Türkiyəli jurnalistlər
Şamaxıda Türk şəhidliyi kompleksində və
Cümə məscidində olmuşlar
Azərbaycanda
səfərdə olan Türkiyənin aparıcı kütləvi
informasiya vasitələrinin nümayəndələri
Bakı-Şamaxı yolu yaxınlığında yerləşən
Türk şəhidliyi kompleksini ziyarət etmişlər.
Türkiyəli
jurnalistlər Türk şəhidliyi kompleksindəki məzarın
üzərinə gül dəstələri düzmüşlər.
Milli
Məclisin deputatı Qənirə Paşayeva qonaqlara Azərbaycanın
istiqlal mübarizəsi, Qafqaz İslam Ordusunun köməyi ilə
torpaqlarımızın bolşevik və daşnak qüvvələrindən
azad edilməsi, bu ərazidə gedən döyüşlər
və şəhidlik kompleksinin tarixi barədə məlumat
vermişdir. Bildirmişdir ki, burada 1918-ci ildə Azərbaycan
torpaqları uğrunda canından keçmiş Qafqaz İslam
Ordusunun minbaşısı (mayoru) İzzət Əfəndi dəfn
edilmişdir.
Şamaxı
Rayon İcra Hakimiyyəti başçısının
müavini Əşrəf Şükürov qeyd etmişdir ki,
ötən əsrin 30-cu illərində buradakı məzarın
bərpasına cəhd göstərən Şamaxı sakini
ailəsi ilə birlikdə güllələnmişdir.
Bildirilmişdir ki, xalqımızın ümummilli lideri Heydər
Əliyev 1970-ci illərdə məzarın
dağıdılması ilə bağlı göstərilən
cəhdlərin qarşısını qətiyyətlə
almışdır.
Sonra
türkiyəli jurnalistlər 1918-ci ildə Şamaxıda erməni
daşnakları tərəfindən törədilmiş
soyqırımının izlərini hələ də
özündə saxlayan Cümə məscidində
olmuşlar. Məlumat verilmişdir ki, 1918-ci il
qırğınları zamanı qətlə yetirilən
şamaxılılardan min nəfəri Cümə məscidinə
doldurularaq yandırılıb məhv edilmişdir. Həmin
faciəni sübut edən yanıq izləri hələ də
məscidin divarlarında qalır.
Görüşdə
iştirak edən Türkiyənin "Radikal",
"Hürriyyət", "Todays Zaman", "Zaman",
"Milliyyət" və "Haber Türk" kimi
nüfuzlu qəzetlərinin nümayəndələri ətraflı
məlumata görə təşəkkürlərini
bildirmiş, eşitdiklərini və gördüklərini
insanlıq əleyhinə dəhşətli cinayət kimi qiymətləndirmişlər.
Azərbaycan.-
2011.- 22 iyul.- S.3.