"Mən Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin iştirakçıları Strateji Araşdırmalar Mərkəzində olmuşlar

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov iyulun 23-də Strateji Araşdırmalar Mərkəzində (SAM) "Mən Azərbaycan haqqında nə bilirəm?" müsabiqəsinin iştirakçıları ilə görüşmüşdür.

E.Aslanov qonaqlara müstəqillik əldə etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat vermişdir. Ölkəmizin zəngin enerji resurslarına malik olduğunu vurğulayan şöbə müdiri demişdir ki, indi Azərbaycan təkcə regionun deyil, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

Azərbaycanda həyata keçirilən gənclər siyasəti, qəbul olunmuş dövlət proqramları, qanunlardan da söz açılmış, hər il gənclərin dövlət vəsaiti hesabına xaricdə təhsil almağa göndərildiyi bildirilmişdir.

Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ermənilərin apardıqları etnik təmizləmə siyasəti, işğal etdikləri ərazilərdə tarixi-mədəni abidələri dağıtmaları barədə ətraflı məlumat verilmişdir.

E.Aslanov vurğulamışdır ki, atəşkəs rejimi olmasına baxmayaraq, ermənilər hər gün cəbhə xəttində təxribatlar törədirlər.

Şöbə müdiri ermənilərin azərbaycanlı uşaqlara qarşı törətdikləri vəhşilikləri konkret faktlarla qonaqların diqqətinə çatdırmışdır.

Demişdir ki, müsabiqənin əsas məqsədi xarici ölkələrin tələbələri arasında Azərbaycan haqqında məlumatlılığı artırmaq, gənc elmi işçilərin ölkəmizi yaxından öyrənmələrinə, gələcək elmi-tədqiqat fəaliyyətlərinə kömək göstərməkdir.

Müsabiqəyə təqdim olunan 350-dən çox təhlil olunmuş, məlumatların və mənbələrin düzgünlüyünə xüsusi diqqət yetirilmişdir.

2010-cu ilin dekabrından 2011-ci ilin mayına kimi davam edən müsabiqə əsasən "Heydər Əliyev: Azərbaycan xalqının ümummilli lideri", "Qarabağ münaqişəsinin reallıqları", "Azərbaycanın iqtisadi inkişafı", "Azərbaycanın neftqaz strategiyası", "Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti" və digər tematik mövzuları əhatə etmişdir.

Görüşdə müsabiqədə qalib gəlmiş 8 ölkədən 75 nəfər iştirak etmişdir. Qaliblər 35 universiteti, 3 akademiyanı, 3 liseyi və 3 kolleci təmsil edirlər.

 

 

Azərbaycan.-2011.-24 iyul.-S.2.