cavanşirin əmri ilə
Cıdır düzündə öldürülməsi məsələlərindən
söhbət açılmışdır. H.Vəzirov
M.P.Vaqifin şəxsiyyəti və
yaradıcılığı haqda danışarkən
yazırdı: "Vaqifin adı Molla Pənahdır.
Özü də əslən Qazax mahalından olub,
Qarabağda sükunət ediyordu...
Molla
Pənah şirinkəlam, fəsahətli və bəlağətli
kişi idi...
Təqazayi
zaman götürdükcə öz türki dilində şeir
deməyə artıq həvəsi var idi. Bu şairin əbyat
və qəzəliyyatında əksər ittifaqda bir para rəmzli
və cinas sözlər müşahidə olunur".
Qarabağ
xanlığını İranın tabeliyindən xilas etmək
məqsədi ilə İbrahimxəlil xanın göstərdiyi
cəhdlər - Türkiyədən kömək istəməsi
və s. haqda ön sözdə Haşım bəy yazırdı:
"1212 tarix hicridə ki Ağa Məhəmməd xan Qacar
dübarə Qarabağın üstünə gəldi.
İbrahim xan onun müqavimətinə tab gətirə bilməyib
Caru-Bəlakənə qaçdı. Ağa Məhəmməd
xan Şişə qalasını alan kimi Molla Pənah Vaqifi,
onun oğlu Əli ağanı və İbrahimxəlil xan tərəfindən
Türkiyə dövləti Qarabağ xanlığını
təhti-himayəsinə almaq müşavirəsi
üçün səfir göndərilmiş Mirzə Əli
Məhəmməd ağayı dustaq etdirdi. Vədə verdi
ki, bunları növbə ilə öldürtdürəcək.
Bu dustaq olunanlardan Mirzə Əli Məhəmməd ağayi
ki əlan Qarabağda sükunət edən Vəzirovların
cəddi idi, öldürtdü. Amma Molla Pənahla oğlunun qətli
ikinci günə təxir olundu. Lakin əz qəza həman
Mirzə Əli Məhəmməd ağanı
öldürtdürən gecəsi Ağa Məhəmməd
xanın özünü də öldürdülər. Camaat
arasında belə əştəhar tapdı ki, (şayiə
yayıldı - A.B.) Ağa Məhəmməd xanın
ölümünün ümdə səbəbi Seyid Mirzə Əli
Məhəmməd ağanın nahaq qanı oldu...
Ağa
Məhəmməd xanın vəfatından sonra xanın
(İbrahim xanın - A.B.) yerin dolandıran Mehralı bəyin
oğlu Məhəmməd bəy ki ləqəbi
Batmanqılıncdı, bir cüzi ədavət səbəbinə
Molla Pənahı və oğlu Əli ağanı
öldürtdü".
Bu sətirlərdən
bir daha aydın olur ki, Azərbaycanın ictimai-siyasi və mənəvi-mədəni
tarixi ilə bağlı hadisə və proseslər
Haşım bəy Vəzirovu daim maraqlandırmış, bir
vətəndaş kimi narahat etmişdir...
Haşım
bəy Vəzirovun publisistik fəaliyyətinə və bu sahədə
qoyub getdiyi zəngin irsə gəlincə, o,
bütövlükdə İslam dünyasını Qərb (və
rus) zülmündən, işğal və qarətindən, hər
cür böhtan, şər və alçaltmalarından
qorumağı, bunun üçün öz millət və
dindaşlarını tərəqqiyə və islam
ideyaları, onun ədalətli, humanist, saf və mükəmməl
tarixi-əxlaqi, dəyərləri ətrafında təşkilatlanmaya,
səfərbər olmağa
çağırmışdır. H.Vəzirov "Tazə həyat"
qəzetinin 1 aprel 1907-ci il tarixli 1-ci nömrəsində
"Məsləkimiz" başlıqlı proqram xarakterli məqaləsində
yazırdı: "İslam dini həqq bir dindir. Bu dini
mübin zəmanənin hər bir təqazasına
lazımınca mütabiqdir. Gərdişi-ruzigar nə qədər
dəyişilirsə də, bu dinin əsl ruhu, əsl
binası bir zərrəcə dəyişilməyir. Həm dəyişilməyir,
həm də hər bir tərəqqi və irəli getmək
ilə düz gəlir. İslam dininin bu qabiliyyətinin, bu hər
əsrin öz təqazasına görə kifayət verib əsl
ruhun dəyişdirməməyinin özü bu dinin haqq və
Allah tərəfindən məhz insanların xoşbəxtliyindən
ötrü göndərilmiş olmağına qüvvətli
bir dəlildir".
O
yazırdı ki, islam dininin insanları insanlığa, haqqa, ədalət
və tərəqqiyə, humanizm və qayğıkeşliyə,
qəhrəmanlıq və rəşadətə, elm və
maarifə və digər bəşəri duyğu və
düşüncəyə yönəltməsini, ona görə
də qısa vaxt ərzində Ərəbistan yarımadasına
sığışmayıb Asiya, Afrika, Sibir və Qafqazın
qarlı-buzlu dağlarından, Avropanın Alp
dağlarının ətəklərindən ona "Ləbbeyk"
sədaları yüksəlir, İslam anbaan tərəqqi
edir, möhkəmlənir və öz qanunları ilə
insanlığı səadətə qovuşdurur.
Bütün bunların müqabilində sonrakı dövrlərdə
tərəqqi və inkişaf tənəzzül və səfalətlə
əvəz olunmağa üz qoydu. Nə qədər sürətlə
islamiyyət tərəqqi edib irəli getmişdisə, ona bənzər
bir sürət ilə dağılmağa, tar-mar olmağa
üz qoydu" deyən H.Vəzirov onunla təsəlli
tapırdı ki, "amma əsl bina, əsl ruh özü o qədər
qüdrətlidir ki, bir bu qədər afət (burada, bəla -
A.B.), bir bu qədər təfriqə ilə genə
bugünkü günə kimi davam ediyor".
İslamiyyətin
bu davamlılığını onun kamilliyində və haqq
din olmağında görən Haşım bəy onun
işıqlı sabahına, şan-şövkətinin yenidən
parlayacağına dərin ümid və inam bəsləyir.
Ona görə hər bir kəsin darda qalan, zəlalət, fəlakət
və tənəzzülə düçar olana yardım
göstərməyə borclu olduğunu xatırladıb, nopərəst
(yenilik tərəfdarı) millətdaşlarını,
dindaşlarını islam xalqlarına yardıma səsləyirdi.
Ancaq onu da diqqətə çatdırırdı ki, biz ancaq
öz millətini sevən dargözlərdən, öz millətinin
xoşbəxtliyini digərlərinin bədbəxtlikləri
üzərində qurmağa çalışan nopərəstlərdən
deyilik, biz bütün millətlərin diriliyinə və xoşbəxtliyinə
tərəfdarıq. O yazırdı ki, "bu nəzərə
görə biz özümüzü millətpərəstlər
silkindən hesab ediriz. Biz təngceşm (darğoz - A.B.),
"ancaq mənim millətim xoşbəxt olsun, mənim millətimin
xoşbəxtliyi qeyri millətlərin bədbəxtliyində
binalansın" deyənlərdən deyiliz. Biz hamı millətlərin,
hamı insanların və onlar ilə bahəm öz millətimizin
xoşbəxtliyinin tərəfdarıyız".
H.Vəzirov
bununla yanaşı, "əvvəl evin içi, sonra
çölü" prinsipinə uyğun olaraq hər kəsin
birinci növbədə öz soydaşlarının tərəqqi
və inkişafına çalışmalı olduğunı
xatırladıb yazırdı ki, biz bu yolda "...bir yol səyimizi,
təlaşımızı, hətta diriliyimizi də buna sərf
etməyə, bu millətin arasında baş göstərən
nifaq və təfriqənin vəfaq ittihadə mübəddəl
olmağına can və mal ilə xidmət etməyə
söz veririk". Haşım bəy bu yolda
soydaşlarının hamısını eyni gözdə, eyni
mərtəbədə görür, heç bir sinfi
ayrı-seçkilik tanımırdı. Ona görə
sözünə belə davam edirdi: "Hər bir millətpərəst
üçün millətinin tək-tək şəxslərin
hamısı qiymətli bir üzvdür. Millətin hər bir
əhli-sərvət, sərmayədarın, xanın, bəyin,
tacirin, sahibmənsəbin, rəiyyətin və rəncbərin
biz millətimizdən ötrü bir mənzələdə, bərabər
bir mizanda lazım bilirik. Necə ki, millətin adına bəzi
sərfi-mal edən sahib təhnəxüvatları, həmçinin
də əlinin əməyi ilə, alnının təri ilə
çörək qazanıb millətin sərəfrazlığına
(qabağa düşməsinə - A.B.) bais olan əhli-kəşbi,
fəhlə və əkinçini biz millətimizə fəxr
hesab edirik".
Məhz
bu cəhətlərinə - millətdaşları arasında
dünyabaxışına, silkinə, təhsilinə,
hansı sinfə, əqidəyə və s. aid olmasına
baxmayaraq onları eyni gözdə görməsinə görə
sovet ideologiyası, bolşevizm tərəfindən qəbul
edilməyən, sovet humanitar elmi tərəfindən zorən
inkar edilən Haşım bəy əqli, fiziki qabiliyyəti,
maliyyə və iqtisadi imkanları olduğu halda millətə
xidmət etməyənləri də, yalandan özünü
millətpərəst göstərib yaxa yırtanları, əslində
isə millətpərəstlik maskası altında şəxsi
ambisiyalarını irəli aparmağa
çalışanları da millətin düşmənləri
hesab edirdi...
H.Vəzirovun
başlıca məqsədi millətin, islam xalqlarının
tərəqqi və istiqlalının, xoşbəxtlik və
firavanlığının daha səmərəli yolla getməsinə
yardım etmək olduğu üçündür ki,
zamanın yeni ritmini tutmağa, soydaşlarını və
dindaşlarını əsrə uyğun mənəvi, əqli,
siyasi və hüquqi keyfiyyətlərə sahib olmağa səfərbər
etməyə çalışırdı. Ona görə
bildirirdi ki: "Siyasi cəhətdən ruznaməmiz tərəqqipərəstlik
yolunda olub müsəlmanların haqqında indiyə kimi hər
nə təcavüzat və sıxıntı olubsa, onların
rəfinə çalışacaq, Rusiyada olan rus millətinə
verilən hüquq imtiyazlarin hamısını biz dəxi
öz millətimiz üçün tələb edəcəyik
və hər bir işdə bu halda dövlət dumasında
müsəlman firqəsi tutduğu məramnamə ilə
müstabiq gedəcəyik və təqazayi vəqt ilə
haman mərəmnamənin nəfdar və təbdil olmalı
yerlərin göstərib bəlkə tələb də edəcək,
dil məsələsinə gəldikdə, mümkün olan qədər
cəmaətin çoxuna aşina olmayan ləfzlərdən,
istilahlardan qaçacağıq".
Əlbəttə,
burada, "mümkün qədər cəmaətin çoxuna
aşina olmayan ləfzlərdən, istilahlardan
qaçacağıq" deyəndə Haşım bəy dil
bəsitliyindən tamam uzaq olub, sadəliyi, fikir
aydınlığını, məzmun dərinliyini, Azərbaycan
ədəbi dilinin saflaşdırılması və daha da
inkişaf etdirilməsini nəzərdə tuturdu. Ona görə
sözünə belə davam edirdi: "Əlbəttə, bu
o demək deyil ki, ruznaməmiz sırf çohan dilində olsun.
Özümüz dilimizin yaxşılaşmaq, tərəqqi
etməsi fikrində olmayaq. Xeyr!!! Ancaq bu yolda yavaş-yavaş
asandan başlayıb çətinə gedəcəyik".
Doğrudan
da H.Vəzirov redaktor və jurnalist fəaliyyətində bədii
və publisistik sözün saflığına, fikir tutumuna, səlisliyinə
və ideya-estetik dəyərlərinə məsuliyyətlə
yanaşmış, redaksiyaya şeir, felyeton adına gələn
şit və bayağı yazılara özünün məqalə
və "Keyfim gələndə"lərində tənqidi
münasibət bildirmiş, belələrini sözə məsuliyyətlə
yanaşmağa dəvət etmiş, dövrünün M.Hadi,
İ.T.Musayev, M.Ə.Sabir və digər tanınmış
istedadlı şairlərini onlara örnək göstərmişdir.
Bədii və publisistik sözə vətəndaşlıq məsuliyyəti
və tələbkarlığı ilə yanaşıb, ədəbi
dilimizi daha da inkişaf etdirmək üçün "asandan
başlayıb çətinə getmək" prinsipini əsas
tutmaqda Haşım bəyin redaktorluğu, ədəbi
zövqü ilə yanaşı, pedaqoji və metodiki səriştəsi
də mühüm rol oynamışdır.
O ki
qaldı H.Vəzirovun "ruznamələrinin siyasi cəhətinə",
"Məsləkimiz" məqaləsində elan edildiyi kimi,
onun mətbu nəşrlərində müsəlmanlara
qarşı edilən hər cür mədəni, mənəvi,
siyasi, hüquqi, maddi, iqtisadi və digər təzyiqlərə,
onlara göstərilən təhqiredici etinasızlıqlara, bəslənən
hər cürə həqarətli və məkrli münasibətlərə
qarşı barışmaz və fəal mübarizə
aparılmışdır.
"Bu
da müsəlman vəkilləridirmi?" başlıqlı məqalədə
Rusiyada yaşayan xalqların dini inancları ilə
bağlı məsələlərə baxmaq
üçün seçilən komissiyanın tərkibinin
bura (Rusiya) müsəlmanlarının mənafelərinə
tamamilə zidd olmasına, həmçinin həmin
qeyri-obyektivliyin islahı məqsədilə III Dövlət
Duması deputatlarının müsəlman fraksiyasının
verdiyi ərizəyə komissiya sədri yepiskop Povoloqinin qəzəbli
və təhqiredici bir tərzdə şovinistcəsinə
verdiyi reaksiya, cavab tənqid olunmuşdur. H.Vəzirov həmin
dini komissiyanın tərkibindəki xristian çoxluğunun və
onlara yarınan müsəlman nümayəndələrdən
birinin rus polkovniki və oktyabristlərin, əslində
rusların tərəfdarı olan Müftizadənin
(Krımdan seçilib) İslam dininə və xalqlarına
düşmən münasibət bəslədiklərini nəzərə
çatdıraraq yazırdı: "Bunda heç bir şəkk
və şübhə yeri yoxdur ki, bu keşişlər
bacarsalar, islamiyyətin Rusiyadan bir günün içində
məhv olunması yolunda mollalardan deyil, canlarından da
keçməyə hazırdırlar".
Haşım
bəy "Rusiyada hürriyyəti-vicdan
mümkündürmü?" başlıqlı məqaləsində
dumada dini etiqad azadlığı ilə bağlı qanun layihəsinin
müzakirəsi zamanı komissiya sədri keşiş
Yivluqinin səyi ilə ölkədə ancaq pravoslav dininin təbliğinə
icazə verilməsi, digər məzhəblərin isə
sıxışdırılıb zəiflədilməsi haqda
olan qərarına kəskin etiraz edir. Məqalədə belə
qənaətə gəlinir: "Nə qədər ki Rusiyada
mütləq hürriyyəti-ədyan və vicdan verilməyib,
orada əmək və imanə xəvatircəm (xatircəm -
A.B.) olmaq bir xəyali-xamdır".
Rusiyada
təkcə dini deyil, həm də milli ayrı-seçkiliyin
bütün qabarıqlığı ilə özünü
göstərməsinə "Ögey oğul" məqaləsində
rast gəlirik. Burada göstərilir ki, 1907-ci ildə ölkənin
aclıq və qəhətliyə düçar olanlarına
dövlət tərəfindən dəstək verilməsi məsələsi
müzakirə edilərkən "...Ümumrusiya qəhətzədəkanlarına
imdad etmək məsələsi kəmali-məlamət ilə
keçib, Qafqaz zədəkanlarına gəldikdə bir para
bağırtı ilə münaqişəyə meydan
açıldı". H.Vəzirov Qafqaz müsəlmanlarına
qarşı bu cür düşmən, qeyri-insani münasibət
bəsləyən millətçi siyasət adamlarının
əsl xislətlərini, şeytan sifətlərini belə təqdim
edir: "Rusiyada bir qəhətlik zühur edərsə, ya əksi
surətdə əcnəbi məmləkətlərin birində
qəhətlik olub Rusiyada firavanlıq olursa, Rusiya cəmaəti
əcnəbilərə və əcnəbilər
rusiyalılara yardım etməyi özlərinə insaniyyət
vəzifəsi bilib bacardıqları müavinətdən
çəkinməzlər. Böylə ittifaqlar az
olmadığı hamıya məlumdur". Ancaq bütün
bunların müqabilində eyni ölkənin sakinlərinin
birinə doğma, digərlərinə ögey və
düşmən münasibətinin insanlıqdan kənar
olduğunu bildirir. H.Vəzirov Qafqaz müsəlmanlarını
bu cür adamların (siyasətçilərin) təkcə
maddi cəhətdən deyil, həm də mənən
müflisləşdirib onların tənəzzülünə
çalışmalarına dair belə bir fakta diqqəti cəlb
edir ki, dövlət dumasında "...Qafqazın nəinki
maddi zindəganlığına, hətta mənəvi həyatına
da bir dairə çəkib oranı mənəviyyat cəhətinə
də müflis etmək fikrinə düşürlər. Həman
məclisdə izhar olunub ki, Qafqazdan ali məktəblərdə
oxuyan uşaqlara dövlət müstəmərisi (stipendiya) həddən
ziyadə verilir və bunun azalmasını təsbit etmək təklif
olunub". Haşım bəy bu cür adamlarda Qafqaz müsəlmanlarına
qarşı necə kin və küdurət olduğuna diqqət
cəlb etməklə yanaşı, bildirir ki, əslində,
"Qafqaz uşaqlarının", yəni azərbaycanlı
müsəlmanların bu cür dövlət təqaüdünün
hazırkı məbləğindən 10 qatdan da çox
artığına ethiyacları vardır... Ona görə də
o, "Bakı dövlətlilərinə açıq məktub"unda
onları maliyyə çətinliyi ucbatından gimnaziyanı
tərk etmək məcburiyyətində qalan millət
balalarına maddi dəstək verməyə
çağırırsa, "Müsəlman müəllimlərinə
açıq məktub"da Azərbaycan müəllimlərinin
boynunda hazırda çox böyük tarixi vətəndaşlıq
məsuliyyəti durduğunu xatırladaraq, onları milli
müqəddəratımızın uğurlu gələcəyi
naminə hər cəhətdən səfərbər
olmağa çağırırdı.
(ardı var)
Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru,
professor
Azərbaycan.-
2011.- 22 iyul.- S.6.