Xəzər neftçiləri
"Qum-dəniz" yatağı sahilə
nisbətən yaxın, "Bahar" isə Xəzərin
ortasındadır. Onları
ümumiləşdirib, sadəcə, "Qum
adası" da deyirlər. Ola bilsin bu
yataqları istismar edən idarənin Qum adasında yerləşdiyi, bəlkə də
əvvəllər həmin müəssisənin adının da məhz belə olduğu
üçün. İndi
isə idarə Bahar Enerji
Əməliyyat Şirkəti adlanır.
Estakadalar baş alıb dəniz boyu uzanır. Bir topa boru kəməri onlarla sanki qoşa
yol gedir. Borular sarı, narıncı, ağ
rəngdədir. Nabələd insan üçün bu, yalnız bir mənzərədir.
Neftçilər isə
nefti, qazı, kondensatı, lay suyunu nəql edən kəmərləri bir-birindən
dərhal seçirlər.
Estakadalar boyu irəlilədikcə
vaxtaşırı qarşıya
çıxan buruqlar,
bu buruqların yerləşdiyi meydança
adlanan ərazilər də sanki bir-birindən
fərqlənmir. Amma əslində
belə deyil. Hər birinin özünün quyuları, hasilat həcmi, "yaşı",
"tərcümeyi-halı", nəhayət, işçiləri
var.
Bu işçilərin
adları və soyadları, peşə və vəzifələri
müxtəlifdir. Lakin onların
hamısı Xəzər
neftçisinin ömrünü
yaşayır. Xəzər
neftçisi olmaq isə qasırğalara sinə gərmək, dənizlə güc yarışına girmək,
suyun dərin qatlarından damla-damla
"qara qızıl"
çıxarmaq deməkdir...
Azərbaycan.-2011.-24 iyul.-S.1.