Jurnalistikamızın təşəkkülü
Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun dəstəyi ilə "Azərbaycan mətbuat tarixi
antologiyası"nın ikinci cildi işıq üzü
görüb. Kitabda Azərbaycan mətbuatı və
jurnalistikasının inkişafı tarixini və onun elmi-nəzəri
prinsiplərini əks etdirən materiallar toplanıb. Azərbaycanın
ictimai-mədəni həyatı, sosial-siyasi təkamülü,
demokratikləşmə, söz azadlığı, vətəndaş
cəmiyyəti və müstəqil dövlət uğrunda
mübarizədə əsaslı rol oynayan mətbuat və
jurnalistikanın təşəkkülü və
inkişafını işıqlandıran antologiya həm
mütəxəssislər, tələbələr, həm də
geniş oxucu kütləsi üçün nəzərdə
tutulub.
Yeni
nəşrin ilk səhifəsi Azərbaycan ədəbiyyatı
və mətbuatı tarixinin ən çox rəğbət
qazanmış şəxsiyyətlərindən biri sayılan
Cəfər Cabbarlının "Mətbuat və ictimai həyat"
məqaləsi ilə açılır. Şair, nasir,
dramaturq, tərcüməçi, kinossenarist və həm də
publisist kimi tanınan Cəfər Cabbarlı mətbuata
yüksək dəyər verərək ötən əsrin əvvəllərində
yazırdı: "...Həyat tərəqqisiz yaşamayaz. Qəzet
bu vaxtadək ("Kommunist" qəzeti nəzərdə
tutulur - F.X.) göstərdiyi ciddiyyət və qüvvəti
artırıb genişləndirməli, xalqımızı
parlaq tərəqqi və təkamül yoluna sövq etməlidir".
Ötən
əsrdə yaşayıb yaratmış qələm sahiblərinin
əksəriyyəti həm bədii yaradıcılıqla, həm
də publisistika ilə məşğul olub. Xalq
yazıçısı Mehdi Hüseynin çoxsaylı məqalələri
bu mənada diqqət çəkir. Antologiyada onun
"Azadlıq eşqi ilə" adlı məqaləsi
oxuculara təqdim edilib. 1948-ci ildə yazılmış bu məqalədə
müəllif Mirzə Fətəli Axundovun, Cəlil Məmmədquluzadənin,
Səməd Vurğunun, Məmməd Səid Ordubadinin, Mirzə
İbrahimovun və başqalarının həm ədəbiyyatda,
həm də mətbuatda xalqın mənəvi qüdrətini,
mübarizə və qələbə eşqini, inam və ifadəsini
əks etdirən əsərlər yazdığını rəğbətlə
qeyd edib.
1937-ci
il repressiyasının qurbanı Əli Nazim ötən əsrin
iyirminci illərində mükəmməl və səmərəli
yazıb-yaratmış, milli mətbuat tarixinə çox dəyərli
elmi-tənqidi və publisistik əsərlər bəxş
etmişdir. Antologiyada da bu unudulmaz publisistin bir neçə
yazısı oxucuların diqqətinə
çatdırılıb. Dövri mətbuatla ardıcıl əlaqə
saxlayaraq Azərbaycan mətbuatının inkişafında
özlərinə məxsus rolu olan Hənifə Zeynallı, Məmməd
Cəfər Cəfərov, Əziz Mirəhmədov, Kamal
Talıbzadə, Nazim Axundov, İslam Ağayev kimi dəyərli
mətbuat araşdırmaçılarının da
yazıları bir daha oxucuların ixtiyarına verilib.
Antologiyanın
məziyyətlərindən biri də müasir mətbuat tədqiqatçılarının
yazılarının bu nəşrdə yer almasıdır.
Şirməmməd Hüseynov, Yalçın Əlizadə,
Elçin Əfəndiyev, Vilayət Quliyev, Bəxtiyar
Sadıqov, Şamil Vəliyev, Nəsiman Yaqublu, Asif Rüstəmli,
Qərənfil Dünyaminqızı, Aygün Əzimova və
başqalarının mətbuat tarixi və onun bir sıra
problemləri ilə bağlı qələmə
aldıqları yazılar öz aktuallığı, yazı
üslubu və orijinallığı ilə diqqət çəkir.
Antologiyada
Azərbaycan mətbuatının fəaliyyət göstərdiyi
coğrafi ərazi də unudulmayıb. Tədqiqatçı
Rasim Məmmədov Azərbaycan milli mətbuatının
yaranması və inkişafı, onun yeni məna kəsb etməsi
ilə əlaqədar Tiflis ictimai-ədəbi mühiti barədə
maraqlı araşdırmalar aparıb. Məlum olur ki,
1918-1921-ci illərdə Tiflisdə Azərbaycan dilində 8-dən
çox qəzet və jurnal buraxılmışdır. Arxiv sənədlərinə
və mətbuat materiallarına istinadən müəllif bu mətbu
orqanların siyahısını verərək onlar haqqında
oxuculara müfəssəl məlumat çatdırıb.
Doğrudur, haqqında söhbət açılan qəzet və
jurnalların bəzilərinin nüsxələri tamam itib-
batmış, bəziləri də çox yararsız vəziyyətə
salınmışdır.
Elmi
işçi Pərvanə Məmmədli isə Güney Azərbaycanın
mətbuat tarixinə nəzər salaraq XIX əsrin ikinci
yarısında həm Quzeydə, həm də Güneydə
meydana çıxmış mətbuat orqanları barədə
oxuculara məlumat verir. Tədqiqatçı "Molla Nəsrəddin"
jurnalının Cənubi Azərbaycandakı nəşri ilə
də bağlı ətraflı tədqiqat aparıb. Müəllifin
qənaəti də düşündürücüdür:
"Vaxtilə "Molla Nəsrəddin" jurnalının
da qeyd etdiyi kimi, İranın möhkəmlənməsində
və tərəqqisində əsas rol oynayan, yeri gələndə
canını belə əsirgəməyən azərbaycanlılar
bu gün öz hüquqları uğrunda yorulmadan mübarizə
aparırlar. Bu müqəddəs işdə çətinliklərlə
nəşr edilən hər bir mətbuat nümunəsinin adicə
bir sayının da böyük siyasi, mədəni əhəmiyyəti
vardır".
Antologiyada
"Azərbaycan Respublikasında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Konsepsiyası", ümummilli lider Heydər Əliyevin 2002-ci
ildə jurnalistlərə ünvanladığı nitqi, Azərbaycan
Milli Mətbuatının 135 illiyi ilə əlaqədar
Prezident İlham Əliyevin çıxışı
verilmişdir. Ölkə başçısının
söylədiyi kimi "...Bizim mətbuatımız
böyük və uğurlu yol keçibdir. Əlbəttə
ki, problemlər də var... Bizim ümumi məqsədimiz ondan
ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli
şəkildə inkişaf etdirək, müasir dövlətə
çevirək, dünyada mövcud olan bütün mütərəqqi
təcrübəni tətbiq edək, insanların bütün
azadlıqlarını təmin edək, hüquqi dövlət
quruculuğu işində daha da böyük addımlar
ataq". Bu hər bir mətbuat işçisinin devizi
olmalıdır.
"Azərbaycan
mətbuat tarixi antologiyası"nı nəşrə
hazırlayanı və elmi redaktorları Şamil Vəliyev və
Nəsiman Yaqubludur.
F.XƏLİLZADƏ
Azərbaycan.- 2011.- 22 iyul.- S.6.