Ucalığa qovuşan illər

 

Əlinə qələm aldığı gündən könlünü sözə elə bağladı ki, illər gəncliyini qocalığa - əslində, ucalığa qovuşdursa da, şehli arzularına zərrəcə qırov da düşmədi. Həmişəki şövqlə, həvəslə, əqidə və amalla, ən başlıcası, peşəkarlıqla, jurnalistikaya böyük sevgi ilə yazıb-yaratdı. Min bir diqqət və zəhmətlə hördüyü söz mülkünün hər bir "kərpic"ində ömrünün mənasını naxışladı. Yazılarının coğrafiyası da çox genişdir. Müsahibə aldığı, yaxud da haqqında yazdığı insanların adları bəs edər ki, biz müəllifinin hansı zəkaya, biliyə malik olduğundan, maraq dünyasından, mövzu seçmək qabiliyyətindən, sual vermək səriştəsindən, qəhrəmanını danışdırmaq məharətindən xəbər tutaq. Fərəhlidir ki, bu şəxsiyyətlər həm də elmin hər kəsə nəsib olmayan zirvəsini fəth ediblər. Məsələn, dünya kosmonavtikasını yeni mərhələyə qovuşduran Kərim Kərimov, texnika elmləri doktoru Tofiq İsmayılov, neftçi-alim Həsən Abdullayev, akademiklərdən İmam Mustafayev, Nəriman Quliyev, Akif Əlizadə, İzzət Orucova, oftalmoloq Ümnisə Musabəyova, unudulmaz Hüseyn Cavid, xalq artisti Hökümə Qurbanova və onlarla başqalarını bu məqalələrdə həm yaxından tanıyır, həm də müəllifin üslubuna, özünəməxsus yazı tərzinə bələd oluruq. Bu mənada, Azərbaycan milli mətbuatının yaranmasında, inkişafında xidməti olan qadın jurnalistlərimizin iftixar doğuran fəaliyyətinin sırasında öz yeri var Ülkər xanım Hüseynovanın...

O, 1937-ci ildə Şəkidə anadan olub. 1955-ci ildə Bakıdakı Hüseyn Cavid adına 132 nömrəli orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1966-cı ildən bu günədək "Elm və həyat" jurnalında çalışır. Ötən illər ərzində şöbə müdiri, redaktor müavini, baş redaktor vəzifələrini ləyaqətlə yerinə yetirmiş Ülkər xanım hazırda jurnalın redaktor müavinidir. Bu müddət ərzində elmin müxtəlif sahələrindən bəhs edən yüzlərlə yazının müəllifi olan Ülkər Hüseynova həm də müntəzəm və səmərəli şəkildə tərcümə ilə məşğuldur. Bütün varlığı ilə bağlandığı jurnalın səhifələrində onun tərcüməsi ilə işıq üzü görən elmi yazılar həmişə aktual və gərəkli mövzulardan bəhs edir.

Azərbaycanın mətbuat və maarifçilik tarixində özünəməxsus yeri olan "Elm və həyat" jurnalının bu il 50 yaşı tamam oldu. Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin maarifçilik ənənələrini uzun illər və ləyaqətlə davam etdirən bu gərəkli nəşrin yaşamasında Ülkər Hüseynovanın əməyi böyükdür. Bu faktdır ki, jurnalın bütün ağırlığı demək olar ki, bu xanımın zərif çiyinlərindədir. Məhz onun əməyinin sayəsində jurnalda tarix, ədəbiyyat, etnoqrafiya ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və s. elm sahələrinə aid yazılar da oxucuların müzakirəsinə təqdim edilməkdədir. Filologiya elmləri doktoru, professor İfrat Əliyeva vaxtilə bir məktəbdə oxuduğu sinif yoldaşı barəsində qələmə aldığı məqalədə yazır: "Ülkər xanım özünün savadı, mühakiməsi, qavrama qabiliyyəti ilə çoxumuzdan fərqlənirdi. O, bütün fənləri eyni məhəbbətlə sevir, sinif yoldaşlarından fərqli olaraq, çoxlu bədii və tarixi əsərlər oxuyardı... Ülkərin iti qələminə məktəb illərindən bələd idim. Sevinirəm ki, uzun illər "Elm və həyat" jurnalında müxtəlif vəzifələrdə çalışan uşaqlıq rəfiqəm gözəl tərcüməçi, böyük dünyagörüşə və intellektə malik olan jurnalist kimi bir zirvəyə yüksələ bildi".

Ülkər xanımla ilk dəfə müsahib olanlar öncə onun insanlarla davranış mədəniyyətinə, nəzakətinə, mehribanlığına diqqət kəsilirlər. Yaradıcılığına bələd olanlar isə zəhmətkeşliyinə, hünərinə, gecə-gündüz yorulmadan çalışmağına vurğundurlar. Bu illər ərzində təvazökar şəkildə yazıb-yaradan, yalnız öz işi ilə məşğul olan Ülkər Hüseynova Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Heydər Əliyev və Azərbaycan kimya sənayesi", "Qeyri-səlis məntiqin atası ilə həyatım və səyahətlərim" adlı kitabları rus dilindən Azərbaycan dilinə tərcümə edib. "Elm və həyat"ın işığında", "Mənim fəxrim - məktəbim" kitablarının müəllifidir. 1999-cu ildə Açıq Cəmiyyət İnstitutunun keçirdiyi müsabiqənin qalibi olmuş və həmin institut ilə Rusiya Federasiyası Təhsil Nazirliyinin birgə layihəsi əsasında hazırlanan yeni nəsil üçün tədris ədəbiyyatlarının tərcüməçisi və redaktorlarından biri olmuşdur. "Qızıl qələm" mükafatçısı Ülkər Hüseynova "Elm və həyat" jurnalındakı səmərəli fəaliyyətinə görə də bir sıra fəxri fərman və diplomlarla təltif olunub.

Maraqlı cəhət odur ki, Ülkər Hüseynova mətbuat xadimi, çoxumuzun müəllimi olmuş, bu gün də tədqiqatçılığını yorulmadan davam etdirən Şirməmməd Hüseynovun həyat yoldaşıdır. 1959-cu ildən qoşa ömrün qanadına çevrilmiş bu fədakar insanlar bütün hallarda örnəkdirlər. "Şirməmməd mənim müəllimim olub. Moskvada ali təhsil alıb gəlmişdi. Yarım əsrdən çoxdur ki, bir yerdəyik. İki gözəl övladımız var. Bütün bunlara baxmayaraq, Şirməmməd mənim üçün həmişəlik müəllim olaraq qalıb. Həyat yoldaşlığından çox mən ona mətbuat cəfakeşi, müəllimim kimi rəğbət bəsləyirəm. Çox çalışqan və fədakardır", - söyləyən Ülkər xanımın fikrini davam etdirmək üçün "siz, əslində, mətbuatımızın qoşa qanadısınız", - dedim. Qəribə bir gileylə, amma səmimiyyətlə cavab verdi: "Nə danışırsınız? Mənim Şirməmmədin səviyyəsinə çatmağım mümkün deyil! Bizim əməyimizi eyniləşdirməyin. O çox böyük və fədakar mətbuat xadimidir". Bu, həm həyat yoldaşının - qadının, ananın, həm də uzun illər mətbuatda cəfakeşlik etmiş peşəkar bir jurnalistin öz müəlliminə verdiyi dəyərli qiymət və səmimi etiraf idi.

Ülkər Hüseynovanın insanı valeh edən məziyyətləri çoxdur. Hər şeydən əvvəl milli təəssübkeşliklə yazıb-yaradan, sözün həqiqi mənasında, qələmə bağlı olan bir xanımdır. Azərbaycan mətbuatında zəhmətləri olan qadın jurnalistləri məhəbbətlə xatırlayır. Xədicə Əlibəyovadan, Şəfiqə Əfəndizadədən, Sona Tağıyevadan, Umgülsümdən, Həmidə Cavanşirdən, Xalidə Hasilovadan, Əzizə Cəfərzadədən... özünəməxsus məhəbbət və ehtiramla danışır. Bu gün jurnalda onunla çiyin-çiyinə çalışan həmkarlarından Mehparə Axundovanın, Maral Poladovanın fədakarlığından söz açır. Bütün varlığı ilə "Elm və həyat" jurnalına bağlanan Ülkər xanım söyləyir: "Mən jurnalda əməkdaşlığa başlayanda "Elm və həyat" demək olar ki, artıq öz mövqeyini, üslubunu müəyyənləşdirmişdi. Jurnala həmin illərdə Rza Şahvələd rəhbərlik edirdi. İlk redaktoru akademik Abdulla Qarayev olub. Sonrakı illərdə Həsən Mehdiyev, Aydın Səlimzadə, arada mən, indi akademik Mahmud Kərimov rəhbərlik edirlər. Jurnal həmişə alimlərimizin tribunası olub. Yadımdadır, akademik Həsən Əliyevin coğrafiyaşünas-alim kimi ilk yazısı da məhz bizim jurnalımızda çap olunub. O, ildə iki-üç dəfə jurnalda aktual mövzularda çıxış edərdi. Tez-tez də xarici ölkələrə elmi ezamiyyətlərə gedər və qayıtdıqdan sonra öz təəssüratını jurnalımızın oxucuları ilə bölüşərdi. Təsəvvür edirsiniz, bizim jurnalın bədii tərtibatını uzun illər SSRİ xalq rəssamı Mikayıl Abdullayev verib. Biz onun dəst-xəttini bu gün də saxlamağa çalışırıq. Hətta bu unudulmaz rəssamın çəkdiyi bir sıra portretlər - Cəlil Məmmədquluzadənin, Molla Pənah Vaqifin, İmadəddin Nəsiminin və başqalarının portretləri ilk dəfə "Elm və həyat"ın üz qabığında çap olunmuşdur. Şair Bəxtiyar Vahabzadə də jurnalımızla fəal əməkdaşlıq edərdi. Dövlət müstəqilliyimizi qazandıqdan sonra rəhmətlik Mahmud İsmayılovun və Məmməd Cəfərin silsilə yazılarını dərc etdik. Jurnalımızın səhifələrində alimlərlə yanaşı, Azərbaycanın bir çox tanınmış jurnalistləri də öz qələmlərini sınayaraq xeyli müddət bizimlə bir redaksiyada çalışıblar. Rasim Səfərov, Ələsgər Cabbarov, Rafiq Əhmədov, Aqil Abbas, Eldar Nəsibli, Rəşad Məcid, Arif Quliyev, Məhəbbət Hüseynova və başqalarının adlarını qeyd edə bilərəm. Nəşrə başladığı vaxtdan bu günədək 5 minə qədər Azərbaycan aliminin məqaləsini dərc etmiş "Elm və həyat"ın 445 sayı işıq üzü görüb. Artıq 50 yaşını arxada qoyan jurnal yenidən dirçəliş dövrünü yaşayır. Biz jurnalın yaşaması, əvvəlki kimi sevilməsi üçün əlimizdən gələni edirik" - deyən Ülkər xanımın gözləri nəmləndi.

O, bir məsələni də qeyd etməyi unutmadı. Belə ki, Ülkər Hüseynova hələ 1969-cu ildə "Elm və həyat" jurnalında təmiz hava problemi ilə bağlı həyəcan təbili çalmışdı. Bəşəriyyəti hava çatışmazlığından xilas etmək üçün elmin qarşısında duran ən mühüm problemlərə toxunmuşdu. Məsələ budur ki, vaxtilə Ülkər xanımın vətəndaş yanğısı ilə diqqətə çatdırdığı problem bu gün də aktualdır. İndi havanın çirklənməsinə qarşı mübarizəyə bütün dünya diqqət yetirməkdədir. Paytaxtımızı ürəkdən sevən həmkarımızın bir fikri də riqqət doğurdu: "Bakı çox dəyişib. Elə gözəlləşib ki, tanımaq olmur. Bunu qeyd etməmək, görməmək insafsızlıqdır, amma..." Müsahibimiz sussa da, ürəyindən keçənləri duymamaq mümkün deyildi. Şəhərimizi bütövlükdə tikinti meydanına bənzətmək olar. Burada küçələrin adlarını çəksək, uzun bir siyahı yaranar. Müxtəlif təşkilatlar, qurumlar eyni vaxtda qazıntıya başlayıblar. Ünvanlar müxtəlif olsa da, görünən abadlıq işlərinin ümumi mənzərəsində məsələ eynidir: sistemsizlik və məsuliyyətsizlik. Dünyanın çox yerində tikinti işləri gedir. Amma planlı və səliqəli şəkildə. Ən azından müxtəlif örtüklər, qoruyucular olmalıdır ki, ətrafda narahatlıq yaratmasın. Bir yeri düzəldəndə, başqa bir ərazinin çirklənməsinə, ətrafın toza bürünməsinə səbəb olmasın. Ekologiyaya zərbə belə dəyir.

O bu redaksiyanın qapısını açanda çox gənc, jurnalın də cəmi beş yaşı var idi. İndi "Elm və həyat" da yaşlanıb, Ülkər xanım da. Amma fərəh doğuran fakt budur ki, mətbuat tariximizdə də, həyatımızda da ən yüksək mərtəbədə, halal yerlərində ləyaqətlə dayanıblar.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 22 iyul.- S.6.